İranın TRIPP şərti layihəyə mane ola bilərmi?- Politoloqdan açıqlama- ÖZƏL
17:41 SiyasətTehran Ermənistanın Baş naziri Nikol Paşinyana "Tramp Yolu" (TRIPP) ilə bağlı yeni şərt irəli sürüb. İran layihənin təhlükəsizliyinin yalnız Ermənistan və ya artıq ölkədə yerləşən üçüncü ölkənin, ehtimalən Rusiyanın, qüvvələri tərəfindən təmin edilməsini tələb edir. Tehran bununla Ermənistan ərazisində ABŞ hərbçilərinin yerləşdirilməsinin qarşısını almağa çalışır. Bu vəziyyət TRIPP-in reallaşmasını çətinləşdirə bilər. Bəs İran və Rusiya bu məsələdə koordinasiyalı siyasət yürüdürmü?
Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlama verib:
" İranın bəyanatında yeni bir şey yoxdur və ciddi şəkildə TRIPP marşrutuna təsir edən bir faktor da görmürəm. Ona görə ki, Ermənistan rəhbərliyi dəfələrlə bəyan edib ki, TRIPP layihəsində, yəni Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində Amerika Birləşmiş Ştatlarının hərbçiləri nəzərdə tutulmayıb. Burada ancaq ABŞ-nin investorları və bu marşrutun tikintisində, onun istifadə olunmasında ABŞ şirkətləri, ABŞ mütəxəssisləri cəlb olunacaq.
Yəni, bəyanatın verilib-verilməməsi heç nəyə təsir etmir, bu bir. İkincisi, İran tərəfinin verdiyi bəyanatda qeyd olunur ki, ya Ermənistan, ya da Ermənistan ərazisində yerləşən-yəni işarə edirlər Rusiyanı- onların silahlı qüvvələrindən fərqli qüvvələri biz qəbul eləməyəcəyik. Amma maraqlıdır, bundan əvvəl Ermənistan ərazisində yerləşən Avropanın müşahidə missiyası fəaliyyət göstərəndə biz heç İran tərəfindən hər hansı bir bəyanat eşitmədik. Ona görə mən düşünürəm ki, bu bəyanatı İran tərəfi verərkən, əvvəlcədən vəziyyəti bilirdi, sadəcə olaraq, "mən də varam" bəyanatını bir daha təkrarlayır.
Əgər İran tərəfi qeyd etsəydi ki, ancaq Rusiya silahlı qüvvələri müdafiə edər, məsələn, sizinlə razılaşardım. Amma bu bəyanatın Rusiya ilə kordinasiya olub-olmaması layihəsinin həyata keçirilməsinə hər hansı bir mənfi təsir göstərmir. Bu baxımdan hesab etmirəm ki, ümumiyyətlə, bu layihənin həyata keçirilməsinə hansısa bir maneə ola bilər".
Zeynəb Mustafazadə