GÖZLƏRİNİN YAŞI BÖYÜYÜB, GÖZLƏRİNDƏN BÖYÜK OLAN ANALAR…
Sizsiz qarşılayacağımız ilk bahardır, şəhidlərim!
26 Avqust 2021 10:31 SosialGÖZLƏRİNİN YAŞI BÖYÜYÜB, GÖZLƏRİNDƏN BÖYÜK OLAN ANALAR...
Sizsiz qarşılayacağımız ilk bahardır, şəhidlərim!
Təbiət canlansa da, günəş boylansa da Sizsiz qəlblər hər zaman soyuq qalacaq. Elə bil, günəş də 30 illik əsarətin kölgəsindəydi.
Hər bahar gələndə günəş də bizim əsarətdə olan torpaqlarımıza kədərlə, utana-utana boylanırdı...
Bu bahar günəş o qədər parlaq oldu ki, sizlərin öz canı, qanı bahasına azad etdiyiniz torpaqlara ruh verdi, cana gətirdi.
Qarabağ həsrətinə son qoyub, sevdiklərinə cənnətdə qovuşanadək həsrət qalan Səfərov Nicat Vaqif oğlu kimi igidlərimizə borcluyuq, bu ilki azad bahar üçün...
1992-ci il may ayının 4-də Yevlaxda anadan olub Nicat. Sonra ailəsi Gürcüstanın Qardabani rayonunun Qara Təhlə kəndində məskunlaşıb. Nicat orta təhsilini Gürcüstanda Səməd Vurğun adına orta məktəbdə alıb.
O dövrlərdə, yəni I Qarabağ müharibəsi zamanı Nicatın atası Vaqif 1990-cı ildən 1995-ci ilədək Qarabağ uğrunda igidliklə vuruşub. 2008-ci ildə ailə Yevlaxa qayıtmağı qərara alıb.
Anası Cəmilə xanım 3 saylı tam orta məktəbdə xadimə işləyib. Ailənin Nicat və Aytəkin adlı iki övladı olub. Həqiqi hərbi xidmətə çağırılan Nicat Naxçıvanda xidmət edib. Xidməti dövründə nizam-intizamı ilə seçilən Nicata Müdafiə naziri özü şəxsən qol saatı hədiyyə edib.
Hərbi xidmətdən qayıtdıqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmaq üçün müraciət edib. Kursu bitirən Nicatı təyinatla Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəyə kəşfiyyatçı kimi göndəriblər. Beş ay həmin hərbi hissədə çalışdıqdan sonra Aprel döyüşləri baş verir. Xain düşmən, haram yeməyə adətkar olan düşmən öz riyakarlığından əl çəkməyərək, yenidən qəfləti hücuma keçir. Cavid əfəndi yadıma düşür:
-İblis nədir?
-Cümlə xəyanətlərə bais
-Ya hər kəsə xain olan insan nədir?
-İblis.
Bəli, onlar əsl iblislər idi və türklərin qanına yerikləyirdilər. Bunu Nicat Səfərov da əla bilirdi. Elə buna görə də düşmənə nifrəti sonsuz idi. Aprel döyüşlərində xüsusi cəsurluq göstərir Nicat.
Vətəninə, torpağına canı, qanı ilə bağlı olan igidimiz öz qüruruna heç cür sığışdıra bilmirmiş ki, torpaqlarımız düşmən tapdağındadır. Bu, onu ruhən, qəlbən incidirmiş. İnanırdı ki, tezliklə torpaqlarda öz əbədi sahibləri yaşayıb, yaradacaqlar.
27 sentyabr 2020-ci ildə müharibə başlayan zaman xəyalında canlandırdığı Qarabağ, Xarı bülbül arzusu ilə döyüşlərə qatılırdı. Murovdağ istiqamətində igidliklə vuruşurdu.
Çox mərd olub, igid olub, qorxmaz olub! Yağış kimi yağan güllələrin altında irəliləyirmiş, həmişə də deyirmiş: erməni nədi ki, onun qabağından qaçım?!
Həyat yoldaşı Nərgizdən o qədər razı idi ki. Bilirdi, bilirdi ki, 2015-ci ildə anadan olmuş oğlu Orxanı, 2016-cı ildə anadan olmuş digər oğlu Ayxanı adına layiq igidlər təki böyüdüb tərbiyə verəcəkdir. Və nə Orxan, nə Ayxan Nərgizi tək qoymayacaqlar. Qoymayacaqlar ki, onları xiffət etsin, bu dünyadan üz döndərsin.
Ən qızğın döyüş nöqtələrində cəsarəti, igidliyi ilə örnək olub döyüş yoldaşlarına. Heç bir yaralını yarı yolda buraxmırdı Nicat. Şiddətli döyüşlər zamanı atəş altında Nicat irəli atılaraq yaralıları döyüş meydanından çıxarırdı.
Ölüm-dirim zamanıydı. O, dörd gözlə ətrafına baxır, döyüş yoldaşlarını qoruyurdu. Həmin döyüşlərin birində yenə əsgər yoldaşı yaralanır. Nicat onu döyüş nöqtəsindən uzaqlaşdırmaq üçün irəli atılır. Döyüş yoldaşını xilas etməyi bacarsa da özü şəhidlik zirvəsinə ucalır.
Nicat axırıncı dəfə müharibədən bir gün öncə, sentyabrın 26 - da ailəsi ilə danışır. Və... səssizlik...
Atası Vaqif deyir ki, qara xəbəri alacağımdan çox qorxurdum. Amma anasına hiss etdirmirdim. Bilirdim ki, gecələr yatmır, dua edir balası üçün. İstəyirdim ona təskinlik verim. Söz axtarırdım, tapa bilmirdim, sanki dilim tutulmuşdu. Lal baxışlarımı gizlədirdim anasından. Amma ana ürəyi qədər həssas ürək kimdə var?! Elə bil ananın qulaqlarına oğlu pıçıldayıb deyirdi:
Gizli ölmək istəyirəm,
Xəbər tutsan, bağışla.
Qorxuram unutmayasan,
Yox, unutsan, bağışla.
Qışda ölsəm qəm eləmə,
Yerim isti olacaq.
Səssiz ölmək istəyirəm,
Səssiz ölsəm, bağışla.
Bu səssizlik Cəmilə xanımı vahiməyə salırdı. Axı, düz iki ay, doqquz gün idi oğlundan xəbər tuta bilmirdi. Gecələri ağlayıb, gündüzləri sızlayırdı Nicatı üçün.
Deyirdi ki, Nicat belə səbrli deyildi, əgər zəng eləmirsə...
Səbrli sən oldun, Cəmilə xanım! İnanmadın, inanmaq istəmədin balanın yoxluğuna... ta ki...
5 dekabr 2020-ci ildə balan Nicatı üçrəngli bayrağa bürünmüş tabutda görənə qədər...
İki ay doqquz gün oğul yolu gözlədin, heç ümidini üzmədin, dedin Nicat yaralanar, amma ölməz! Doğurdan da sənin Nicat balan ölmədi, ana, şəhid oldu!
Bilirəm, dərdin böyükdür, Cəmilə ana! Gecələri yuxun qaçacaq, gözlərin yollara dikiləcək, xəyallarla dərdləşəcəksən, arzuların yarımçıq qaldığı yerə nifrət edəcəksən, yenə üz tutacaqsan Şəhidlər xiyabanına Nicatınla dərdləşmək üçün...
Ondanmıdır ki, Şəhidlər xiyabanında Cəmilə xanımın gözlərinin yaşı böyüyüb, gözlərindən böyük olurdu? Ancaq güllərlə bəzədilmiş Nicatın qürurlu baxışlarının, qələbə əzmli gülümsər çöhrəsinin, şah qamətinin qarşısında istər-istəməz fəxr edirdi.
Səfərov Nicat Vaqif oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır!
Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalısti