Kredit borcuna görə həbslər hansı məqsədi daşıyır?

Zaman-zaman mübahisəli kreditlərdən dolayı məsələ məhkəmə predmetinə çevrilir, hətta bəzi hallarda borcu qaytara bilməyən müştəriyə qarşı cinayət işi də açılır, həbsqətimkan tədbiri seçilir.

Zaman-zaman mübahisəli kreditlərdən dolayı məsələ məhkəmə predmetinə çevrilir, hətta bəzi hallarda borcu qaytara bilməyən müştəriyə qarşı cinayət işi də açılır, həbsqətimkan tədbiri seçilir. Düzdür, bu məsələyə yanaşma müxtəlif cür olsa da, əsas etibarilə hər bir tərəf qanun, qəbul edilən qərar qarşısında aciz qalmalı olur. Bəs görəsən, kredit borcuna görə həbslər nə dərəcədə normaldır və hansı məqsədi daşıyır:

Hüquqşünas Əli İbrahimov deyir ki, kredit borcuna görə vətəndaşların həbs edilməsi həm konstitusiyaya, həm də Avropa İnsan Hüquqları Konvensiyasına ziddir, Onun sözlərinə görə, Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var. Kredit borca görə həbslər "təzyiq metodu"-ndan başqa bir şey deyil: "Kredit borcuna görə, vətəndaşların həbs edilməsi həm daxili qanunvericiliyə, həm də beynəlxalq konvensiya ziddir. Belə ki, vətəndaş kredit borcuna görə, o vaxt inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər ki, bank və ya bank olmayan kredit təşkilatından kredit götürən şəxs kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq, kredit borcunu banka qərəzli şəkildə ödəmir və kredit təşkilatı preblemli kredit kimi qeydə almalı, yaranmış preblemi təhlil etməli və ödənişə nail olmalıdır. Əgər vətəndaş ödəniş edə bilmədikdə, bank məhkəməyə müraciət etməli və müvafiq məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra qərar borclunun yaşadığı və ya işlədiyi ərazidəki icra məmuruna göndərilməlidir. İcra məmuru borcluya 10 gün vaxt verir ki, borc öhtəliyini könüllü olaraq ödəsin". Hüquqşünas hesab edir ki, əgər borc bu vaxt ərzində ödənmirsə, borclu şəxsin əmlakı olduğu sübut olunursa və o, bilərəkdən borcu ödəməkdən yayınırsa, üzürsüz səbəbdən, tam qərəzli şəkildə borcunu ödəməkdən yayınmasını sübut edə bilərsə, icra məmuru məhkəməyə müraciət etməlidir: "Məhkəmə də onu əsaslandırmalıdır ki, bu insanın həqiqətən də imkanı var və ödəniş etmir. Yaxud da, işləmək imkanı var, amma işdən yayınır. Belə olan halda İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən, cərimə oluna, hətta 1 aya kimi inzibati həbs cəzası ala bilər. Vətəndaş borcunu bundan sonra da qərəzli şəkildə öhtəliklərini icra etməzsə və borcu qaytarmaqdan imtina edərsə, artıq onun üçün cinayət işi açıla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsinə əsasən, 3 ilə qədər azadlıqdan məhrum oluna bilər. Ona görə də, birbaşa, konkret olaraq borc öhtəliyinə görə müştərinin həbsi nəzərdə tutulmur. Sadəcə məhkəmə qətnaməsinin icra edilməməsinə görə, qanunvericilikdə belə bir tədbirlər var".

Hüquqşünas son vaxtlar təhqirə görə, baş verən həbslər, məhkəmə qərarları barədə də danışıb: "Bir insanın digər bir insan haqqında ortaq tanışlar, qohumlar arasında, şər-böhtan ataraq danışarsa, haqqında nalayiq ifadələr işlədərsə, bu hüquq pozuntusu sayılırmı? Bu halda hüquq-mühafizə orqanlarına müraciət etmək olarmı? Bu məsələ Cinayət Məcəlləsinin 147 və ya 148-ci maddələri ilə tənzimlənir":

Əli İbrahimov deyib ki, Məcəllənin 147-ci maddəsinə görə, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlar edərək yaymaq min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: "Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 148-ci maddədə isə təhqirlə bağlı müddəa yer alır: Təhqir, yəni kütləvi çıxışlarda şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda xüsusi ittiham qaydasında, yaxud da ki üzr istənilməsi və mənəvi zərərin ödənilməsi tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmək olar. Amma bunun üçün konkret şahidlər, səs yazısı, video görüntü, yaxud yazılı sübutlar olmalıdır. Belə olan halda məhkəmə şikayət edənin xeyrinə qərar çıxara bilər".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31