7700-ə yaxın şəhid ailə üzvünə vərəsəlik şəhadətnamələri təqdim edilib

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.

"Olaylar" xəbər verir ki, tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Toğrul Musayev ötən ilin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizin birinci ildönümü ilə əlamətdar olduğunu, 2022-ci ilin parlaq zəfərimizin simvolu olan Şuşa şəhərinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq, ölkəmizdə "Şuşa İli" elan edildiyini vurğulayıb.Vətən müharibəsi iştirakçılarının, bütövlükdə şəhid ailəsi üzvlərinin və yaralananların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğu bildirilərək, onların problemlərinin həlli ilə bağlı sosial layihələrin həyata keçirilməsində ədliyyə orqanlarının fəaliyyəti qeyd edilib.

Baş idarənin rəisi İlqar Məmmədov çıxış edərək iqtisadi münasibətlərin inkişafında və vətəndaşların mülki hüquqi məsələlərinin həllində önəmli rol oynayan qeydiyyat və notariat orqanlarının fəaliyyəti haqqında geniş məlumat verib, ötən il rəsmiləşdirilən notariat hərəkətlərinin sayının 17%, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə aparılan əməliyyatların isə 35% artdığını bildirib. Vətən müharibəsi iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək proqramları çərçivəsində 7.700-ə yaxın şəhid ailə üzvünə qısa müddətdə vərəsəlik şəhadətnamələri təqdim edilərək, onların sosial ödəmələrinin vaxtında təmin olunduğu, bu sahədə məlumatlılığın artırılması məqsədilə nazirliyin rəsmi internet saytında "Vərəsəlik şəhadətnaməsi" adlı bölmənin istifadəyə verildiyi qeyd olunub. Vurğulanıb ki, şəhid ailələrinə yardım məqsədilə xüsusi notariuslar onlara göstərilən xidmətləri vətəndaşlıq mövqeyindən çıxış edərək öz hesabına həyata keçirirlər.Həmçinin qeyd olunub ki, əvvəllər işğal olunmuş rayonların əhalisinə aid 700 minə yaxın vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa olunaraq azad edilmiş ərazilərin qeydiyyat qurumlarının istifadəsinə verilməsi onların sakinlərinin müvafiq sənədləri daha rahat əldə etmələrinə imkan yaradıb.

Tədbirdə əhaliyə məsafədən göstərilən rəqəmsal ədliyyə xidmətlərinə toxunulub, dövlət başçısının tapşırıqlarına uyğun olaraq doğumun və ölümün elektron qaydada qeydə alınması və elektron şəhadətnamələrin təqdim edilməsi xidmətlərinin istifadəyə verildiyi bildirilib. Eyni zamanda əhali barədə məlumatların çevik və dəqiq qeydə alınması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmanın təmin edilməsi, habelə aqrar islahatlar çərçivəsində kənd təsərrüfatı torpaqlarının fermerlərin istifadəsinə verilməsi prosesinin sürətləndirilməsi ilə bağlı 1.500-ə yaxın icra hakimiyyəti nümayəndəliyinin nazirliyin aidiyyəti elektron informasiya sistemlərinə qoşulmasının təşkil edildiyi diqqətə çatdırılıb. Vətəndaş cəmiyyəti institutlarının bəhrələndiyi "Fərdi elektron pəncərə" elektron məlumat sistemi vasitəsi ilə hüquqi şəxslərin reyestr məlumatlarının, habelə qrantların və digər formada ayrılan yardımlar üzrə sənədlərin qeydiyyatına dair elektron xidmətlərin tətbiqi qeyd olunub. Həmçinin vətəndaş məmnunluğu doğuran "Mobil notariat" vasitəsilə göstərilən xidmətlərin dairəsinin genişləndiyi, artıq 200.000-dən çox istifadəçisi olan bu tətbiqdən xaricdə yaşayan soydaşlarımızın, Qarabağ və Şərqi Zəngəzurda olan vətəndaşlarımızın, o cümlədən hərbçilərimizin faydalandığı vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31