ŞƏHİD ƏTRİNƏ BƏLƏNMİŞ TORPAQ
19 Yanvar 2022 10:36 SosialƏminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti
Haqqında söhbət açacağım qəhrəmanımın 25 yaşı vardı. Hər şey qarşıdaydı, hələ sevəcəkdi, evlənəcəkdi, gözəl ev tikəcəkdi, uşaqları qışda alaca gözlü ocaq başında oynaşacaqdılar...
Bunları bir tərəfə qoydu Tural. Taleyin ümidinə, müdafiəsiz qoya bilmərik vətəni, düşmən də hər gün bir addım irəliləmək iştahasında. Əvvəlcə yurdumuz, torpağımız olmalıdır, sonra o yurdda, torpaqda böyüyən uşaqlarımız, -dedi.
Şəhid Quliyev Tural Mustafa oğlu 25 oktyabr 1995-ci ildə Yevlax şəhəri, Aran qəsəbəsində dünyaya göz açmışdı. Şəhid Mübariz Pənahov adına 1 nömrəli qəsəbə tam orta məktəbi bitirib. Təhsil aldığı məktəb şəhid adını daşıdığındanmı, ya qəhrəmanlıq dastanlarına vurğunluğundanmı Tural 18 yaşını tamamlayıb hərbi xidmətə yollanacağı günü səbrsizliklə gözləmişdi! Yoxsa, nə vaxtsa şəhid olub yaddaşlara həkk olacağı ürəyinə dammışdı?

Vətənpərvərlik ruhu çox yüksək idi bu igid oğlanda. Hərbçı olmaq marağı ona düz yol tapmaqda vasitəçi olur. Müharibənin nə olduğunu ancaq filmlərdən izləyən Tural öz arzusu ilə hərbi hissədə kursa yazılır və bitirdikdən sonra "N" saylı hərbi hissəyə göndərilir. Taborda baş atıcı təyin olunur. Tural özü kimi igidlərlə düşmənlə həmsərhəd olan postda dururdu. Şahid yoldaşlarının xatirəsində yuxu kimi yaşayan Tural ən çətin mövqelərdə döyüşə atılır, cənnət eli Kəlbəcər uğrunda qızğın döyüşlər başlayır. Tural "canım vətənə qurban" - deyib 5 gün şiddətli döyüşlərdə ön sırada qəhrəmanlıqla döyüşür. 2 ay ondan xəbər almaq mümkün olmur.
Kasıb ailədə, çətinliklə böyümüşdü Turalgil. Ata-ana zəhmətlə, əziyyətlə 4 uşaq böyütmüşdü. Hamısı da ağıllı, tərbiyəli və zəhmətkeş idilər. İki bacı, bir qardaş ailəlidir. Tural subaydı, seçimi başqaymış. İgidimiz atası Mustafanı necə faciəli şəkildə itirdiyini heç unuda bilmirdi. Çünki hadisə Turalın gözünün qabağında baş vermişdi. Rəhmətlik atası iki oğlunu götürüb Sabirabada tikinti şirkətində çalışmağa gedib. Necə deyərlər, özləri yol ilə, əzrail kol ilə. Həmin gün böyük qardaş Teymur xəstələnib işə çıxa bilmir. Tural atası ilə taleyin hökmünə tabe olmağa gedirlər. Daş hasar uçur, atası Turalı xilas edə bilsin deyə, özünü qabağa verir, daşların altında qalır. Xəstəxanaya çatdırılsa da, Mustafa kişinin həyatını xilas etmək mümkün olmur. Bu bədbəxt hadisə Turala çox ağır təsir edir. Həmişə deyirmiş ki, atam mənə görə özünü ölümə atdı. Sonralar usta yanında işləyirmiş şəhidimiz. Hörgü işinə girişmirmiş. Yox, qorxmurmuş, sadəcə, daşlara üsyan edirmiş, atasını əlindən aldığına görə.
Şəhid olmamışdan Turalın cibində 5 manat pul olub. Döyüş yoldaşlarına deyib ki, şəhid olsam, bu pulu evimizə çatdırın. Turalın vəsiyyətini yerinə yetirmək üçün Aran qəsəbəsinə gəlib pulu ailəyə verirlər. Qardaşı bu olayı doluxsuna-doluxsuna danışdı. Çox sevdiyim şair Elçin Mirzəbəylinin bu misralarını xatırladım:
Gecənin birində köçüb gedəsən,
Yox olub gedəsən, uçub gedəsən.
İtəsən gecənin qaranlığında,
İtəsən şəhərin burulğanında,
Dünyanın dərdini içib gedəsən
Nə varsa, nə varsa geridə qalan
Bir göz qırpımında biçib gedəsən.
Anası deyir ki, təzə- təzə evlənmək eşqinə düşmüşdü balam: -Heç bilmədim gözaltısı kim idi? Öz məvacibi ilə aldığı qırmızı yaylığı bilmirəm harada gizlədim?!Balam torpaq altında yatır, mən bu torpağın üstündə gəzirəm. Tural mənim qürurumdur, amma yoxluğuna dözə bilmirəm- deyib göz yaşları tökür ana. Ancaq yenə də, təki vətən sağ olsun deyir.
Ali Baş Komandanla fəxr edirdi Tural Quliyev. Döyüş yoldaşlarına tez-tez deyirmiş: zamanla yarışa cıxıb Prezidentimiz. Belə güclü ordu yaradıb. Döyüşçülər dövlətini, vətənini belə aludəliklə sevən Tural Quluyevə ehtiramla yanaşırdılar. Sevdiyi vətəni uğrunda 5 gün vuruşdu igidimiz. Beş gündə neçə-neçə erməninin canını almağa fürsət tapa bildi. Düz iki ay Turaldan bir səs-soraq çıxmır, telefonu inadla susur. Sonra nəşi neytral zonadan çıxarılır və Şəhidlər xiyabanında qəhrəmana layiq şəkildə dəfn edilir.

25 yaş nədir ki, Tural! Sən sevdiklərinin gözünü yolda qoydun, amma Qarabağ deyə, vətən deyə, torpaq deyə ağlamaqdan gözünün nuru itən bir milləti zülmətdən qurtardın oğul. Minlərlə sənin kimi mərd oğullar bu qələbəni qazandırdı xalqımıza! Kim deyir ki, Azərbaycanın yeraltı sərvətləri neftdir, qazdır, səhv edirlər. Bizim yeraltı sərvətimiz sizsiniz, əziz şəhidlər! Və ordumuzun əzmi, qüdrəti nəticəsində hər gün tariximizin şanlı səhifəsinin yazılmasında Quliyev Tural Mustafa oğlunun da adı oldu.
Sizlər olmasaydı, bizim kimi qürurlu analar da olmazdı. Sizin qarşınızda baş əyirəm, şəhid anaları! Bu qəhrəman oğulları siz dünyaya gətirmisiz, vətəni qorumaq, namusu qorumaq ücün.!
Tez-tez gedirəm Şəhidlər xiyabanına. Orda həmişə bahardı. Və bu xiyabanda yuxuya gedən oğullarımıza deyirəm ki, bu vətən sizlərə nə gözəl lay-lay çalıb ki, bu qədər igidin yuxusu gəlib?
Bu yaxınlarda yenidən gözüyaşlı şəhid anasının qapısını döyürəm, yenə Zəfər bayramında Şəhidlər xiyabanına yollanan qara yaylıqlı anayla danışıram. Sevinci gözlərində donub, arzularını ürəyində qoyub balası. Ailənin 86 yaşlı ağbirçəyi- Turalın ata nənəsi Ağca xala da qovrula-qovrula danışır, oğlu Mustafanın qəza nəticəsində həlak olduğunu, bu dərd azmış kimi, nəvəsi Turalın da itgisinin ağırlığını daşıya bilmir.
Turalın anası Arzu xanım dedi ki, oğlum Teymurun 3 yaşlı oğlu babası Mustafanın adını daşıyır, 5 ay bundan əvvəl dünyaya göz açmış o biri nəvəmə isə Turalın adını qoymuşuq, dedi.
Adıyla, atalı-analı böyüsün, Tural torpaqda yatdığı qədər Allah ömür versin, bu ailyə bir daha pis gün qismət olmasın deyə, dualar etdim gözü yaşlı anaya. Ailə dövlətimizin qayğılarından çox razıdır. Vaxtilə Turalın yaşadığı evdə dövlətin maddi və mənəvi dəstəyi ilə inşa və təmir işləri görülür. Ailəyə göstərilən diqqət və qayğıların sırasında daha bir evin tikintisinə başlanacağının da nəzərdə tutulduğunu dedilər.
Quliyev Tural Mustafa oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Turalın uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!