Rada: Vitkoff və Kuşner Ukraynaya əvvəlkindən daha pis sülh şərtləri gətirib- ÖZƏL
10:15 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Anna Skoroxod ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşnerin Kiyevə əvvəl təklif olunanlardan daha ağır sülh şərtləri təqdim etdiyini bildirib.
Skoroxodun sözlərinə görə, yeni təkliflər əvvəlkilərdən fərqli olaraq Ukraynanın Konstitusiyasına dəyişiklik edilməsini və ərazilərin tanınmasını nəzərdə tutur.
"Bu, sadəcə olaraq irəliləyiş deyildi. Onlar əvvəlkindən daha pis şərtlərlə gəldilər. Əgər əvvəllər Konstitusiyaya dəyişiklik və ərazilərin tanınması tələb olunmurdusa, indi bunlar tələb edilir", - deyə deputat ukraynalı jurnalist Vitali Diki ilə müsahibəsində bildirib.
Skoroxod əlavə edib ki, əldə etdiyi məlumatların bir hissəsi qeyri-rəsmi mənbələrdən gəldiyi üçün bəzi detalları açıqlamaq istəmir.