Azərbaycanın regionlarının inkişafında yeni bir mərhələ
Azərbaycan tarixində ikinci dəfə, XX əsrin 90-cı illərində müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında bir çox mühüm vəzifələr dayanır
15 İyul 2021 17:01 SosialAzərbaycan tarixində ikinci dəfə, XX əsrin 90-cı illərində müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında bir çox mühüm vəzifələr dayanırdı Bu vəzifələr sırasında başlıca yeri iqtisadi inkişafa nail olmaq tuturdu. Çünki sovetlərin dağılmasından sonra əksər müttəfiq respublikalarda olduğu kimi Azərbaycanda da iqtisadi tənəzzül, böhran hökm sürürdü. İttifaq zamanında mərkəzdən asılılıq, müstəqil iqtisadiyyatın qurulmaması indi özünün ciddi fəsadlarını göstərirdi. Belə bir şəraitdə iqtisadiyyatı dirçəltmək, onu inkişaf etdirmək olduqca çətin görünürdü. Yalnız dərin dövlətçilik təcrübəsi, bütün situasiyaları düzgün dəyərləndirib dövlətin, xalqın xeyrinə qərar verməyi bacaran siyasi liderlər yaranmış vəziyyətdən ölkəni çıxara, Azərbaycanın hərtərəfli inkişafına nail ola bilərdilər. Ancaq müstəqilliyin ilk illərində hakimiyyətdə olan siyasi qüvvələrin heç biri bunu bacarmaq qabiliyyətində deyildi. Ölkədə iqtisadi inkişafın baş verməməsi isə istər-istəməz sosial problemlərin sayını və əhatə dairəsini genişləndirirdi. Digər tərəfdən Azərbaycanın müharibə vəziyyətində olması, Ermənistanın ərazilərimizə təcavüz edərək şəhər və rayonlarımızı işğala məruz qoyması, nəticədə yaranan məcburi köçkün ordusu da dövlət üçün əlavə yük, problem yaradırdı. Hakimiyyətin belə bir ağır yükün altından qalxa bilməməsi isə ölkədə sosial narazılığı getdikcə artırır və etirazlara səbəb olurdu. Beləliklə, çətin iqtisadi və sosial vəziyyət 1993-cü ilin əvvəllərindən başlayaraq ölkədə hakimiyyət əleyhinə etirazlara, xalqın ayaqlanmasına gətirib çıxardı. Nəticə etibarilə həmin ilin iyun ayında Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdi.
"Əsrin müqaviləsi" regionların inkişafına təkan verən ilk addım
Hələ 1993-cü ilin əvvəllərindən ictimaiyyət arasında belə bir fikir formalaşmışdı ki, Azərbaycanı üzləşdiyi problemlerdən yalnız və yalnız Heydər Əliyev xilas edə bilər. Elə bu məqsədlə də cəmiyyətin ayrı-ayrı təbəqələri tərəfindən həmin illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan Heydər Əliyevə müraciətlər olunur, ümummili lider Bakıya siyasi hakimiyyətə dəvət edilirdi. 1993-cü ilin iyun hadisələri ərəfəsində isə artıq xalqın mütləq əksəriyyətinin tələbi o idi ki, Heydər Əliyev Bakıya dəvət edilsin və ölkəni düşmüş olduğu ağır vəziyyətdən xilas etmək üçün idarəçilik ona həvalə olunsun. Beləliklə, 1993-cü ilin iyun ayında Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya siyasi hakimiyyətə qayıtdı və qısa zamanda ölkədə mövcud olan problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirməyə başladı.
Heydər Əliyev dərin dövlətçilik və idarəetmə təcrübəsinə əsaslanaraq gözəl bilirdi ki, ölkəni inkişaf etdirmək üçün ilk növbədə iqtisadiyyatı dirçəltmək, bu sahədə tərəqqiyə nail olmaq lazımdır. Ona görə də ümummilli lider ölkədə siyasi sabitliyi bərqərar etdikdən dərhal sonra iqtisadi sahədə inkişafa nail olmaq üçün yollar aradı, fəaliyyətlər ortaya qoydu. O dövrdə ölkə iqtisadiyyatını inkişaf etdirməyin yeganə yolu neft amilindən asılı idi. Beləliklə, ümummilli lider hakimiyyətinin ilk günlərindən etibarən "Əsrin müqaviləsi"nin imzalanması üçün çalışmalara başladı və nəticə etibarilə gərin, uzun müddətli davam edən danışlqların nəticəsi olaraq 1994-cü il, sentyabr ayının 20-də Qərbin nüfuzlu neft şirkətləri ilə birlikdə sözügedən müqaviləni imzalamağa nail oldu. "Əsrin müqaviləsi" bir tərəfdən Azərbaycanda neft sektoru, iqtisadiyyatın inkişafının təməli hesab edilirdisə, digər tərəfdən deyə bilərik ki, bu müqavilə həm də regionların inkişafına təkan verən ilk addım, mərhələ idi. Çünki məhz "Əsrin müqaviləsi"ndən əldə edilən gəlirlər hesabına formalaşan Neft Fondunun vəsaitlərindən regionlarda qaçqın və məcburi köçkünlər üçün salınmış çadır şəhərcikləri yaşayış evləri ilə əvəzləndi. Qaçqın və məcburi köçkünlər üçün salınmış yaşayış məskənlərində yaradılan infrastruktur, məktəb və bağçalar, iaşə obyektləri yeni-yeni iş yerlərinin açılmasına, bu təbəqədən olan əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yol açdı. Təsadüfi deyil ki, "Əsrin müqaviləsi"ni Azərbaycanda regionların inkişafında birinci mərhələ kimi də xarakterizə edənlər var. Çünki regionlarda müşahidə edilən canlanma, quruculuq-abadlıq işləri, xüsusilə qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələrin tikintisi "Əsrin müqaviləsi"ndən sonrakı dövrə təsadüf etməyə başladı.
Regionların inkişafına kompleks yanaşma
Azərbaycanda iqtisadi inkişaf və regionların inkişafında yeni bir mərhələnin başlanğıcı, bu sahəyə kompleks yanaşma isə 2004-cü ildən etibarən baş verdi. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişi və dövlət başçısı seçilməsi ilə bu prosesin təməli qoyuldu desək yanılmarıq. Çünki hələ 2003-cü ildə İlham Əliyev prezident kimi and içərkən tezliklə ölkədə 600 min yeni iş yerinin açılacağı anonsunu vermişdi. Çoxları bunun baş verə biləcəyini təsəvvür edə bilmir, hətta ironiya ilə yanaşanlar da var idi. Ancaq 2004-cü il, fevral ayının 11-də prezident İlham Əliyev tərəfindən imzalanmış fərman əsasında "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" təsdiq edilərkən dövlət başçısının andiçmə mərasimində verdiyi vədinin arxasında real iş, strategiya, plan durduğu qənaətini formalaşdırdı və beləliklə regionların sosial-iqtisadi inkişafında yeni bir mərhələ başladı.
Neftdən gələn gəlirlərin qeyri-neft sektoruna cəlb edilməsi nəticəsində əyalətlərdə yeni istehsal və emal müəssisələri açıldı, mədəniyyət, səhiyyə, təhsil ocaqları tikilib istifadəyə verildi, yenidən quruldu. Dövlət Proqramının icrasına qədər regionlarda mövcud olan ən ciddi problemlərdən biri yol infrastrukturunun bərbad vəziyyətdə olması idi ki, proqram çərçivəsində şəhər və rayonlarda, hətta ucqar dağ kəndlərində belə yeni yollar çəkildi. Bir vaxtlar keçilməz olan, yalnız xüsusi minik avtomobilləri, atla gediş-gəliş mümkün olan Qubanın Xınalıq kəndinə, İsmayıllının Lahıc qəsəbəsinə, eləcə də respublikanın cənub, qərb rayonlarının ucqar kənd və qəsəbələrinə yeni, müasir yollar çəkildi. Regionlarda yol infrastrukturunun yaxşılaşdırılması turizmin də inkişafına təsirsiz ötüşmədi. Paralel olaraq turizm istirahət zonalarında yeni komplekslərin, mehmanxana və otellərin tikilib istifadəyə verilməsi təkcə ölkə vətəndaşları deyil, eləcə də çoxsaylı xarici turistlərin həmin istirahət mərkəzlərinə üz tutmasına gətirib çıxardı. Qusarda Şahdağ, Qəbələdə Tufandağ, İsmayıllıda Lahıc, Basqal, Qubada Xınalıq, Şəkidə Marxal, eləcə də digər turizm zonaları xarici turistlərin üz tutduğu məkanlar oldu. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində əyalətlərdə turizmin inkişafı ümumilikdə ölkə iqtisadiyyatının tərəqqisinə yol açdı. Regionlarda yeni açılan onlarla turizm istirahət mərkəzlərə, mehmanxana və otellər öz növbəsində yeni iş yerlərinin yaradılmasına da təkan verdi. Hər bir regionda açılan bu kimi obyektlər həmin regionda onlarla, yüzlərlə vətəndaşın işlə təminatını yaxşılaşdırdı.
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir