Vətənpərvərlik, vətən sevgisini suya, çörəyə olan tələbat kimi övladlarımıza aşılamalıyıq

İstiqamət: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Vətənpərvərlik, vətən sevgisini suya, çörəyə olan tələbat kimi övladlarımıza aşılamalıyıq

Tünzalə Cavadova: "Gənclərimizin vətənpərvərlik ruhunda böyüdüyünün 44 günlük müharibə zamanı şahidi olduq"

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması bütün dövrlər üçün aktual olub. Müəyyən zaman kəsimində bu prosesə az və ya çox dərəcədə diqqət ayrılıb, yaxud böhran illərində gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi tamamilə arxa plana keçib. Bəs görəsən günümüzdə bu sahədə mövcud vəziyyət hansı səviyyədədir? Bu məsələ ilə bağlı Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin sədri Tünzalə Cavadova ilə söhbətləşdik.

-Tünzalə xanım, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və onların vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən dövlət siyasətini necə qiymətləndirirsiniz?

-İnsanın şəxsiyyət kimi yetişməsində mühitdən əvvəl ailənin rolu çox böyükdür. Uşaq ilk olaraq göz açdığı ailədə tərbiyə alır. Düzgün tərbiyələndirmək, yaxşı keyfiyyətləri öyrətməklə yanaşı, vətənə, dövlət atributlarına, milli-mənəvi dəyərlərimizə sadiqlik hissi uşağa kiçik yaşlarından, ilk növbədə ailədə aşılanmalıdır. Azərbaycan milli düşüncəsində ailə kiçik dövlət modeli kimi qəbul edilir və müqəddəs sayılır. Böyüklərə hörmət və ehtiram, uşaqlara sevgi, diqqət və qayğı milli-mənəvi dəyərlərimizin əsasını təşkil edir və bütün bunlar ailədən başlayır.  Gənc nəslin milli ruhda tərbiyə olunmasında ailədən sonra məktəbin rolu böyükdür. Qısaca desək, ailə və məktəb əlaqəli işləməlidir.

Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır". 

Tariximizə nəzər salsaq görərik ki, elimizin, obamızın ən gözəl ənənlərindən biri də torpağa, ana yurda, vətənə bağlılıq, xalqımızı zaman-zaman yadelli işğalçılardan  qorumaq, vətən üçün candan keçmək olmuşdur. Elə buna görə də xalqımızın vətən uğrunda, torpaq uğrunda canından, qanından keçən saysız-hesabsız, unudulmaz qəhrəmanları olmuşdur. Fikrimcə biz gənclərimizin doğrudan da vətənpərvərlik ruhunda böyüdüyünün 44 günlük müharibə zamanı da şahidi olduq. Üç minə yaxın şəhidin böyük əksəriyyəti otuz yaşa qədər gənclərimiz oldu. Bəs bu vətənpərvərlik hissini onlara kim aşılamışdı. Əlbəttə ailə, məktəb və onların ruhundakı Vətən sevgisi. Deməli, vətənpərvərlik, vətən sevgisi və bu kimi ifadələri, bu ali duyğunu suya, çörəyə olan tələbat kimi övladlarımıza aşılamalıyıq.

Məşhur rus pedaqoqu Uşinski yazırdı: "Uşaqlara tərbiyə vətən məhəbbətindən başlamalıdır. Mənsub olduğu vətəni, xalqı, onun dilini sevdirmək tərbiyənin başlanğıcıdır

Bütün bunların yekunu olaraq demək olar ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramında da gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ayrıca bənd olaraq proqrama daxil olunmuşdur. Deyə bilərik ki, dövlət həmişə öz vətəndaşının, öz gəncinin yanındadır.

-Gənclərimiz öz tarixi şəxsiyyətləri və  milli qəhrəmanlarını yetərli səviyyədə tanıyırlarmı?

-Ümummilli liderimiz Heydər Əliyev: "Sizin qəhrəmanlığınız bu gün həyata atılan, orduda xidmətə gedən və hərbi xidmətə hazırlaşan gənclər üçün örnəkdir, nümunədir. Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, o cümlədən, xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir" sözləri ilə gəncləri qəhrəmanlığa səsləyirdi.

Cənab prezident İlham Əliyev də daim tarixi şəxsiyyətlərin və milli qəhrəmanların adını əbədiləşdirmək üçün  bütün lazımi işləri görür. Media və televiziyalar demək olar ki, bütün tarixi şəxsiyyətlərdən və milli qəhrəmanlardan silsilə yazı və reportajlar hazırlayırlar. Bütün bunlar gənclərimizin daha da maariflənməsinə gətirib çıxarır.

-Sizcə gənclərin bu istiqamətlərdə tərbiyəsi məqsədilə QHT-lər və gənclər təşkilatlarının üzərinə nə dərəcədə vəzifə düşür və həmin təşkilatlar bu vəzifənin öhdəsindən necə gəlirlər?

-Gənclərin bu istiqamətdə tərbiyəsi məqədilə QHT-lər və gənclər təşkilatları çox mühüm işlər görürlər. Bu sahədə maarifləndirici təlimlər və seminarlar həyata keçirirlər. Tez-tez milli qəhrəmanlarımız və qazilərimizlə silsilə görüşlər keçirilir və onlrın keçdiyi şərəfli döyüş yolu gənclərimizə aşılanır.

-Bəs KİV-lər, televiziyalar necə, istər cəmiyyət, istərsə də gənclərin vətənpərvər böyüməsi üçün kifayətqədər maarifləndirici materiallar təqdim edirlərmi?

-Bu gün gənclərin vətənpərvərlik tərbiyəsindən danışdıqda, gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsindən söz açdıqda, mütləq vətən yolunda canından keçmiş igidlərin həyat yolundan söhbət açmaq lazımdır. Bu amilə uyğun olaraq da respublikamızda gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərdə yeniyetmə və gənclərin hərbi hissələrdə görüşlərinin keçirilməsi, onlara qəhrəmanlıq tariximiz haqqında bədii və sənədli filmlərin nümayiş olunması, müharibə iştirakçıları ilə birgə tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Televiziya kanallarında daim görkəmli şəxiyyətlərin həyat yolu, məktəblərdə silsilə dərslər, müxtəli saytlarda qürurverici yazılar yerləşdirilir.

-Konkret olaraq siz təşkilat olaraq bu istiqamətdə hansı addımların atılması, tədbirlərin keçirilməsini zəruri sayırsınız ki, gənclərimiz daha vətənpərvər, daha milli mənlik şüuruna xas səviyyədə böyüsünlər?

- Bu istiqamətdə biz də təşkilat olaraq, maarifləndirilməni ən önəmli vasitə sayırıq. Bildiyimiz kimi bu il "Şuşa İli" elan olunub. Biz də bu ildə vətənpərvərliklə bağlı yeni layihələrlə çıxış etməyi və lazım gələrsə, gənclərin işğaldan azad olunmuş ərazilərə getməsini və orada erməni vəhşiliyini öz gözləri ilə görmələri üçün işləri planlaşdırırıq. Çalışmalıyıq ki, onların törətdiyi soyqırım faktlarına dair kino çəkək və bunu gələcək nəsillərə aparaq.

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan  Respublikasının  Media İnkişafı Agentliyinin maliyyə dəstəyi  ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31