Yunus  Oğuzun yaradıcılığında Qarabağ

Qaragözova Elnarə

Fil.f.d. AMEA Nizami Gəncəvi adına

 Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Yunus Oğuzun istər elmi, istər bədii, istərsə də publisistik yaradıcılığında Qarabağ mövzusu önəmli yer tutur. "Nadir şah" (2008),"Təhmasib şah" (2009), "Əmir Teymur-zirvəyə doğru" (2011), "Əmir Teymur-dünyanın hakimi" (2012), "Şah arvadı və cadugər" (2013), "Sultan Alp Arslan" (2015), "Atabəy Eldəniz" (2017),  "Ovçu" (2018), "Səfəvi Şeyxi" (2019), "Çingiz xan" (2020) tarixi romanlarının  müəllifi olan  Yunus Oğuz yalnız yazıçı kimi deyil, bir tarixçi alim, siyasi xadim kimi də daim Qarabağ mövzusunu diqqətdə saxlamışdır. Yunus Oğuzun və  Rövşən Novruzoğlunun həmmüəllifliyi ilə  2003-cü ildə  Londonda ingilis dilində nəşr olunmuş "Qarabağ-nəzarətsiz zona" adlı kitab buna bariz nümunədir. Bu kitab  əzəli Azərbaycan torpağı olan Qarabağın erməni işğalçıları tərəfindən zəbt edildikdən sonra vandalizmə məruz qalmaqla yanaşı  beynəlxalq hüquqa zidd, bəşəri cinayətlərə rəvac verə biləcək əməllər məkanına çevrilməsi barədə beynəlxalq ictimaiyyətə ünvanlanmış tarixçi alim mövqeyini, insan harayını sərgiləyən sanballı bir elmi baxış kimi diqqətəlayiqdir.  

2018-ci ildə çap olunan "Ovçu" romanı ilə Yunus Oğuz "Qarabağ-nəzarətsiz zona" kitabında onu tarixçi alim, siyasi xadim, vətəndaş kimi daim düşündürən Qarabağ mövzusunu bədii müstəviyə gətirir. Qeyd etməliyik ki, "Ovçu" romanı ədəbiyyatımızda Qarabağ uğrunda xalqımızın uzun illər davam edən mübarizəsində mühüm dönüş mərhələsi olan  2016-cı ilin aprel döyüşlərinə həsr edilmiş ilk romandır. 2016-cı ilin aprel döyüşləri xalqımızın, dövlətimizin  gücünü, qüdrətini, Ali Baş Komandanın torpaqlarımızı düşməndən təmizləmək əzmini bütün dünyaya nümayiş etdirdi. Romanın məhz belə yaxın və şanlı tarixi hadisəyə həsr edilməsi onun ideoloji təsirini və önəmini artırır.

Müstəqillik dövrü ədəbiyyatımızda mühüm yer tutan bu roman yazıçının da yaradıcılığında xüsusi mövqeyə malikdir. Beləki ilk dəfə "Ovçu" romanında Yunus Oğuz əvvəlki romanlarından fərqli olaraq  tarixi keçmişin deyil, müasiri olduğumuz tarixi hadisələrin bədii salnaməsini yaratmışdır. Romanın ana xəttini müasir tarix təşkil etsə də müəllif Alp Arslan, Nadir şah dövründəki Azərbaycanla bağlı məqamları da romana daxil etməklə öz torpağı uğrunda çarpışan qəhrəman xalqın obrazını yaratmağa müvəffəq olmuşdur. Əsərin qəhrəmanı kəşfiyyatçı Muradın simasında    türkün öz əzəli torpağına məhəbbəti, qəhrəmanlığı, mərdliyi bir obraz, insan şəklində zühur edir. Əsər boyu oxucu müasirimiz kəşfiyyatçı Muradın sələfləri, tarixin müxtəlif dönəmlərində yaşamış adaşları ilə tanış olur. Tarix boyu həmişə eyni məkanda - öz torpağında zühur edən, xalqın çətin anında onu muradına  yetirən Muradlar  daim öz yurdunun, öz Azərbaycanının keşiyində durur, pərvanə kimi öz vətəninin uğrunda fədakarcasına, şövqlə yanır, tarixin qaranlıq dönəmlərinə işıq saçır. Kəşfiyyatçı, döyüşçü, "ovçu" Murad daha öncəki Muradların bütün gücünü, torpaq sevgisini, vətən yanğısını bir miras kimi genlərində daşıyır, xalqımızın öz yurdu uğrunda  ədalət savaşının kəsərli silahına, bayrağına çevrilir. Murad öz cismini Vətəninə qurban versə də qanında, genində daşıdığı vətən eşqi növbəti nəsillərin, qəhrəmanların əlində bayrağa çevrildi və nəhayət 2020-ci ildə Qarabağı azad edən igidlərin timsalında bu VƏTƏN EŞQİ bütün dünyaya car oldu.  

Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi boyunca digər Azərbaycan ziyalıları kimi Yunus Oğuz da qələmini süngüyə çevirib daim xalqın haqq savaşını tərənnüm etdi, Qarabağ uğrunda mənəvi-ruhi müabrizənin ön sıralarında oldu. Yunus Oğuzun "Zəfər paradı" essesi 44 günlük müharibədə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin və rəşadətli  Azərbaycan ordusunun xalqımıza bəxş etdiyi möhtəşəm qələbənin Bakıda keçirilən və bütün dünyaya Azərbaycanın haqq savaşındakı qalibiyyətini çatdıran hərbi paradı tərənnüm edir: "Sənin hesabına parçalanmış Ruhumuz birləşir. Qalib Ruhumuz Zəfər Paradına çevrilib Qarabağı dolaşdı, Bakı  küçələrində gəzir, hər evin, hər ürəyin sahibidir Zəfər Paradı."

Yunus Oğuzun işğaldan azad olunmuş  Ağdama səfər təssüratlarının əks etdirən "Ağdama qayıdış" essesi bu sözlərlə başlayır: "...Orada zaman dayanıb.Orada ruhlar dolaşır." Bu kəlmələr ruhlara məskən olan,  erməni vandalizminin qurbanı olmuş, həsrət qaldığımız torpağın fəryadından doğan ağrını çox incəliklə ifadə edir. Yunus Oğuz esseni gələcək Ağdamın, yenidən qurulacaq Qarabağın müjdəsi ilə yekunlaşdırır: "...Geri qayıdırıq qarışıq hisslərlə, amma hiss edirəm ki, Qarabağa, eləcə də Ağdama qayıdışımız möhtəşəm olacaq. Yenidən insanların səsi eşidiləcək, quzular mələşəcək, quşlar civildəyəcək, ağaclar çiçək açacaq və bir daha buralarda güllə səsləri eşidilməyəcək. Ağdamdan süd ətri gələcək, Ağdamda toy çadırları qurulacaq, körpə səsləri gələcək.Tələsməyin, lap az qalıb. Zamansa öz ahəngi ilə axıb gedəcək, daha donmayacaq."

Essedə həm doğma yurdun viranəliklərinin acısını, həm də Qarabağa  geri dönüşün, böyük zəfərin  sevincini eyni anda yaşayan ziyalının səmimi duyğuları hər bir azərbaycanlının ürəyində əks - səda verir, qazanılmış Qələbənin, Zəfərin  böyüklüyünü bir daha vurğulayır.

Beləliklə, Yunus Oğuz istər elmi, istər bədii, istərsə də  publisistik müstəvidə  Qarabağ mövzusunu daim diqqətdə saxlayır, Vətənin bu gözəl və ayrılmaz guşəsinin  həm keçmiş ağrı-acılarını, həm də bugünki azadlığını, bəxtəvərliyini, igidlərimizin və Ali Baş Komandanın Möhtəşəm  Zəfərini  bir ziyalı həssaslığı, bir vətən övladı kimi qələmə alaraq gələcəyə miras kimi ötürür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31