"Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər" mövzusunda təlim keçirilib

Yanvarın 24-də media nümayəndələri üçün "Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər" mövzusunda təlim keçirilib. Dövlət Gömrük Komitəsi və Medianın İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 40-a yaxın media qurumunun nümayəndəsi iştirak edib. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov çıxış edərək bildirib ki, təlimin məqsədi Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatlar çərçivəsində tətbiq edilən yeniliklər, layihələr və dəyişikliklərlə bağlı jurnalistlərin məlumatlandırılmasıdır. MEDİA Agentliyi ilə birgə təşkil etdiyimiz bu tədbir həm də gömrük-media əlaqələrinin daha da gücləndirilməsində, sahəvi jurnalistikanın inkişafında, media nümayəndələrinin gömrük sahəsindəki biliklərinin artırılmasında mühüm rol oynayacaq.

Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova bildirib ki, ölkənin müxtəlif orqanlarında gerçəkləşdirilən islahatlar barədə məlumatların cəmiyyətə düzgün çatdırılması, müxtəlif hədəf qruplarının bu sahədə baş verən dəyişikliklərin məzmun və mahiyyətindən zamanında xəbərdar olması, bu xüsusda dövlət qurumlarının media subyektləri ilə peşəkar əməkdaşlığının gücləndirilməsi Medianın İnkişafı Agentliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. MEDİA Agentliyi olaraq jurnalistlərin sahəvi biliklərinin artırılması məsələlərinə xüsusi önəm veririk və Dövlət Gömrük Komitəsi ilə birgə keçirilən bu təlimin faydalı olacağına əminik.

Təlim çərçivəsində Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən gömrük sahəsində risklərin idarə edilməsi, informasiya texnologiyalarının tətbiqi, hüquqpozmalarla mübarizə, fiskal fəaliyyət, "Yaşıl Dəhliz" buraxılış sistemi, avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesindəki dəyişikliklərə dair təqdimatlar nümayiş etdirilib. Eyni zamanda, Medianın İnkişafı Agentliyinin mütəxəssisləri "Media islahatları: əsas hədəflər" mövzusunda təqdimatla çıxış ediblər. Təlim çərçivəsində ​jurnalistlərin Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postuna səfər ediblər. Səfər zamanı jurnalistlər gömrük sistemində tətbiq edilən yenilikləri əyani şəkildə müşahidə etmək imkanı əldə ediblər.

"Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər" mövzusunda təlim öz işini yanvarın 25-də davam etdirib. Təlimin sonuncu günündə DGK Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı "Qaçaqmalçılıqla mübarizədə əldə olunan nailiyyətlər" adlı təqdimatla çıxış edib, gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində görülən işlər və nəticələr barədə danışıb. DGK Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi rəisinin müavini Əsgər Məmmədov isə "Avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesindəki dəyişikliklər" mövzusunda təqdimatla çıxış edib. Sonra mövzularla bağlı jurnalistlərin sualları cavablandırılıb. Təlimin bağlanış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov iştirakçıları Komitə rəhbərliyi adından salamlayaraq Medianın İnkişafı Agentliyi ilə Dövlət Gömrük Komitəsinin birgə təşkil etdiyi tədbirə qatılan jurnalistlərə təşəkkürünü bildirib. Qeyd olunub ki, milli mətbuatın inkişafı, söz və informasiya azadlığının təmin olunması sahəsində təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Məhz dövlət başçısının və birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyəti, qayğısı sayəsində media qurumlarına, jurnalistlərə hərtərəfli dəstək göstərilir, bu sahənin inkişafı üçün layihələr, xüsusi proqramlar həyata keçirilir. İsmayıl Hüseynov yaxın günlərdə bir yaşını qeyd edən Medianın İnkişafı Agentliyinin qısa dövr ərzindəki səmərəli fəaliyyətindən danışıb, milli mətbuatın üzərinə düşən çətin və şərəfli missiyanı uğurla yerinə yetirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi zamanı informasiya cəbhəsində qazanılan nailiyyətlərdə medianın rolu bunun parlaq örnəyidir. DGK sədrinin birinci müavini Azərbaycan gömrük xidmətinin də media qurumları və jurnalistlərlə münasibətləri şəffaf, səmərəli və işgüzar müstəvidə qurmağa çalışdığını, xüsusilə də son 4 ildə gömrük-media münasibətlərində yeni dövrün başladığını diqqətə çatdırıb. Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatların mahiyyətinin, gömrük orqanlarının fəaliyyəti haqqında doğru, düzgün məlumatların geniş ictimaiyyətə çatdırılmasında medianın roluna toxunan İsmayıl Hüseynov bu istiqamətdə Komitəyə göstərilən dəstəyə, peşəkar yanaşmaya görə təşəkkürünü ifadə edib. Sonra Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli çıxış edərək bildirib ki, bu tədbir sahəvi jurnalistikanın formalaşmasında mühüm əhəmiyyət kəsb edir və jurnalist araşdırmalarında ilkin mənbədən alınan bu məlumatlardan geniş istifadə olunacaqdır. Dövlət Gömrük Komitəsinin media savadlılığı istiqamətində fəaliyyətini yüksək qiymətləndirən şöbə müdiri bunu nümunəvi fəaliyyət kimi xarakterizə edib. Daha sonra təlimdə iştirakçıların əldə etdikləri biliklərin qiymətləndirilməsi aparılıb və fərqlənən jurnalistlər mükafatlandırılıb. Təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar da təqdim olunub.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31