SABAHIN BİRİNDƏ ŞUŞADAN KEÇSƏM…
13 Yanvar 2022 10:28 Sosial Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti
Kişidə nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır,
Bilib eşidəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa
Rəşad MƏCİD
"Şuşa alınmaz qaladır" sözünü hamı kimi İldırım da çox eşitmişdi. Vətən müharibəsində bu deyimin anlamını yaşadı. Şuşaya hər hansı bir zirehli texnika ilə girmək mümkün deyildi. Bu şəhərin işğaldan azad olunması üçün oğullarımız günlərlə soyuq meşədə gecələdilər. Ac-susuz qaldılar, amma inadlarından və imanlarından dönmədilər. Tankın, texnikanın girə bilmədiyi şəhərdə süngü ilə, bıçaqla döyüşdülər, bunlar da olmayanda dişləri-dırnaqları ilə parçaladılar düşmənin qara bağrını.
Ağayev İldırımın Qafqaz oğlunun Şuşaya gedən yolları Yevlaxın Qaraməmmədli kəndinin İnzibati Ərazi Dairəsinə daxil olan Rüstəmlidən başlamışdı. Çox sevirmiş bağ-bağatlı, gül-çiçəkli kəndini. Təcavüzkar ermənilərin bu günümüzə qədər işğalda saxladıqları, sinəsində gecə-gündüz at oynatdıqları yurd- yuvalarımızın, Qarabağımızın lap yaxınlığında yerləşir bu kənd. Buranın sakinləri 30 il idi faşist xislətli ermənilərin, arxalı köpəklərin ölkəmizə qarşı törətdikləri aramsız silahlı təxribatların, topun, raketin, ağır artilleriyanın atəş səsləri altında heç nədən qorxmadan, çəkinmədən mərdliklə çalışır, təsərrüfat işləri ilə məşğul olur, intiqam hissi ilə alışıb - yanan narahat bir ömür yaşayırdılar. Bu kənddə dünyaya göz açan körpələr də ana səsi, ana laylası əvəzinə top-tüfəng səsi eşidirdilər. Belə bir şəraitdə doğulub, boya- başa çatan ərənlər intiqam eşqi ilə alışıb yanırdılar. Müzəffər Ordumuzun 44 günlük vətən müharibəsində düşmən üzərində qazandığı şanlı zəfər, qələbə salnaməsinə öz qanı ilə imza atanlardan biri də Ağayev İldırım Qafqaz oğludur.
Bacısı Ülviyyədən sonra, 1998-ci il mayın 2-də İldırımın dünyaya gəlişi valideynlərini sevincə, kiçicik evlərini isə işığa-nura qərq etmişdi. İllər ötdü, səksəkəli keçən uşaqlıq həyatı arxada qaldı. 2016-cı ildə orta məktəbi bitirdikdən bircə ay sonra hərbi xidmətə çağırış gəldi İldırıma. Məktəbin müəllimləri və sinif yoldaşları son zəng tədbirində olduğu kimi, yenə də bir yerə toplaşıb deyə-gülə, əl-ələ verib, əsl həyatın, kişiliyin, mərdliyin və cəsurluğun sınaq meydanına yola saldılar İldırımı. Əsgərlikdən sonra bir müddət müxtəlif sahələrdə çalışsa da, ağlı-ruhu hərbi hissədəydi. İşğalda olan torpaqlarımızın azad edilməsi arzusu ürəyini qövr edirdi. Artıq düşünməyə vaxt yoxdur, tərəddüd etmədən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kursuna daxil oldu. 2020-ci ilin may ayında kursu bitirən kimi İldırımın ilk döyüş yolu quduzlaşmış düşmənin Tovuz rayonu istiqamətindən silahlı təxribatla dövlət sərhədimizin pozmasının qarşısını almaq məqsədi ilə keçirilən uğurlu əks-hücum əməliyyatından başladı.


Sentyabrın 27-dən başlayan Vətən müharibəsində isə əbədi qəhrəmanımız çətin və şərəfli hərbi xidmət vəzifəsini Xocavənd, Hadrut, Şuşa kimi qədim yurd-yuvalarımızın düşmən işğalından azad olunması əməliyyatlarında fədakarlıqla döyüşərək yerinə yetirib. Nəhayət, düşmən üzərində ildırımtək çaxaraq onları qanına qəltan edən İldırımın son savaş meydanı Şuşa oldu. Bu gənc fateh noyabrın 8-də - Şuşanın işğaldan azad olduğu gün son damla qanınadək qəhrəmanlıqla vuruşaraq şəhid olmuşdur.
Bir vaxtlar onu təntənə ilə Vətənin müdafiəsinə yola salan kənd camaatı bu dəfə İldırımı Şuşa fatehi kimi üçrəngli bayraqda qarşıladı. İzdihamla, göz yaşlarilə, ürək yanğısı ilə, şərəf və qürur hissi ilə... Yaşadığı, doğulub-boya başa çatdığı kənddəcə torpağa tapşırıldı. Artıq onun müqəddəs ruhu top-tüfəng səsindən narahatlıq deyil, azad torpaqlarımızda keçirilən qələbə, zəfər atəşfəşanlığının səsindən rahatlıq tapacaq.
17 ildir bu məktəbdə tarix fənnini tədris edən Rüstəmli kənd məktəbinin müəllimi Gülnarə Bayramova ilə söhbət edirəm: "Düzü, oxumağa elə meyli olmasa da, fikri-zikri hərbçi olmaq idi. Vətənimi yağı düşməndən azad edəcəyəm, deyirdi. Çox sakit, tərbiyəli uşaq idi, gözəl rəqs edərdi. Döyüş yoldaşları onun igidliklərindən danışanda bilirdim ki, müharibə bu sakit şagirdimi yenilməz bir igid edib.
Əhsən, səni dünyaya gətirən, böyüdən və tərbiyə edən Qafqaz ataya, Gülbəniz anaya! Şuşa fatehi İldırımın 18 yaşı yenicə tamam olan qardaşı Etibar bu günlərdə hərbi xidmətə yola düşüb. Qafqaz kişi deyir ki, Etibar şəhid qardaşı İldırımın yolu ilə getməyi öz istəyi ilə könüllü seçib. Belə vətəndaşı olan Vətən heç vaxt basılmaz! Bu dünya durduqca sizə borcluyuq. Sizin kimi valideynlərin qəhrəman övladları qanları və canları bahasına zalım duşmən üzərində möhtəşəm qələbə çalaraq, xalqımıza Zəfər sevinci yaşatdı.
Əslində bu yazını xeyli zamandır qələmə almışam. Üstündə yenidən işləməyə ehtiyac duydum.
Yeni adın mübarək Şuşa fatehi İldırım. Bu günlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə daha bir ödüllə - "Füzulinin işğaldan azad olunmasına görə" medalı ilə təltif olundun. Ailən, bacın, əsgər qardaşın və elin-oban səninlə qürur duyur.
Geniş bir həyətdəyəm. Kəlbəcərli şəhid İldırımın anası Gülbəniz xanımla söhbət mənə xeyli rahatlıq gətirdi. Sağlıqlarına qismət, böyük ev tikdiriblər. Övlad itkisinin acısını yana-yana danışır ana: "Otağın biri İldırımın əziz xatirəsinə həsr olunacaq. Balama aid hər şeyi o otaqda toplayacağıq, onu anacağıq orda daima. Bizə qarşı hər kəs çox diqqətli və qayğıkeşdir, sağ olsunlar. Heydər Əliyev Fondu, Sığorta, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti, "Yaşat" fondu, hansını deyim, ancaq hörmətlə qarşılanırıq. Onbeş min manat ayırdılar bizə, iyirmibir baş xırdabuynuzlu heyvan, 4,5 hektar əkinə yararlı torpaq sahəsi verildi. Ev növbəsinə də alınmışıq. Allah Prezidentimizi qorusun. Dünyanın hansı ölkəsində belə diqqət var?..
Ağayev İldırım Qafqaz oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur. İldırımın uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!