El döyüşçüsü  Abuzər Süleyman oğlu...

XX əsrin əvvəllərində Qərbi Azərbaycanda  ictimai-siyasi  proseslərin fəal iştirakçısı, ictimai xadim, düşmənə  qarşı xalq   müqaviməti hərakatının yaradıcısı və öndəri, milli hərb sənətinin        incəliklərinə bələd olan, həmişə döyüşlərin önündə gedən  Abbasqulu bəy Xanbaba oğlu Şadlinski (1886-1930)        xasiyyətcə  çox zəhmli  və hirsli olub. Bir dəfə ayağı yaralı halda        kənddəki  evində  sarğını-məlhəmi ləng gətirənə acığı tutan Bəyin naqanla açdığı atəş Xanımın  tumanını deşik-deşik  etmişdi və   bu zaman onu güclə sakitləşdirib yavəri-Abuzər       Süleyman oğlu.                1905-1920-ci illərdə yaranışından mənfur olan hay kilsəsinin, birləşmiş hay-daşnak və rus silahlı, nizami qoşun dəstələrinin Qərbi Azərbaycanda silahsiz, dinc Müsəlman-Türk əhalisinə qarşı dini, etnik, milli... zəmində yaşatdıqları faciəvi soyqırım qətliamlarının miqyası qarşısı alınmaz olduğundan yerli özünümüdafiə dəstələrinin, el müqaviməti hərakatının yaradılması hərbi-siyasi zərurətə çevrilmişdir.

Nəinki Vedibasar mahalında, eləcə də qonşu Zəngibasarda, Gərnibasarda, Zəngəzurda, Naxçıvanda... el hörməti qazanmış Böyük Vedi kəndindən olan Abbasqulu bəy Şadlinski həmin dövrdəki ictimayi-siyasi hadisələrin gedişini düzgün qiymətləndirərək 1905-1920-ci illərdə hay kilsəsinin və azğınlaşmış daşnak quldurlarının qanlı hücumlarına qarşı Vedibasar mahalının kəndlərinin (Böyük Vedi, Goravan, Şirazlı, Şidli, Xəlisə, Qaralar, Şıxlar, Daşlı, Taytan, Yengicə, Çimən...) döyüşçüləri hesabına xalq müqaviməti ("Mübariz dəstə") hərəkatını yaratmış, digər yerli özünümüdafiə bölmələrini ümumi məqsəd üçün səfərbər etmişdir.

Düşmən qüvvələrinin qərargahına və cəbbəxanasına qəflətən basqınların təşkili, hərbi-kəşfiyyat məlumatların əldə olunması və kəndlərin təhlükəsizliyinin təmin edilməsi kimi mühüm tapşırıqların yerinə yetirilməsi ilə yanaşı, bu dəstələr-mübariz qüvvələr açıq səngər döyüşlərində iştirak etməklə quldurlara sarsıdıcı zərbələr endirirdilər. Bu dəstələrlə hərbi təlimlərin, döyüş hazırlıqlıqlarının keçirilməsi yerli onbaşılara və yüzbaşılara həvalə edilirdi (1918-ci ildə bir müddət bu hərbi hazırlığı-təlimi Osmanlı Türkiyəsinin zabitləri də aparmışlar), ümumi nəzarəti isə Abbasqulu bəy aparırdı.

Ətraf kəndlərdən cavanların bu dəstələrə qoşulması könüllü idi, onların fiziki hazırlığı, döyüşə həvəsi və atıcılıq qabiliyyətinin olması yoxlanılırdı, onlar haqqında əlavə məlumat toplanılır, eləcə də Abbasqulu bəy onları xüsusi sınaqdan da keçirirdi..

...1908-cı ilin isti yay günlərinin birində  Böyük Vedi kəndində Abbasqulu bəyin bir mərtəbəli, sadə evinə (1988-ci ilədək qalan bu ev kəndin qırağında idi, kiçik həyəti bağlı-bağçalı idi, dəstələr isə 50 m aralıdakı düzəngahda salınmış düşərgədə qalırdı) atasını erkən itirmiş bir gənc gəlir, Bəydən dəstəyə qəbul edilməsini xahiş edir.  Hələ yeniyetmə olduğuna görə Bəy onu geri qaytarır, həyətdə işləyən yaşlı bağban Bəydən xahiş edir ki, bu gələn zirək, qocaq uşağa oxşayır, onu dəstəyə götürsən peşman olmazsan. Bəy bu məsləhəti eşidir.

Və beləliklə, qonşu Qaralar kəndinin 16 yaşlı bir cavanı-Abuzər Süleyman oğlu Sərdarov (1892-1983) "Mübariz dəstə"nin üzvü olur, baxmayaraq ki, onun böyük qardaşı Əmir Süleyman oğlu Sərdarov (1888-1971) artıq bu dəstənin onbaşısı idi.

"Mübariz dəstə"nin sıralarında Vedibasarın el döyüşçülərindən Şidli kəndindən Kərbəlayı İsmayıl,  Qaralar kəndindən Orucəli Hüseynəli oğlu, Qarabağlar kəndindən Sarı Kərəm, Çimən kəndindən Qılınc Məhəmməd... ağır vuruşlarda xüsusi şücaət göstərərək ad qazanmışlar.

Onlardan biri də Abuzər Süleyman oğlu idi. Düşmənə qarşı amansızlığı, hərbi təlimlərdə-döyüşlərdə xususi bacarığı, sərrast atıcılığı, cəsurluğu, cəldliyi, tədbirliyi və qorxmazlığı Abbasqulu bəyin nəzərindən yayınmamış, qısa müddətdən sonra onun ən yaxın, etibarlı, sınanılmış çiyindaşı kimi qəbul olunmuşdur. Sərkərdə hara gedirdisə, Abuzər də onun sol yanında idi.

Vedibasar mahalı Qərbi Azərbaycanın hərbi-siyasi əhəmiyyətinə görə strateji üstünlüyə malik qədim tarixi-coğrafi ərazisi olduğundan (Osmanlı Türkiyəsinə, Cənubi Azərbaycana, Naxçıvana birbaşa quru əlaqəsi olduğundan, Yaxın və Orta Şərqə uzanan beynəlxalq ticarət yolu üzərində yerləşdiyindən) hay kilsəsinin və daşnak quldur birləşmələrinin 1904-1906-cı, 1914-1915-ci və 1918-1920-ci illərdə törətdiyi dağıdıcı hərbi hücumların meydanına çevrilmişdir. Həmin illərdə bölgənin 40 min nəfərə yaxın əhalsinin 10 min nəfəri amansızlıqla qətlə yetirilmiş, onlarca kənd (Hand, Kolanı...) yer üzündən silinmiş, bir neçə boşaldılmış kəndlərə (Qaralar, Şirazlı, Çığın Qaraqoyunlu, Arazdəyən...) isə xaricdən köçürülənlər və muzdlu döyüşçülər yerləşdirilmişdir. Əsas hücumlar İrəvan qəzası istiqamətindən,Vedi dağlarının şimal yamaclarında yerləşən Gərnibasar mahalının Darğalı, Yuva, eləcə də Qəmərli kəndlərindən edilmişdir. Amansız qətliamlar dağlıq yerlərdəki Qədili, Kolanı, Qarabağlar, Daşlı, Hacı İlyas (başqa adı İnəkli, kənd "Hacı İlyas pir" şərəfinə belə adlanıb), Hand, Çimən... kəndində, gərgin döyüşlər isə aran Ağrıdağ düzünün Şidli, Şirazlı, Avşar, Qaralar, Arazdöyən (Araz çayından 10 km aralı)...kəndlərində olmuşdur.

Vedibasar mahalının cəbhə xətti boyunca (Darğalı-Arazdöyən kəndləri istiqamətində) "Mübariz dəstə" üzvləri, yerli könüllülər gecə-gündüz düşmən həmlələrini dəf etməkdə idi.

Çar Rusiyasının Qafqaz ordusunun silah-sursat cəbbəxanası ilə təchiz edilmiş hay-daşnak quldurlarından fərqli olaraq açıq səngər döyüşlərinin getdiyi Qaralar-Böyük Vedi döyüş xəttində Abuzər Sülüeyman oğlunun dediyinə görə onların cəmi bir pulemyotu var idi. Həmin silahı da Ağdağ yaxınlığında  (Qaralar kəndinin şimalında, 5 km aralıda) mühasirəyə düşən və silahlarını qoyub qaçan düşməndən ələ keçirmişdilər.

Abbasqulu bəy bu qənimətlə bağlı dəstə üzvləri arasında şərt qoyur-sizə səhərə kimi möhlət verirəm, kim silahı söküb-yığsa ona verəcəm bu silahı-deyib gedir. Bir xeyli sonra bezib dağılışan yoldaşlarından seçilən Abuzər sübh açılana kimi "sarı silahı" söküb-yığır, atmağı öyrənir.

Səhər açılır, Bəy dəstə üzvlərini yığıb soruşur, hamı Abuzərin adını çəkir, O da ona deyir:

-Abuzərim, pulemyot sənindir.

Bir cəhəti qeyd etmək vacibdir ki, yerli özünümüdafiə dəstələrinin silah-sursatla, hərbi ləvazimatla təmin olunması dəstə üzvləri ilə yanaşı, həm də  kəndlərdə imkanlı şəxslərin, döyüşlərə gedə bilməyənlərin vəsaiti hesabına olmuşdur.

Ümumiyyətlə, Bütöv Azərbaycanda 1905-1920-ci illərdə hay-daşnak quldurlarının xalqımıza qarşı soyqırım faciələrinin qarşısının alınması naminə yaranan yerli özünümüdafiə dəstələrinin təminatında el dəstəyinin-el yardımının rolu böyük olmuşdur.

1915-1918-ci illərdə  Darğalı-Yuva istiqamətindən Qaralar, Avşar, Şıxlar, Yengicə... kəndlərinə edilən hücumların qarçısı Vedi çayının yatağı boyunca uzanan müdafiə səngərlərində (Nişan körpüsü, Ağdağın ətəyi, Qırın yeri...) alınmışdır. 

1960-cı illərdə həmin yerlərin əkin-örüş sahələrində çoxlu sayda paslı giliz-güllə qalıqları tapılırdı.

1970-ci illərdə Abuzər Süleyman oğlunun söylədikləri (1917-ci ilə aid) həmin dövrün hərbi-döyüş əməliyyatları barədə qiymətli tarixi faktlar olduğu kimi, həm də yerli hərbi vəziyyət barədə dolğun təsəvvür yaradır:

- Payız vaxtı bir gecə Bəy 7-8 nəfəri yığdı bir yerə ki, atlanın gedirik, amma hara, nəyə görə...bir kəlmə də demədi.

Qəmərli nahiyəsinin üstündən, Ağdağın ətəkləri, Vedi dağlarının quzey yamacları ilə Taytan, Yengicə kəndlərinin üstündən keçib (35-40 km məsafədə) Darğalı kəndinə yetişdik (kəndin arxası dağa bitişik, 200-ə qədər evli, yezidi kürdləri və haylar yaşayır). Kənddən 2 km aralıda düzən hissədə, "Darğalı dərəsi"ndə quldurların düşərgələri salınmışdı-tikanlı məftillərlə əhatələnmiş. Demə, məqsəd "dil" əldə etmək imiş.

Düşərgəyə çatmamış (1 km kənarda) dərədə atları saxaldıq, 1 nəfər gözətçi ilə. Dəstə düşmən qalan yerə piyada irəlilədi, qabağda Abbaqulu bəy gedirdi. Tapşırıq belə idi ki, gözləyək, düşərgəni qoruyan növbətçilər dəyişiləndə "dili" (çünki, o vaxt hələ yuxulu-yuxulu yerinə gələnə kimi) ələ keçirmək lazımdır. Vaxt çatanda, biz qabağa keçəndə düşərgədəki itlər hürüşməyə başladı, içəridən çıxan haylar itlər hürüşən səmtə güllə yağdırdılar.

Dəstə geri çəkiləndə Abbasqulu bəy arxada gəlirdi, gördüm "ayağını çəkir" ağır-ağır. Baxdım ki, qıçından qan axır, gəldik çatdıq atlar saxlanılan mərəyə, artıq çəkməsi qanla dolmuşdu, bir kəlmə dedi:

-Anam yoxdur ki, mən öləndə ağlasın...

Daha sonra, A.Süleyman oğlu xatırlayır ki, 1918-1919-cu illərdə hay silahlıları tez-tez Qaralar-Arazdöyən istiqamətinə hücum edirdilər, qarşısını alıb, onları geri qovurduq. Səngər yerləri kənddən 200 m cənub-qərbə doğru, çay dərəsinin üstü idi.

Bir dəfə qısa fasilədə pulemyota şilid (güllə darağı) verən yoldaşı A.Süleyman oğlu siqaret çəkən zaman keçir silahın arxasına, anındaca alnından nişan alınır.

Haylar bu səmtdən Şərur-Sədərək xəttini keşib Naxçıvana daxil olmaq istəyirdi, Arazdöyəndən Sədərək kəndinədə 4-5 km məsafə var. Başqa bir döyüş xətti Kiçik Vedi-Şıxlar kəndləri boyunca yaranmışdı ki, düşmən oraya Yuva kəndindən hücum edirdi (yenə də Araz çayını keşib Sədərək kəndində mövqe tutmaq üçün), amma heç birində uğur qazana bilmirdi.

1919-ci ilin payızında Vedibasar mahalının adı çəkilən kəndlərinin camaatı Şərur-Sədərək-Culfa istiqamətində Araz çayını keşib (çoxları canı-malı ilə axar sularda qərq olmuşdur) Maku vilayətinin Dəmiqışlaq, Pəncərli, Molla Həsən, Ağgöl, Qomqışlaq... kəndlərində bir neçə il qalmağa məcbur olmuşlar.    

Orada da Abbasqulu bəyin yanında Abuzər Süleyman oğlu idi.

A.Şadlinski və onun silahdaşlarının Cənubi Azərbaycan həyatı da (1919-1921-ci illər) ictimai-siyasi əhəmiyyətli dəyərli faktlarla zəngin olmuşdur.

Qərbi Azərbaycana qayıtdıqdan sonra A.Süleyman oğlu doğma kəndlərində təsərrüfat işlərində çalışmış və 1983-cü ildə ürək tutması xəstəliyindən vəfat etmiş, Qaralar kənd qəbirstanlığında dəfn olunmuşdur.

R.S. Qərbi Azərbaycanın Vedibasar mahalınınDarğalı kəndinin adını hay kilsəsi tərəfindən 1949-cu ildə-"Anastasavan" (daşnak A.İ.Mikoyanın şərəfinə), Daşlı kəndi-1968-ci ildə "Daştakar", Hacı İlyas kəndi-1978-ci ildə "Darakert", Arazdəyən kəndi-1968-ci ildən "Erasx"...  adlanmışdır.

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Vedibasar mahalının Qaralar kənd sakini Heydər əli Abuzər oğlu Sərdarovun (1941)   məlumatlarından istifadə edilmişdir.)

Qismət  Yunusoğlu,  

Bakı Dövlət Universitetinin müəllimi 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31