Sosial şəbəkələr narkotik bazarına çevrilib
“Su qiymətinə” olan “pati” daha çox azyaşlı qızlara təklif olunur
15 İyul 2021 14:28 Sosial"Su qiymətinə" olan "pati" daha çox azyaşlı qızlara təklif olunur
Hər il dünyada narkotik vasitələrindən istifadəçilərinin sayı artmaqda davam edir. "Ağ ölüm" adlanan bu sosial bəlanın qarşısını almaq hələ də mümkün olmayıb. Əksinə, getdikcə narkotikdən istifadəçilərin sosial tərkibi genişlənməkdədir. Daha dəhşətlisi odur ki, bu sağalmaz bəlaya düçar olanların sırasında qadınlar və azyaşlı uşaqların sayı artmaqdadır. Baxmayaraq ki, bununla paralel olaraq hər il dünyada narkotikdən ölənlərin sayı da yüksələn xətt üzrə imkişaf edir, ancaq bu zərəli vərdişin kökünü kəsməık mümkün olmayıb. Daha dəqiq, narkomaniya cavanlaşma mərhələsini yaşayır. Elə Azərbaycanda da gənclər və uşaqlar arasında narkomaniyaya meyilli olanların sayı artmaqdadır. Tədqiqatlar deməyə əsas verir ki, hətta orta məktəb yaşlı uşaqlar arasında narkotik maddələrdən istifadə edənlər mövcuddur. Dəhşətli məqam ondan ibarətdir ki, hətta 4 və 5-ci siniflərdə də narkotikdən istifadə edən şagirdlərə rast gəlinir. Əslində bu fakt azyaşlılar və gənclər arasında narkomaniyanın yayılmasına şərait yaradır. Belə ki, tələbə və şagirdlərin maddi imkanları olmadığına görə onlar daha çox sintetik tərkibli narkotik vasitələrdən istifadəyə üstünlük verirlər. Bu isə öz növbəsində yeniyetmələrdə narkotik maddələrə asılılıq yaradır. Narkotikə aludəçilik dozanı aşma "peredozirovka" deyilən həddə gəlib çıxır ki, bunun da sonu ölümlə nəticələnir.
Onu da qeyd edək ki, hazırda heroin, "patı", "şüşə" adlanan psixotrop maddələrin sosial şəbəkələr vasitəsilə satışı genişlənib, dəyəri də "su qiymətinə". Əgər əvvəllər bu kimi narkotik vasitələr qaçaqmal yolu ilə xarici ölkələrdən gətirilirdisə, hazırda onların ölkədə istehsal edildiyi deyilir. Məlumat üçün qeyd edək ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində bir gün ərzində 5 rayonda əməliyyatlar həyata keçirilib. Baş İdarənin əməkdaşlarının Astara rayonunda həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin ölkə ərazisinə qanunsuz yollarla gətirilməsini təmin etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şıxəli Fətullayev saxlanılıb. Onun Astara rayonu ərazisində dağlıq və meşəlik sahədə gizlətdiyi yerdən ümumilikdə 5 kiloqram 385 qram heroin aşkar edilib. Baş İdarə əməkdaşlarının Yevlax rayonunda həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz olaraq kultivasiya ilə məşğul olan Səbuhi Məmmədov saxlanılıb. Onun yaşadığı Aşağı Qarxun kəndindəki evinin həyətinə baxış zamanı 9 kiloqram 450 qram qurudulmuş marixuana və 7 kiloqram 800 qram yaş halda çətənə kolu aşkar olunub. Səbuhi Məmmədov çətənə kollarını satmaq məqsədi ilə xüsusi qulluq edərək yetişdirdiyini bildirib. Baş İdarə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında Binəqədi rayonunda həyata keçirdikləri daha bir əməliyyat zamanı isə paytaxt sakinləri Vüqar Hüseynov və Kamil Rəşidov saxlanılıblar. Onların üzərindən və Kamil Rəşidovun idarə etdiyi "Ravon" markalı avtomobilə baxış zamanı ümumilikdə doqquz kiloqram heroin və 1 kiloqram 50 qram "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin aşkar olunub. İlkin dindirmə zamanı Vüqar Hüseynov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşının Binəqədi rayonu ərazisində əvvəlcədən yerləşdirdiyi yerdən satmaq məqsədi ilə əldə etdiyini bildirib. Vüqar Hüseynov həmyerlisi Kamil Rəşidovla birlikdə həmin narkotik vasitələri, yəni heroini və "patı" adlanan metamfetamini Bakı şəhərində müxtəlif ünvanlara qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satışını təşkil etməli idi. Baş İdarə əməkdaşlarının Yasamal və Xətai rayonlarında həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan Vüsal İbrahimov və Babək Ağayev saxlanılıblar. Həmin şəxslərdən, həmçinin onların yaşadıqları ünvanlardan müvafiq olaraq 21 və 165 qram metamfetamin, eləcə də, heroin aşkar edilib. Baş İdarə əməkdaşlarının paytaxtın Nizami rayonunda həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər əvvəllər məhkum olunan Elşən Əyyubov və Samir Əliquliyev saxlanılıblar. Onlardan ümumilikdə yeddi qrama yaxın narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkar olunub. Nərimanov rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan Azər Fətullayev saxlanılıb. Onun üzərinə baxış zamanı ümumilikdə 725 qram heroin və "patı", "şüşə" adlanan psixotrop maddə metamfetamin aşkar olunub. İdarə əməkdaşları tərəfindən Xəzər rayonunda həyata keçirilən sonuncu əməliyyat zamanı isə narkotik maddələrin satışı ilə məşğul olan Binə qəsəbəsi sakini Cavid Cəfərov və Buzovna qəsəbəsi sakini Şahrza Məlikov saxlanılıblar. Onlardan müvafiq olaraq 150 və 67 qram heroin və metamfetamin aşkar olunub. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 27 kiloqramdan artıq narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Rəsmi məlumata görə, narkomaniyaya düçar olmuş insanların normal həyata və cəmiyyətə qaytarması məsələnin vacibliyini nəzərə alaraq "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 3 Dövlət Proqramı tam icra olunsa da heç bir uğurlu naliyyət əldə edilməyib. Maraqlıdır, hansı sahədə çatışmazlıq var ki, gənclərimiz gənclər və azyaşlı uşaqlar arasında narkotikdən istifadə edənlərin sayı artmaqda davam edir? Axı gəncliyin mənəviyyatına, sağlamlığına, müstəqil düşünmə qabiliyyətinə zərər vuran, cəmiyyət üçün yararlı olmasını əngəlləyən vasitələrdən biri narkotikdən istifadədir. Gənclərin müəyyən bir qisminin aludə olduğu bu zərərli vərdiş onların həyatını məhv edir, xoşbəxt gələcəyini təhlükə altında qoyur. Elə isə, dövlət, cəmiyət və hətta ailələr tərəfindən görülən tədbirlər niyə səmərə vermir?
Heç şübhəsiz ki, bəzi hallarda qadınlar və uşaqlar zərərli vərdişlərə məcbur edilirlər. Nəticədə həmin şəxslərin həm də insan alverinin, məişət zorakılığının qurbanına çevrilmə ehtimalı artır. Xatırlatmaq yerinə düşər ki, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da narkotik istifadəçilərinin böyük əksəriyyətini gənclər təşkil edir. Onların sayı isə ilbəil artmaqdadır. Belə həblər ilk dəfə yeniyetmələrə, xüsusən azyaşlı qızlara pulsuz verilir. Onlar buna aludə olduqdan sonra ya pulla almağa məcbur olurlar, ya da narkotacirlərdən asılı vəziyyətə düşürlər. Bu gənclər pul tapmadıqda isə hər cür cinayətə, yaxud sözvdələşməyə əl atırlar. Bu, bir tərəfdən cinayətkarlığın inkişafına şərait yaradırsa, digər tərəfdən gənc nəslin həyatının məhv olmasına gətirir və milli genefondu təhlükə altına alır. Odur ki, risk qrupuna daxil olan qadın və uşaqlar arasında maarifləndirmə işinin aparılması vacibdir. Gənclərə aşılanmalıdır ki, narkotik təkcə onu qəbul edən adamı məhv etmir. Ailənin digər üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Onların uşaqları fiziki və psixi problemlərlə dünyaya gəlirlər. Narkomaniya məişət zorakılığı, cinayətlərin artmasına və genefondun zəifləməsinə gətirib çıxarır.
Millət vəkili Fazil Mustafa qeyd edib ki, narkomaniyaya qarşı mübarizənin bütün cəmiyyət tərəfindən aparılması olduqca vacibdir. Ayrıca dövlət komissiyası var, təcili olaraq onun fəaliyyətini daha da canlandırmaq və səlahiyyətlərini artırmaq lazımdır. Eləcə də daxili işlər nazirliyinin də müvafiq strukturunun cəmiyyətin ayrı-ayrı institutları ilə əlaqəsini gücləndirərək gərəkdir: "Gizlətməyək, hər birimizin qohumlarımızın, qonşularımızın, dostlarımızın mühitində bu bəlanın faciəsini açıq və ya gizli şəkildə yaşayan insanlar var. Gənc ailələrin xeyli hissəsi məhz bu səbəbdən dağılmaqdadır. Çağırışlar səslənir ki, bu barədə məlumatları insanlar müvafiq orqanlara verməkdən çəkinməməlidirlər. Tamamilə doğrudur. Ancaq iki məsələni həll etmədən insanlarımızı bu prosesə cəlb etmək çətin olacaq. İlk növbədə bu işlə məşğul olan qurumların fəaliyyətindəki şəffalığa insanları inandırmaq üçün zəruri tədbirlər görülməlidir. Mən əfv məsələləri komissiyasının üzvü kimi müzakirələrdə iştirak etdiyimdən, həm də kənardan əldə etdiyim məlumatlardan bilirəm ki, daxili işlər naziri cənab Vilayət Eyvazov narkomaniyaya qarşı, narkotik vasitələrin satışına qarşı çox sərt və kompromissiz mövqe sərgiləyir. Elə narkomaniyaya qarşı mübarizə baş idarəsinin rəisi də yerində olan, bu bəlaya qarşı dürüst mübarizə aparmağa çalışan bir şəxsdir. O halda parlament üzvlərini, qeyri-hökumət təşkilatlarını, təhsil qurumlarının rəhbərliyini, pedoqoqları, ixtisaslı həkimləri qısa müddətdə müzakirələrə dəvət edib konkret tədbirlər planı hazırlamaq olar. Xəbər verənlərin anonimliyini ciddi şəkildə qorumaqla insanlara tanıdığı, bildiyi narkotik ticarətçilər, kuryerlər, istifadəçilər barədə məlumat verməyi bir insani borc olaraq təlqin etmək lazımdır. İnsanlar bilməlidirlər ki, haradasa hansısa vəzifəli şəxs bu kimi şəxsləri rüşvət müqabilində yenidən cəmiyyətin içinə qaytarmayacaq. İkinci vacib məsələ narkotik vasitələrilə bağlı cinayətkarlarla xəstələrin dəqiq ayırımının tətbiqidir. Cinayətkar həbsxanaya, xəstə isə dərhal müalicə müəssisəsinə göndərilməlidir. Bunun üçün normal, peşəkar, müasir standartlara uyğun müalicə müəssisəsinin fəaliyyətə başlaması tezləşdirilməlidir. Xəstəni cinayətkar kimi həbsxanaya cəza çəkməyə göndərmək, həbsxanadakı bu vərdişə aludə olmayanların da hansısa formada yoluxmasına şərait yaratmaq deməkdir. Həbsxanalara narkotik vasitələrin buraxılmasının qarşısının alınması və buradan gəlir əldə edənlərin ifşa olunaraq məsuliyyətə cəlb olunması da vacib addımlardan biri olaraq görülməlidir. Və nəhayət, məktəblilərin arasında bu bəlanın yayılmasının önlənilməsi üçün tədbirlər gücləndirilməlidir. Xüsusilə qızların aldadılaraq bu bəlanın qurbanına çevrilməsinin təbliğatda qabardılması vacibdir. Mən də anlayıram ki, xeyli gecdir, qonşu ölkələrdə Azərbaycan insanının zəhərlənməsi üçün xüsusi strategiya hazırlanıb və uzun illərdir həyata keçirilir, ancaq unutmayaq ki, bu cür məkrli planların həm iştirakçısı, həm də icraçısı Azərbaycan vətəndaşlarıdır. Sənin, mənim, onun qohum-əqrabası, qonşusu, dostu, həmşəhərlisi, həmkəndlisidir. Bir narkomana potensial koronavirus daşıyıcısı kimi baxılmalıdır, çünki hansısa yolla özünə mühit yaratmaq üçün çevrəsinə bu bəlanı yoluxdurmalıdır. COVİD-19-dan sağalmaq ettimalı çox böyükdür, bu vərdişdən qurtuluş çox-çox çətindir. Bu məsələyə oldu-bitdi kimi baxmaq olmaz, növbəti qurban ən əziz insanlarımız ola bilər, bundan kimsə sığortalanmayıb".
Alim
Olaylar.az