“Azərbaycanın sakral coğrafiyası” silsiləsindən- Şirvanın Göyləri-dini, irfani məkan... (XIII yazı) ...Qismət Yunusoğlu yazır
26 Avqust 2021 11:28 Sosial
Şirvan hakimləri Ağası xan Allahverdi bəy oğlunun (1731-1789) və
Mustafa xan Ağası xan oğlunun (1768-1796) dini-irfani
dünyagörüşünün təşəkkülündə, Şirvanda, ona bitişik mahallarda
sufiliyin, dini-irfani təlimlərin yayılmasında böyük kəramət və ruh
sahibi Şeyx Eyyub Bayram oğlunun (1730-1796) xüsusi yeri
olmuşdur. Azərbaycan Respublikası ərazisində əhali sayına görə
(12 min nəfər) ən böyük yaşayış məntəqələrindən biri Göylər
kəndində həmin ocağın xələflərindən İbrahimpaşa Məhəmməd
oğlu, Sultanməcid Mustafa oğlu yaşamışlar.
Şamaxı şəhərindən cənub-qərbə 16 km aralı, Ləngəzbiz yaylasının quzey yamacında, Ərnohud yüksəkliyində yerləşən Göylər kəndi VII-VIII əsrlər yaşlı tarixi-memarlıq, sakrak-duyğusal abidələrinin inşasından əvvəlki dövrlərə də aid edilir. Çünki, Volqaboyundan, Şimali Qafqazdan, Dağıstandan, Car-Balakəndən gələn tacirlərin karvan yolunun bir qolu da Göylər-Padar-Muğan istiqamətində (müqəddəs ziyarətgah məkanlarından) keçmiş və Qarabağa, Qərbi Azərbaycana, Naxçıvana, Osmanlı Türkiyəsinə və Cənubi Azərbaycana, eləcə də Yaxın və Orta Şərq ölkələrinə qədər uzanmış, bu yolun bir hissəsi el arasında "Şamaxı-Ərdəbil" yolu adlanmışdır.
Yaşlı sakinlərin (Gülaməddin Qayıb oğlu (1901-1987), Xəlfə Əlövsət (1928-2018), Hacı Cüməli Seyidəli oğlu (1933-2005), Hacı Əziz Lələ oğlu (1930-2007), Nisbət Rəhim qızı (1910-1979), Suvara İbrahim qızı (1924-2004)...) dediyinə görə Həcc ziyarətində olan Hacı Bayram Mikayıl oğlu Məkkədə olarkən yuxuda ondan sorğu-sual olunub ki, el-oba üçün hansı xeyirli-savab işləri görmüsən? XX əsrin əvvəllərində yaşadığı "Məsəlli məhəlləsi"ndə el bulağı çəkdirən Hacı Bayram ziyarətdən qayıtdıqdan sonra Göylər kəndinin cənubunda, "Xaşoy dərəsi"nin üstündəki karvan yoluna bitişik, çətinliklə gedilən qayalıq-daşlıq 100 m-lik hissəni ("Çappa yolu"nu) salmışdır.
Beynəlxalq əhəmiyyətli mühüm ticarət yolunun üstündə yerləşən Şirvanın üç iri məntəqəsi (Lahıc-Maçaxı, Şamaxı və Göylər) iri ticarət-bazar meydanları, karvansarayları və dini-ibadət ocaqlarının əhatəsində olmuş, həm də milli sakral mədəniyyətimizin mərkəzinə çevrilmişlər.
Bu sıradan Göylər kəndinin əski tarixiliyini yaşadan maddi-mədəni və dini-irfani ocaqlardan biri Pir Mərdəkan türbəsi, qəbirstanlığı və karvansaray-ibadət kompleksidir. Müqəddəs məkanda tikili qalıqları hələ də dağılmayan böyük ölçülü karvansaray ərazisi (divarların eni 1 m-ə çatan), yardımçı tikililər (mədrəsə və ibadət hücrələrinin yeri) erkən orta əsrlərin yadigarı kimi öz tarixçilər, epiqrafçılar-arxeoloqlar tərəfindən hərtərəfli tədqiqini hələ də gözləməkdədir.
Pir Mərdəkan türbəsi barədə keçən əsrin 90-cı illərində görkəmli tarixçi-epiqrafçı alim M.S.Nemətova (1924-2016) "Azərbaycan pirləri" kitabında (1992) müəyyən məlumatlar vermiş və göstərmişdir ki, şərq memarlığı üslubunda inşa edilən bu sakral türbə-karvansaray şəbəkəsi Şirvanşah III Mənuçöhrün (1098-1160) oğlu I Fərruxzadın (1134-1204) əmri ilə böyük İslam alimi Tair Tac əl-Hüda Mədəkani ibn Əlinin qəbri üstündə hicri 583-600-cü, miladi 1188-1203-cü illərdə inşa edilmişdir. Əlavə qeyd edilib ki, Mədək Cənubi Azərbaycanda yaşayış məskənidir.
Şamaxı-Padar avtomobil yolunun solunda, "Kərimli dərəsi"nin üstündə yerləşən Pir Mərdəkan türbəsinin çıxışından 50 m aralı qədim, ikigözlü daş körpü (2 m x 2 m, boyu 3 m, eni 8 m, 200 ilədək yaşı var) cənubdakı Dübəkli və Qırlı yamaclarının suyunu 1970-ci illərədək axıtmış, sonuncu dəfə 1976-cı ildə təmir edilmişdir. Körpünün sol qolu üstündə, qədim "Çaylı qəbirstanlığı" yanında, yola bitişik hissədə "Ənöv piri"nin tikilsi 1980-1982-ci illərdə yol inşası zamanı aşkar edilmişdir.
Əski qəbirstanlıq, məbəd-məscid, karvansaray tikililərinin yeri "Kərimli məhəlləsi"ndə (buradakı "Baba Hacı qəbirstanlığı"nda eyni adlı ocaq da var) maddi-tarixi irsimizin öyrənilməmiş, amma tədqiqatı zəruri olan bir səhifəsidir. Hicri 205-ci (miladi 826-830-cu) ilə aid qəbirüstü, naxışlı və yazılı daş abidə kənd sakini Adil Hacıbaba oğlu (1960-2018) tərəfindən qorunub saxlanımışdır.
Göylər kəndinin "Tatarlar məhəlləsi"nin yolkənarı hissəsində, el arasında "Qəflə-qətir yolu"nun altında qədim qəbirstanlıq yerində 1990-cı illərdə həyətyanılar salınmışdır (bir neçə iri baş daşı qəbirlər hələ də qalmaqdadır).
Dağbeli uzanan qədim karvan yolunun üstündə (kənddən 6-7 km aralı) Sofu nohuru, İbrahim nohuru olub, indi yeri qalır, 1981-1982-ci illərdə yol çəkilişi zamanı doldurulub.
Həmin istiqamətdə "Tamaşah beli"ndən, "Xanımı dərəsi"ndən, qapçaqlardan enib Küdrü Şirvan düzünə çıxanda (karvan yolu üstündə) "Xəlifəli taxtası" əkin yerinə bitişik, Nəcəf və Bayquşlu qış otlaqlarının arasında "Sofu Sadiq piri" var, nohur və daş hodamın (dərinliyi 2 m, eni 3 m, uzunluğu 6 m) yanında. Hohurdan süzülən su 4 pilləli hodama yığılardı, 1970-ci illərədək. El arasında "Qorğa piri" kimi tanınan bu müqəddəs ocağa (üstünüdə bir sinə daşı var) qorxanları, əsəbi pozulanları, ağzı-üzü əyilənləri, yarası-xorası olanları... gətirirlər, üstündə sidqi-ürəklə Allah-Təaladan şəfa diləyirlər.
Göylər kəndindən Küdrüyə uzanan qəflə-qətir yolunun (el arasında "Faxra yolu" deyilir) sağ yönündən sallanan "Bala dərəsi", Həp çayının quru yatağı (1930-cu illərdə bu çayı öküz arabası ilə keçiblər) və "Saxsılı taxta" yeri qədim Qalacıq yaşayış məntəqəsinin ərazisini (15 hektara yaxın) əhatə edir, Çöl Göylər kəndinin quzeyi, 100-200 m üstdə (bu yerdən 4-5 km cənub-qərbə tərəf qədim Şəhərgah yurdlarının olduğu bildirilir. İndi əkin-örüş sahəsi olan bu hissə (orada 1970-ci illərdə rəngli, naxışlı saxsı qablar, müxtəlif ölçülü küplər tapılmışdır) VIII-IX əsrdlərdə karvan yolu üstündə yerləşib, yaxınlığındakı kurqanın (hündürlüyü 5-6 m) davamı qonşu Ovculu kəndi istiqamətində (3-4 km-lik məsafə boyunsa) müşahidə edilir.
"Saxsılı taxta" yerinin altındakı əski qəbirstanlıqda "Pirə Bağdad" ocağı uyuyur və mahalın dini-irfani məkanı kimi məşhurdur. İçərisində bir qəbir-sinə daşı (uzunluğu 3 m, eni və boyu 1 m), dairəvi tikili üstündə altıguşəli daş gümbəz (ümumi hündürlük 5 m-dir) var, qapısı (60 sm x 1,5 m) gündoğanadır. Tikili 1997-ci ildə yenilənib, usta Hacıağa Əlisa oğlu (1961-2012) tərəfindən. Ocağın yanındakı bir qəbir (dəvə təsfirli) 3 əsrin şahidinindir- Hacı Musa Hacı İbrahim oğlunun (1795-1901).
Çöl Göylər kəndindən cənuba 2 km aralıda, Ağsu arxının kənarında "Bala Qara piri"nin üstünə daş qalaqları yığılıb.
Şirvan bölgəsinin dini-irfani irsinin ruhani-sakral mənəvi zənginliyi həm də Sufiliyin yaranması, formalaşması və intibah mərhələrini ifadə edir. Erkən orta əsrlərdən etibarən Haqqa tapınmağın Ruh bütövlüyü, Səmimi etiqadı və Düşüncə -Yaşam tərzinin Türk-Müsəlman qaynaqlarından əxz edilməsi, dini təriqət yoluna-Sufiliyə çevrilməsi Şirvan sakral mədəniyyətinin ifadəsi olmuşdur.
Sufiliyin yaşanmasında Şeyx Eyyub baba ocağından olan Şeyx Mustafa Hacı Həmidpaşa oğlunun (1908-1986) və Şeyx Səlim Hacı Həmidpaşa oğlunun (1911-1995) müridləri və mürşidlərinin 1960-1970-ci illərdə Göylər, Quşçu, Ovculu, Nabur, Şıxlar, Qurbançı, Ərəbçahverdi, Qaracüzlü, Cəmcəmli... kəndlərində keçirdikləri tərənnüm zikr-irfan məclisləri dini məktəb idi.
1972-1974-cü illərdə Şeyx Mustafa babanın iştirakı ilə Göylər və Çöl Göylər kəndlərində ocağın müridi Hacı Əziz Lələ oğlunun, Xəlfə Məhəmmədin... imanlı ocaqlarında cümə günlərində keşirilən məclislərə uşaq-böyük, ahıl-cavan yığışardı (məclis iştirakçıların "Babaxaşılı" paylanılardı) ora, mərasimlər ruh zənginliyi, qəlb rahatlığı aşılayardı, dini təsəvvürlərə yol açardı. Sufilər əvvəlcə dini-irfani söhbətlər edir, ruhsal təsəvvürlərini bölüşür, sonra isə dövrə quraraq "Allah hey, can...", "Allah hey, can"... deyərək (1000 dəfə) zikr edirlər, cuşə gəlirlər və dairə daralır. Şeyx özü və ya müridlərdən biri "Amin" deyir, "Fatihə" surəsi oxunur, məclis başa çatdırılırdı, iki-üç saat ərzində.
Çöl Göylər kəndində Bəyağalı təbəhindən olan Leyli nənənin ocağına yığışardılar mürşidlər-müridlər, xəlfələr...
Tərənnüm zikrlərində Haqq-Təala, mübarək Peyğəmbərimiz, Həzrət Baba və Şeyx Eyyub baba yad edilərdi, adları çəkilərdi, elə olurdu ki, müridlərdən və mürşidlərdən də zikr yazanlar olurdu, Hacı Əziz Lələ oğlu kimi...
Əziz, deyirsən bu sözü,
Kömək olsun Ustad, özü.
Şeyx Eyyub gümbəzi,
O da hər vaxt Allah deyir...
Güman edilir ki, Şirvanda Sufiliyin müqəddəs dini-irfani məkanlarından biri də Həzrət Baba ocağı olub. Təsadüfi deyil ki, bu müqəddəs ocağı (3632 m) ziyarətə gedənlər tərənnüm-zikr demədən yola çıxa bilmirlər:
Həzrət Baba məqamında,
Biz əyləşdik ocağında,
həm Musanın bulağında.
Qurban sizə, yol ver bizə.
(Musa bulağı müqəddəs məqamdan 50-60 m aşağıda qaynayır, bir parç miqdarda)
Daşlı-daşlı çaylarınla,
Axar sellər-sularınla,
Özün gedən yollarınla,
Qurban sizə, yol ver bizə...
Ruhun, inamın, etiqadın... təmizlənməsi, irfani hissin güclənməsi həmin tərənnüm-zikr məslislərinin təsiri ilə olurdu ki, Nisbət Rəhim qızı deyirmiş ki, inəyi sağanda da "Ya Mustafa", "Ya Mustafa" səslənir.
İnamın-irfanın gücü idi ki, Şeyx Mustafa bədəni,başı, boynu... ağrıyanlara əlini çəkirdi, şah damarlarını ovuşdururdu, çəfa-məlhəm paylayırdı.
1973-cü ildə Çöl Göylər kəndində keçirilən belə məclislərin birinə Şeyx Mustafa babanın yanına Bağırlı kəndindən əsəbləri tamam pozulmuş, davranışlarını idarə edə bilməyən cavan bir oğlanı gətiriblər, şəfa diləyiblər. Baba göndən hörülmüş tatarısı (qırmancı) ilə (onun yorğa kəhəri var idi) həmin oğlanı bircə dəfə vurdu, dedi ki, açın zəncirini...
Cavan ac olduğunu bildirdi və zikr deməyə başladı...
Göründüyü kimi, Şirvanın Ləngəbiz yaylası və Küdrü-Aran nahiyəsinin dini-sakral irsinin zənginliyinə ünvan olan yalnız Dağ və Çöl Göylər kəndlərinin timsalında əski irfani-sufi tariximizin qısa məzmunu bir sıra dəyərli səhifələri özündə yaşadır.
(Yazının hazırlanmasında həm də Şamaxı rayonu, Göylər kənd sakinləri Aydın Əlövsət oğlu İsrafilovun (1959, İbrahim Əlövsət oğlu İsrafilovun (1962), Nurbala Əlibaba oğlu Rəhimovun (1954) və Xəqani Adil oğlu Məsimovun (1989) məlumatlarından istifadə edilmişdir.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi