Kimdir günahkar, vətəndaş, məmur, yoxsa nazirlik?

"Son bir-iki il ərzində 2000-dən çox şəxsin əmək pensiyasının əskik ödənildiyi aşkarlanıb. Nəticədə həmin şəxslərin əmək pensiyaları təkrar olaraq yenidən hesablanıb. Orta hesabla pensiya məbləğləri orta hesabla 633 manatdan 739 manata qədər artırılıb. Həmin kontingentə keçmiş dövr üzrə ödənilməli olan 3 milyon manatdan artıq vəsait hesablanıb. Hesablanan vəsait də ödənilməkdədir". Bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev deyib. İndi təsəvvür edin ki, açkarlanmayan əskik ödənişlərin sayı nə qədərdir. Bir an təsəvvür edək ki, niyə 2000-dən çox şəxsin əmək pensiyası əskik ödənilib? Kimdir günahkar, vətəndaş, məmur, yoxsa müvafiq nazirlik? Əvvala qeyd edək ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları təsdiq edilib. Sözügedən qaydalar  "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa  əsasən hazırlanıb və əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi məsələlərini tənzimləyir. Qərar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilib. Yəni, qərarın heç bir kənar müdaxilə, təsir və təzyiq olmadan hazırlanıb, haradasa nazirliyin maraqlarına uyğun olması şübhə doğurmur.

Qərarın tətbiqi və pensiyaların hesablamasını həyata keçirən mütəxəssis azı 4 il ali təhsil alıb, Dövlət qulluğuna qəbul qaydalarına uyğun olaraq test imtahanı verib və müsabiqədən keçərək müvafiq vəzifəyə təyin edilib. Əgər mütəxəssis hansısa yüksək rütbəli məmurun qohum-əqrabasından deyilsə, deməli bu vəzifəyə tətin olunmaq üçün illərini xərcləyərək təcrübə toplayıb. Əks halda, onun həmin vəzifəyə təyinatı mümkünsüz görünür. Deməli, bu qədər iş təcrübəsi keçərək vəzifəyə təyin olunmuş mütəxəssisin pensiyaların müəyyən edilmiş qaydalara uyğun hesablaya bilməməsinin səbəbini təbii ki, sistemdə axtarmaq zərurəti yaranır. Axı,  pensiyaların mövcud qaydalara uyğun hesablanması "iki vur iki" qədər sadə bir hesablamadır.  

Hazırda Əmək və Əhalinini Sosial Müdafiəsi Nazirliyinin qarşısında duran əsas "vəzifələrindən" biri mümkün qədər vətəndaşları dövlət büdcəsindən ayrılan vəsaitlərin ödənilməsindən kənarlaşdırmaqdan ibarətdir. Son illərdə sadə vətəndaşlardan tutmuş qazi və şəhid ailələrinədək aztəminatlı ailələrin pensiyalarının kəsilməsi buna bariz nümunədir. Vəziyyət o həddə çatıb ki, bədən orqanının 80-90 faizi sıradan çıxmış və artıq həmin orqanların bərpası mümkün olmayan şəxslərin də son ümid yeri olan pensiyaları kəsilir. Dövlət başçısı bütün səylərini əhalinin sosial müdafiəsinin yüksəldilməsinə yönəltdiyi bir məqamda həssas qrupla işləyən nazirliyin belə bir addım atmasının nəyə hesablandığı şübhəli məqamlardan xəbər verir. Təsəvvür edin ki, vətəndaş nazirliyə pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etməyə peşiman olur. Lazım oldu-olmadı o qədər  sənəd, sübut, fakt tələb olunur ki, vətəndaş bezib müraciətdən imtina etmək həddinə çatır. Bütün sənədlər hazır olduqda isə illərlə sənədlərin icraatının başa çatmasını gözləməli olur. Vətəndaşa verilən cavab isə ondan ibarət olur ki, "sənədləriniz icraatdadır". Hansı ki, hazırda əksər dövlət qurumları koordinasiya olunmuş vahid informasiya bazasından istifadəyə üstünlük verirlər. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə əmək pensiyası təyin edilməsi prosesi isə insanın bütün həyat tərzini dəyişir. Belə halda əlbəttə pensiyaların əskik hesablanması halları aşkar olunacaq. Deməli, "balıq başdan iylənər" prinsipi gündəmə gətirilməlidir ki, nazirlik operativ və çevik iş prinsipini əldə rəhbər tutsun.

Nədənsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxslər baxımından bəxti gətirməyib. Özünü islahatçı, novator, natiq kimi göstərməyə cəhd edən  nazir, aparat rəhbəri, şöbə müdürlərinin aqibətini görmüşük. Elə bu səbəbdən yaxşı olardı ki, nazirliyin rəhbər şəxsləri öz sələflərinin taleyini yaşamaq istəmirlərsə, vətəndaşlara layiqli xidmət göstərsinlər. Nəzərə almaq lazımdır ki, məmur mümkün qədər çalışmalıdır ki, ona müraciət edən bu və ya digər işlə bağlı hansısa məsələni gündəmə gətirən vətəndaşı ən qısa müddətdə razı sala bilsin. Çünki dövlət başçısı dəfələrlə bəyan edub ki, məmur  vətəndaşın xidmətçisidir, vətəndaş məmnunluğu ən yüksək səviyyədə olmalıdır. Əks halda onlar barədə də ciddi tədbir görüləcəyi qaçılmaz olacaq.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31