ÜRƏYİNDƏN MƏĞRURLUQ BOYLANAN İGİD

Nemətabad – bu kənd Yevlax rayonunun vətənimizə ən çox igid oğullar və şəhidlər verdiyi kəndlərdəndir.

Nemətabad - bu kənd Yevlax rayonunun vətənimizə ən çox igid oğullar və şəhidlər verdiyi kəndlərdəndir. Təsadüfi deyil ki, kəndin orta məktəbi də I Qarabağ müharibəsinin şəhidi Hüseynxan Əhmədovun adını daşıyır və II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək qazi və şəhid olan nemətabadlı gənclərin dördü də bu məktəbin yetirmələridir. Nemətabad kəndi də, məktəbi də rayonumuzun və ölkəmizin qürur yeridir. Bu kəndin torpağına əkilən fidanlar Hüseynxan, Sadiq, Faiq, Sərxan, İlham... kimi çiçəklədilər, vətənləşdilər...
Canını vətən uğrunda fəda edən bu kəndin oğullarından biri, deyərdim ki, birinci şəhid olanlardan İlham Məmmədovdur. O, 23 fevral 1992-ci ildə Nemətabadda dünyaya gəlmişdi. Hər uşaq kimi kəndin yollarında qarğı atını çapıb, xəyalla gerçəklik arasında uşaqlara məxsus dünyasını yaşayırdı. Yol kənarlarında qumun-torpağın üstündə yumaq kimi bir-birinə sarılıb güləşən, sonra da taxta tapança üstündə bir-birini didib, dalaşan o uşaqların ürəyinə sevgi saplanmışdı yalnız. Nemətabadın qışda yağışlı, yayda qaynar yolları əsir-yesirdi ayaqlarının altında. İlham bəzən yolun yarısınacan velosipedinin üstündə, digər yarısını isə velosipedini çiyninə alıb gələrdi evə. Dostlarilə güləşməkdən üst-başı yolların tozu-torpağı olardı. Tozlu yollar bu dəliqanlıları toparlayıb fidan kimi əkdi torpağına. Onlar da o toz-torpaqlı yolları bizə vətən etmək üçün şəhid kimi boy verdilər...
İlhamın xoşbəxt uşaqlığının son günü, illərdir vətəninin düşmən ayaqlarının altında əzildiyini öyrəndiyi gün idi. Ağlı kəsirdi artıq, həyatın uşaqlıqda qurduğu xəyallar qədər asan olmadığını anlayırdı, qarğı atlar, taxta tapançalar qədər mərhəmətli deyildi düşmən. Nə yazıq ki, dünya da Nemətabad qədər bir ömür xoşbəxt yaşanıla biləcək məsum deyildi. Kəndlərindəki orta məktəbi bitirdikdən sonra- 2011-ci ildə hərbi xidmətə yollandı. Alnının ağıyla əsgəri borcunu verib evlərinə dönmədi. Vətən sevgisi onu hərbi hissədə qalıb xidmətə məcbur etdirdi. 2013-cü ildə Bakıda altı aylıq snayperçi kursu keçir və bu sahədə addım-addım irəliləyərək, 2014-cü ildən Naftalandakı "N" saylı hərbi hissədə kiçik çavuş rütbəsində xidmətini davam etdirir. Yoldaşları danışır ki, öhdəsində olan əsgərlərlə qardaş kimi rəftar edirmiş. İlham 2016-cı ilin aprel döyüşlərində igidliklə iştirak edir və ayağından yaralanır. Müalicə alıb sağaldıqdan sonra yenidən hərbi xidmətinə davam edir. İndi təkcə hərbçi kimi deyil, döyüşçü kimi də təcrübə qazanmışdı. Şəhid olduğu günə qədər çavuş kimi hərbi fəaliyyət göstərir. Silahdaşları danışır ki, hərbi hissədə keçirilən yarışlarda həmişə birinci olurdu. Onu bu uğurlarına görə xüsusi kursa göndərəcəklərmiş...
II Qarabağ müharibəsi başlamazdan bir neçə gün əvvəl məzuniyyət götürüb evlərinə gəlir. Ailəsi, qohum-əqrabaları ilə görüşüb, bir neçə gün dincəlmək istəyirmiş. Bu günlərdə elə hey ermənilərin nə qədər rəzil insan olduqlarından danışır, mütəfəkkirlərin onlar haqqında dedikləri fikirləri təkrar etməyi xoşlayırdı. Anası Bahar xanıma deyirdi- Ana, bilirsən Böyük Teymurləng bu fikri tez-tez təkrar edirmiş: Tarix mənə bir şeyi bağışlamayacaq. Erməniləri bir etnos kimi məhv etmək istəsəm də, ancaq etmədiyimə görə. Doğrudur, ermənilərin arasında da ola bilsin ki, yaxşıları var. Lakin bütövlükdə erməni xalqı alçaq və rəzil xalqdır. Heç vaxt fikrini üzə deməz, gizli saxlayarlar. Buna görə də adama mədəni təsir bağışlayarlar. Lakin imkan düşən kimi qanını tökər. Sonra əlavə edirmiş: gərək tökdükləri qanın əvəzini çıxaq, ana.       
Lakin elə o günlərdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda tarix səhifəsində çox bəhs ediləcək bir savaşa girdi xalqımız. Bəli, xalqımız o günlər 10 milyonluq Ordu idi. Bu Ordunun içində İlham və ailəsi də vardı. Müharibə xəbərini alan İlham heç nəyi düşünmədən hərbi hissəyə geriyə döndü.
Nemətabad kənd bələdiyyəsinin sədri Xudabaxış Rüstəmbəyli deyir ki, gəldiyi bir-iki gün idi, müharibə xəbərini eşidən kimi getməyə hazırlaşdı və yola çıxdı. Valideynlərinin yalvarışlarına bircə cavab verdi: "Narahat olmayın ey, müharibəyə getməyəcəm". Amma hamımız bilirdik ki, bizim tanıdığımız İlham birbaşa müharibəyə gedir.
Şəhidliyindən bir neçə gün sonra məlum olur ki, İlham qayıtdıqdan sonra hərbi hissədə müharibəni toy-bayramla qarşılayıb, şadyanalıq ediblər. Üçrəngli bayrağımızla rəqs edib, "Torpaqlarımızın işğal altında qalmasına son qoyacağıq artıq, o gün gəldi. Nəhayət, düşməni məhv edəcəyik", -deyə sevincdən uçurmuşlar. Sonradan o şənliyin videosunu İlhamın döyüş dostları ailəsinə təqdim edir, boynuna bayraq dolayıb rəqs edən İlham sanki toyda- bayramdaymış. Şəhid olan gün sinif yoldaşlarına zəng edib halallıq alır, deyir ki, sabah toyumuz başlayır. O, bununla üstüörtülü düşmənə tutacaqları toydan bəhs edib. Evlərinə də son dəfə zəng edir, qürurla danışır, ailəsinə deyir ki, narahat olmayın, hər şey əladır. Döyüşə girəcəyi haqqında yenə də bir kəlmə demir. Və telefonunu qapayıb, qoyur bir kənara. İlk döyüşü Suqovuşandan başlayır və Talış kəndinin azadlığı uğrunda davam edir. Dəqiq snayper atəşilə düşmən hədəflərini vuran İlhamın məhv etdiyi canlı düşmən 65-dən çox idi. Hətta separatçı qüvvələrin komandanlığı tərəfindən uzun müddətdir ki, mahir snayperçimizin başına pul mükafatı da təyin etmişdi. Təəssüf ki, müharibənin elə ilk günü aldığı yaradan Talış uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olur. İlham Yevlaxın Şəhidlər xiyabanında dəfn olunub.
Atası Elxan maldarlıqla məşğul olan sadə kənd adamıdır. Anası Bahar Məmmədova Axıska türküdür. Bu nur üzlü şəhid anasının ailəsi 1937- ci illərdə valideynləri Axıskadan sürgün olunarkən Yevlaxda məskunlaşıb. İki övlad böyüdüb ərsəyə çatdırmışdılar. Yenə analar, göz yaşları həm üzünə, həm ürəyinə axan ana övlad dağını çəkməkdə gücsüz olsa da, bu dərdi bir onurla, qürurla çəkir. İlhamın bacısı Aidə bir neçə il öncə ailə qurub Türkiyədə yaşayır. İki uşaq anasıdır. Bacının qardaşı üçün göndərdiyi mesajlar, ağılar ürək dağlayır. "Kaş bir yerdə olaydıq, kaş, uşaqlığımıza dönəydik, qardaş",- deyə bacı nalələri insanın tüklərini ürpərdir. Amma o ağıların, nalələrin arxasında bir qürur, fəxr dayanıb. İlhamın bacısı da, böyütdüyü övladları da həmişə bu qürurla yaşayacaqlar.
Məmmədov İlham Elxan oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır. 
 
Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31