DƏRD- Züleyxa Nadir yazır

Züleyxa NADİR

"Dərd gələndə batmanla gəlir". İndi də Tolik təlxəkliyi bitməmiş KVN rəzilliyi başlayıb. "Bu şəhərdə"nin prodüsseri Müşfiq Abbasov Rusiyanın Soçi şəhərində Azərbaycanın şərəfinə, millətin qüruruna toxunub.  Buradaca qeyd edim ki, onun "Bu şəhərdə"ki  prodüsserliyi, ssenaristliyi gerçəkdən ürəkaçandı. Rafael, Coşqun, Müşfiq üçlüyü 3 günlük, 5 günlük konsertlərində çoxlu sayda tamaşaçı toplaya bilir, konsertləri uğurlu alınır. Onları sevən istənilən qədərdi bu ölkədə. Həmin üçlüyü birlikdə görməyə vərdiş edən insanlar bu günlərdə çaşbaş qalıblar. Demə Müşfiq Abbasov "Bu şəhərdə"n başqa KVN komandasının da rəhbəri imiş. Atalar deyib ki, iki tərəfə baxan çaş olar. Bir neçə gün əvvəl iki erməni, bir rus cüzi  xox gələn kimi Müşfiq Abbasov da çaş oldu.

"Şən və Hazırcavablar Klubu"nun Soçidəki yarışmasına Şuşa adı ilə qatılan KVN komandası adını dəyişib "Buta" qoydu" xəbəri cəmiyyətdə haqlı olaraq top-tüfənglə qarşılandı. Demək olar ki, Tolik yaddan çıxdı. Necə deyərlər, onun Azərbaycan hərbçisini təhqir etməsi, MAXE-ni söyməsi yalan oldu, Müşfiqin ŞUŞAnı BUTA ilə əvəzləməsi gerçək oldu. Hər iki hadisə millətin qırmızı xəttinin üstündən çəkilən qara xəttdi. Azərbaycan əsgəri və Şuşa! Bir-biri ilə assosiasiya olunan, birinin o birini tamamladığı bu iki məfhum TABUdu. Nə yazıq ki,Tolik də, Müşfiq Abbasov da həmin toxunulmazlığa  toxundular.

Şuşa bu millətin qan yaddaşıdı. Şuşa bu ölkənin Zəfər simvoludu. Şuşa bu dövlətin qürur yeridi. Şuşa Azərbaycanın  mədəniyyət mərkəzidi. İllərdi erməni Şuşaya Şuşi deyirdi. Bu da bizim heysiyyyatımıza toxunur, qürurumuzu tapdalayırdı. 28 ildən sonra Şuşanın adı özünə qaytarıldı - qan bahasına.  Biz indi bu adın üstündə əsməliyik, əzizləməliyik, nəinki, hər şeyin,  iraq olsun, az qala itin, pişiyin də adını Şuşa qoymalıyıq. Müşfiq Abbasov komandasına ad qoyanda Şuşanın Zəfər rəmzi olduğunu yaddan çıxarmamalıydı. Bilməliydi ki, sabah Soçidə  özü ilə apardığı "Şuşa"nın məğlub olmaq ehtimalı da var.  Ki... bu da  yenicə azadlığa çıxan, azad nəfəs alan Şuşaya  ağır zərbə olar. Anlamalı idi ki, onun qarşısındakı bir il əvvəl Şuşada məğlub olan ermənidi. Azərbaycan əsgərinin qarşısında pişiyə dönən, dovşan kimi tir-tir əsən erməni, Rusiyada  şirə, pələngə dönüb ŞUŞA adını həzm edə bilməyəcək. Bunu hesaba almayan Müşfiq Abbasov "adını dəyişməsən növbəti tura keçə bilməyəcəksən" tələbinin qarşısında duruş gətirə bilmədi. Halbuki həmin andaca hər şeyə tüpürərək qapını çırpıb çıxmalı idi.

Etməyib. Necə deyərlər erməninin suyuna gedib. Nəyin xatirinə? Əlbəttə, pula görə. Komandanın Rusiyaya getməsi,  xüsusilə Soçi kimi bahalı bir şəhərdə keçirilən yarışda iştirak etməsi, neçə gün orda qalması xeyli pul deməkdi. Bunun üçün neçə on min, yaxud neçə yüz min xərc qoyulub, xərci kim çəkib, hansı qurum maliyələşdirib, dövlət dəstəyi varmı?  Deyə bilmərəm. Amma Müşfiq Abbasov qoyulan xərcin əvəzində iki o qədər qazanc olacağına arxayın olaraq erməniyə boyun əyib. Bəli... əl çirki olan pul bir millətin adını KVN rəhbərinin əli ilə çirkləndirdi.

Müşfiq Abbasov deyə bilər ki, Azərbaycanın adını ucaltmaq, ölkəni tanıtmaq məqsədi ilə ora gediblər. Absurddu. Bu gün Azərbaycan dünyada  44 günlük savaşdakı  ZƏFƏRi ilə sayılıb-seçilir, çoxlu sayda dövlət başçısı ölkəmizin  prezidenti ilə hesablaşır. Müşfiq Abbasov bu layihə ilə Azərbaycanın ZƏFƏR tarixinə nə əlavə edə bilər ki?! Zatən KVN tarixində Azərbaycan komandası 22 il əvvəl əsrin  çempionu oldu, möhür vuruldu, Anar Məmmədxanov və komandası əfsanəyə çevrildi. İndiki zamanda insanları KVN layihəsi ilə heyrətləndirmək olmaz. Bu, elə də böyük bir addım deyil, külli miqdarda pul xərcləməyə dəyməz.  Aşağı səviyyəli kommersiya layihəsi olan bu klub ŞUŞA adına yamaqdı.

Müşfiq Abbasov rus, erməni mətbuatının əlinə dəstəvuz verdi ki, onun ucuz formada geri çəkilməyini geninə - boluna yazsınlar. O, isə, deyəsən, hələ də özünü qəhrəman hesab edir. Sanki onun hərəkətinə etiraz edən vətən  xaini,  amma o, vətənpərvər, qeyrətli, namuslu, şəxsiyyətli biridi. Özünü bu parametrlərin daşıyıcısı hesab edən prodüsser  hələ də anlamır ki, o, Soçidə ermənilər tərəfindən əzildi, tapdandı.Yazıq! Daha bir əhəmiyyəti də yoxdu onun  "mart ayında Sankt-Peterburqa bilet alıb gələrsiniz,  oyunumuz Şuşa adı ilə olacaq. Şahid olarsınız ki, aparıcı bizi necə təqdim edəcək" sözlərinin. Daldan atılan daş topuğa dəyər. Müşfiq Abbasov özünü düşmən qabağında çox ucuzlaşdırdı. Şəxsən mənim ona yazığım gəldi.  

Əslində bizim təpkimiz, həm də onun ucuz və gülünc vəziyyətə düşməsinədi. Bu qədər ucuzlaşmasaydı  "qələt edir mənim haqqımda yazanlar" deyə hikkə sərgiləyərək sual verməzdi: "məni tənqid edənlər neyniyiblər bu vətən üçün"? Başa düşmür ki, onu məhz Vətənə görə tənqid edirlər. Vətənin bir parçası üçün doğru yola dəvət edirlər. Yoxsa ki, kimin nəyinə lazımdı Müşfiq nə yeyir, nə içir, hara gedir, hardan gəlir, kimdən pul alır, nəyə xərcləyir? Bizə - onu tənqid edənlərə irad bildirən Müşfiq yaralı erməniyə əsir düşən Amin adlı əsgərin ermənidən qorxmadığını, aşotun anasına necə söydüyünü əks etdirən video-görüntünü yəqin ki, izləyib. Vətən sevgisi belə olur, Müşfiq Abbasov. Vətən üçün ölümdən qorxmamaq budu! Ucuz məzmunlu və gərəksiz şou düzəldib Rusiya səhnəsinə aparmaq deyil Vətən eşqi. Vətənə xidmət  təmənnasız olmalıdı.

Qələt ertmək məsələsinə gəlincə... Müşfiq Abbasov bilsin ki, indiyə kimi insanlar azdan-çoxdan ona hörmət edir, xətrini istəyirdilər. Bundan sonra, daha doğrusu, onun etdiyi bu qələtdən sonra insanlarda ona qarşı xətir-hörmət qaldımı? Yəqin ki, Müşfiq Abbasov bir gün bu hadisə ilə bağlı bu şəhərdə bir ssenari yazacaq ki, "Bu şəhərdə" səhnələşdirsin. Əminəm ki, Rafael və Coşqun tamaşanı mükəmməl oynayacaqlar - hər zaman olduğu kimi. Görəsən ssenarinin adı nə olacaq? Yamaq, əziklik, yoxsa dərd?

Vallah bu məmləkətdə adam darıxmır. Hər gün bir hadisə baş verir, hər həftə bir olay çıxır. Hadisələr o qədər sürətlə baş verir ki, birindən azad olmamış o birinin dərdinə düşürsən. Hər dərdini unudub məmləkət dərdinə köklənirsən. Dərd də ki, gələndə batmanla gəlir.

Müşfiq Abbasovun KVN dərdi kimi...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31