Şahanə MÜŞFİQ: “Universitetimiz üçün ən vacib məsələlərdən birincisi tələbə məmnunluğudur”- "Bizimkilərlə söhbət"
27 Yanvar 2022 15:18 SosialMətbuat katibləri ilə söhbətləşəcəyimiz "Bizimkilərlə söhbət" layihəsində ilk müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şahanə Müşfiqdir.
- Şahanə xanım, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələrin gələcəkdə hansı perspektivləri əldə etmək imkanı var?
-Öncə Universitetimizə göstərdiyiniz diqqətə görə qəzetinizin rəhbərliyinə və sizə öz təşəkkürümüzü bildiririk. Bir əsrə yaxın tarixi olan Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti respublikamızın ali təhsil müəssisələri, xüsusən də, incəsənət yönümlü ali təhsil müəssisələri arasında fərqli bir yerə sahibdir. Universitetimiz digər, yalnız bir sahə üzrə formalaşan incəsənət yönümlü ali təhsil müəssisələrdən fərqli olaraq, çox profilli ixtisaslar üzrə yüksək səviyyəli təhsil verir, təhsilin bütün pillələrində mütəxəssis hazırlayır. Məsələn, Azərbaycan Rəssamlıq Akademiyasında təsviri sənətin, Bakı Musiqi Akademiyası və Milli Konservatoriyada musiqi sənətinin, Turizm Akademiyasında əsasən turizmin müxtəlif sahələri üzrə mütəxəssis hazırlığı aparılırsa, ADMİU-da fəaliyyət göstərən musiqi sənəti, teatr sənəti, kino vəteleviziya, rəssamlıq, kulturologiya fakültələrində, demək olar ki, mədəniyyət və incəsənət, turizm sahələrini əhatə edən bir çox ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır. Teatr, kino və televiziya sahəsi üzrə təhsil isə yeganə olaraq bu universitetdə verilir. Rəqəmsal texnologiyalar əsasında "animasiya rejissoru", "animasiya rəssamı" ixtisaslarının yaradılması da ADMİU-nun "digital art"a diqqət yetirməsinə bir nümunədir.
Tələbələrimiz istər kino, teatr sahəsində, istərsə turizm, musiqi, rəssamlıq, sosial iş sahələrin dəkaryera prespektivləri üçün geniş imkanlara sahibdirlər. Cəmiyyətlərin hər zaman mədəni irsə və incəsənət adamlarının ərsəyə gətirdikləri yaradıcılıq əsərlərinə ehtiyacları vardır. Müasir tendensiyalardan biri də rəqəmsal incəsənətə və biznesin idarəedilməsinə əmək bazarında tələbin yüksək olmasıdır. Bunu nəzərə alaraq, ölkəmizdə ilk dəfə rəqəmsal incəsənətə aid ixtisas və ixtisaslaşmalar açılıb. Belə ki, ADMİU-da "animasiya və kompüter qrafikası", "animasiya rejissoru" ixtisaslaşmaları ilə yanaşı, mədəniyyət və incəsənət sahələrinin təşkili və idarəedilməsi üzrə MBA açılıb. Eyni zamanda, universitetdə magistratura səviyyəsində mədəniyyət və incəsənət sahəsi üzrə menecment ixtisası üzrə də mütəxəssis hazırlığı aparılır. Bu da deməkdir ki, tələbələrin perspektivləri heç də dumanlı deyil.
- Bilirsiniz ki, Azərbaycanda bir neçə universitet var ki, orada təhsil səviyyəsi Avropa standartları ilə uyğundur. Bəs sizcə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil səviyyəsi Avropa standartlarına uyğundurmu?
- Bildiyiniz kimi, Azərbaycan 2005-ci ildən etibarən Boloniya prosesinə qoşulub. Boloniya təhsil sisteminə, yəni Avropa təhsil məkanına qoşulmaq o deməkdir ki, tədris planlarımız AKTS-nə (Avropa Kredit Tendensiya Sistemi) artıq uyğunlaşdırılıb. Bu, tək bizə deyil, ölkəmizdəki bütün ali təhsil müəssisələrinə aiddir. Qalır ikinci məsələ: təhsilin keyfiyyəti Avropa Standartlarına uyğundurmu, yoxsa yox? Müasir zamanda keyfiyyət universitetin maddi-texniki bazası, tədrisin məzmunuyla yanaşı, akademik və tələbə heyətin xarici dil səviyyəsindən asılıdır. Azərbaycan təhsil məkanında daha çox inkişaf etmiş, öncül ali təhsil müəssisələri var ki, onlara qəbul olan tələbələrin dil göstəriciləri daha yüksəkdir. Ancaq bizim universitetə qəbul olanlar dil deyil, yaradıcılıq qabiliyyətlərinə görə seçilirlər. Xarici dil səviyyələrinin qənaətbəxş olmaları keyfiyyətə təsir edir. Bu da Avropa təhsil standartlarında nəzərdə tutulan tələbə mobilliyinin dinamikasına təsirsiz ötüşmür. Xarici dil səviyyəsinin artırılması həm də akademik heyət üçün vacib olduğundan Universitet akademik və inzibati heyəti dil biliklərini inkişaf etdirmək məqsədilə ödənişsiz ingilis dili kurslarına cəlb edib. Universitet ixtisaslar üzrə xarici dildə tədris metodiki və elmi ədəbiyyatın Azərbaycan dilinə tərcümə edilməsinə böyük önəm verir. Məqsədimiz müasir tələblərə cavab verən mütəxəssis hazırlamaq və Avropa universitetləri ilə daha sıx əməkdaşlıq etməkdir.
- Şahanə xanım, universitet həyatında bir çox problemlər olur. Tələbələr əsasən hansı problemlərlə üzləşir və hansı problemlərə görə daha çox müraciətlər olur? Müraciətlərə operativ şəkildə baxılırmı?
- Tələbələrin pandemiya dövründə ən çox müraciət etdikləri məsələ təhsil haqlarının ödənilməsi məsələsi idi. Universitet daim operativ şəkildə müraciətləri araşdırır və yardımcı olmağa çalışır. Həmçinin, universitet olaraq, xüsusi diqqətimizdə, nəzarətimizdə olan bir qrup da qazi tələbələrimizdir. Onların hər hansı problemini dərhal həll etməyə çalışırıq.
Ümumən, deməliyəm ki, universitetimizin qapıları tələbələrə, məzunlara, valideynlərə daim açıqdır. Universitet rektorunun həftədə bir dəfə qəbul günü var. Prorektorlar, dekanlar və başqa rəhbər işçilərə isə istənilən tələbə şəxsi məsələdən tədris məsələlərinə qədər öz problemiylə bağlı hər vaxt müraciət edə bilər. Çünki universitetimiz üçün ən vacib məsələlərdən birincisi tələbə məmnunluğudur.
- Hər bir universitet də gənclərdə olan potensialı üzə çıxarmaq, onlarda ictimai tədbirlərə maraq yaratmaq üçün Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyəti yaradılır. Bura müraciət edən gənclər necə? Çoxdurmu?
- Bəli, bizim universitetdədə Tələbə Gənclər təşkilatı və Tələbə Elmi Cəmiyyəti kifayət qədər səmərəli fəaliyyət göstərir. Tələbələrin bu təşkilatlara olan maraqları da böyükdür. Onlar tədbirlərimizdə, layihələrimizdə fəal şəkildə iştirak edirlər. Üzvlər arasında tez-tez iclaslar keçirir, müzakirələr aparırlar. Bu yaxınlarda Tələbə Elmi Cəmiyyətinə sədrliklə bağlı seçkilər keçirildi. Aktiv tələbələrimizdən biri elə tələbələr tərəfindən sədr seçildi. Gələcəkdə də onların fəaliyyətini daha da inkişaf etdirmək və genişləndirmək əsas məqsədlərimizdən biridir. Tələbə Elmi Cəmiyyəti üzvlərinin bu ildən etibarən beynəlxalq layihələrdə və beynəlxalq jurnallarda da elmi məqalələriylə çıxış etmələri təmin olunur. Artıq iki tələbəmizin elmi məqaləsi Türkiyədəki elmi jurnala göndərilib və müsbət rəy alınıb. Yəni elmi tədqiqatla məşğul olmaq istəyən tələbələrimizi məmnuniyyətlə bu sahəyə istiqamətləndirir, onlar üçün şərait yaradırıq.
- Pandemiya dövrü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilə necə təsir etdi? Onlayn dərslər tələbələrə hansı mənfi təsirlərlə ötüşdü?
- Bütün dünyada olduğu kimi bizdə də ilk dəfə idi ki, gözlənilmədən onlayn təhsilə keçməli olduq. Bu hamı üçün çətin idisə, bizim üçün iki qat çətin idi. Çünki bizdə xüsusi qabiliyyət tələb edən, canlı tədrisə köklənmiş ixtisaslarımız, fənlərimiz var. Təbii ki, rayonda olan tələbələrimiz vardı ki, onların internetə qoşulmaq imkanları məhdud idi. Ona görə də bəzi tələbələrimizin göstəriciləri aşağı düşmüşdü. Bütün bunları nəzərə alıb rəhbərlik keçən tədris ili "qaib" limitində müəyyən güzəştlər etdi. Sevindirici haldır ki, həmin dövrdə müəllimlərimiz də, tələbələrimiz də çox fədakarlıqlar göstərdilər. Onlar hər imkandan istifadə edərək dərslərini keçməyə çalışdılar, hətta video-çarxlar, onlayn kiçik tamaşalar, konsert və sərgilər hazırlayır, müxtəlif sosial layihələr keçirirdilər. Məsələn, Teatr sənəti fakültəsinin müəllim və tələbələri "evdə qal, şeir oxu", "evdə qal, tamaşa izlə" kimi sosial layihələr keçirdilər, müsabiqələr təşkil etdilər. Eləcə də Rəssamlıq fakültəsinin onlayn sərgisi, Musiqi sənəti fakültəsinin onlayn konsertləri, Kino-Televiziya fakültəsinin video-rolikləri buna bariz nümunələrdir.
Pandemiya dövründə ADMİU ilə "Mədəniyyət" kanalı arasındakı əməkdaşlıq daha da genişləndirildi. Belə ki, ADMİU-nun müxtəlif fakültələrinin müəllimləri və tələbələri Mədəniyyət Nazirliyi və "Mədəniyyət" kanalı tərəfindən birgə hazırlanmış "Bizi birləşdirən mədəniyyət" layihəsində fəal iştirak etdilər. Musiqiçi, rəssam və aktyor tələbələrimiz hər axşam canlı yayımlanan verilişdə mövzuya uyğun yaradıcılıq nümunələriylə çıxış edirdilər.
Nəzəri fənlərin tədrisində isə müsbət dinamika müşahidə edildi. Belə ki, tətbiq edilən MicrosoftTeams proqramı daha geniş və ətraflı təqdimatlar hazırlamaq imkanı yaratmışdı.
- Bildiyimiz kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elə ixtisaslar var ki, onları onlayn şəkildə tədris etmək mümkün deyil. Bəs pandemiyanın çətin bir dönəmində, onlayn təhsilin keçildiyi illərdə, ixtisas fənlərinin keçirilməsi hansı dərəcədə səmərəli oldu?
- Qeyd etdiyim kimi, sizin sual verdiyiniz istiqamətdə elə də səmərəsi olmadı. Əksinə, xüsusi qabiliyyət tələb edən ixtisaslarda keyfiyyət nisbətən aşağı düşdü. Biz bunu 2020-2021-ci tədris ilində heç canlı dərs görməyən birinci tədris ili tələbələri 2021-2022-ci tədris ilində universitetə gələrkən müşahidə etdik. Ancaq onların həmin çatışmazlıqlarını müəllimlərimiz əlavə təlimlərlə sürətli şəkildə aradan qaldırmağa çalışırlar.
ADMİU artıq illərdir elektron jurnal sistemiylə çalışır. Pandemiya zamanı, demək olar ki, Microsoft Teams proqramı üzərindən tədris etmək daha yaxşı öyrənildi, elektron jurnaldan istifadə də sürətlənmiş və genişlənmiş oldu.
- Şahanə xanım, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini digər Universitetlərdən fərqləndirən xüsusiyyətlər nədir?
- Bizi digər universitetlərdən fərqləndirən cəhət odur ki, bura yaradıcılıq yönümlü olduğu üçün insanın sərbəstliyinə və fikir azadlığına daha çox önəm verilir və təşviq edilir. Çünki adam bildiyini deməkdə çətinlik çəksə, fikrini ifadə edə bilməsə, ondan yaradıcı insan ola bilməz. Ona görə bu universitetin əsas qayəsi budur ki, həm akademik azadlığa, həm də yaradıcı azadlığa şərait yaradılsın. Universitetin əsas ab-havası yaradıcı atmosfer üzərində qurulub. Dünyada bir ölkəni ən qısa yolla tanıdan, təmsil edən və maraqlarını dəstəkləyən iki sahə var: mədəniyyət-incəsənət və idman. Ölkəmizi təmsil edəcək, zəngin mədəni irsimizi dünyada nümayiş etdirə biləcək kadrlar ADMİU-da hazırlanır.
Qeyd edim ki, özəlliklərdən biri də xüsusi qabiliyyət tələb edən ixtisaslarda ustad-şəyird münasibətlərinin mövcudluğudur. Həmin ixtisaslarda əvvəldən axıra kimi tələbəni yetişdirən kurs rəhbəri olur. Eyni zamanda, ənənə və innovasiya məsələləri aktuallıq kəsb edir. Bizim tələbələrimizin fərqli, orijinal işləri nəinki ölkə daxilində, ölkə xaricində də marağa səbəb olur və müsabiqə, festivallarda yüksək yerlərə layiq görülürlər.
Mehriban Xəlilli