Qazinin görməyən gözü, yeriməyən ayağı, tutmayan əli - Züleyxa NADİR yazır
Atam müharibə veteranı idi. 1941-1945-ci illər müharibəsində faşist Almaniyasına qarşı uzun bir döyüş yolu keçmişdi.
8 İyul 2021 11:09 SosialAtam müharibə veteranı idi. 1941-1945-ci illər müharibəsində faşist Almaniyasına qarşı uzun bir döyüş yolu keçmişdi. Televizorda müharibə filmlərinə baxanda üzündə qəribə ifadə yaranırdı. Bizə elə gəlirdi ki, o, bu filmlərə baxanda özünü döyüş meydanında hiss edir. Gözlərindəki kin, nifrət hissi, qəzəbli baxışları, əllərinin atəş açırmış kimi hərəkətləri, ayaqlarını əsgərsayağı cütləməsi bunu diqtə edirdi. Atamın bədən dili çox şeylər söyləyirdi. Özü isə deyirdi ki, müharibədə üç qəhrəman olur. Birincisi döyüşərək qəhrəman olmaq. Müharibədən sağ çıxıb evə dönmək ikinci qəhrəmanlıqdı. Üçüncü qəhrəmanlıq daha fərqlidi - müharibədən sonra "ölmədən" yaşamaq. Bu, əlbəttə, mümkün deyil. Müharibəli filmlərə baxanda, müharibədən bəhs edən kitabları oxuyanda, müharibə ilə bağlı söhbətlər edəndə yüz dəfə ölüb-dirilirəm...
Atamın bu sözlərini 44 günlük savaşda canımda, qanımda hiss etdim. Cəbhədə döyüşən oğullarımdan dolayı yuxusuz gecələr, səksəkəli günlər keçirdim. Çox şükür ki, hər ikisi müharibədən salamat çıxdı, atamın təbirincə desəm, indi "salamat qəhrəman" kimi, hər gün ölüb-dirilərək yaşayırlar. Və əminəm ki, müharibənin odundan-alovundan çıxanlar üçün "ölmədən" yaşamaq gerçəkdən də qəhrəmanlıqdı. İnanmıram ki, müharibə iştirakçıları arasında belə "qəhrəmanlar" olsun...
Bu gün əlillik dərəcələri ilə bağlı məsələləri həllolunmaz hala gətirənlərin qarşısında qazilər mənən ölürlər. Qazilər faktiki intihar edirlər. Qazilər özlərinə qəsd edirlər. Qaziləri intihara sürükləməyin yolu alçaqlıqdan, vicdansızlıqdan keçir. Bu pis hisslərin daşıyıcıları özgələr deyil, məhz özümüzün yekə vəzifəli, çox pullu, bol sərvətli məmurlarımızdı. Qazilər qazi oldular ki, onlar rahat yaşasınlar, kreslolarından daha da bərk yapışsınlar? Qazilər qazi oldular ki, səlahiyyətlilərin qapısı önündə əzilsinlər, sürünsünlər, tapdansınlar? Qazilər qazi oldular ki, məmur övladları milyonların içində üzsünlər? Amma müharibədən alnıaçıq, başıdik dönənlər balaca uşaqlarının, körpə balalarının üzünə işsizlikdən, pulsuzludan dolayı baxa bilməsinlər? Qazilər savaşda şəhid olmadılar ki, sonra intihar etsinlər?
Qazilər intihar edəndə mən də ölüb-dirilirəm. Və hər dəfə bu hal baş verəndə "niyə" sualı beynimi deşir. Müharibədən salamat çıxan, amma evinə yarımcan dönən qazi niyə yaşaya bilmir? Bəlkə top-tüfəng səsi, PUA gurultusu, təyyarə uğultusu, barıt qoxusu, qan rəngi onun yaşamaq eşqini üstələyib? Bəlkə qazinin yaşamaq haqqına göz dikənlər var? Bəlkə qazinin hamıdan üstün yaşamasını təmin etməyə cavabdeh olanlardı bu haqqı tapdalayanlar? Suallar, bəlkələr istənilən qədər. Amma nə faydası var?! Nə qədər ki, cavabdehlər bəlkələri aradan götürüb, sualları doğru-düzgün cavablandırmayacaq, o qədər də bu cür ağrılı hadisələr baş verəcək.
Qazi onun normal yaşamasına cavabdeh olanların düşməni deyil. Qazi onun düşmənini gəbərdən, diz çökdürən, təslim edən qəhrəmandı. O, qaziyə borcludu. O, qazinin görməyən gözü, tutulan qulağı olmalıdı. Döyüşdə qoyub gəldiyi ayağını, tutmayan əlini əvəz etməlidi. Biz hər birimiz bu gün qazinin zəif döyünən ürəyinin ritmi ilə nəfəs alırıq. Şəhidlər ölmür, səmadan bizi izləyirlər. Şəhidlər qayalarda daşa, çəmənlərdə çiçəyə, bağlarda gülə, ürəklərdə xatirəyə dönürlər. Qazilər isə hər gün "ölürlər", aylardı ölür-dirilirlər. Qazini təkrar-təkrar öldürmək onu diri-diri yandırmaqdı. Qaziyə mənən işgəncə etmək onun düşmənə nifrət hissini öldürməkdi. Qazinin fiziki əzablarına göz yummaq onu tamamən şikəst etməkdi. Qazini dinləməmək, qapını üzünə bağlamaq onun sevgi hissini əlindən almaqdı. Vətənə, torpağa olan sevgisi itəndə, düşmənə olan nifrəti yoxa çıxır və qazi fiziki ölümün ağuşuna atılır.
Qazilərin intiharına səbəb olan faktorlar təkcə bu deyil.Doğrudanmı bu qədər intihar bəzi səlahiyyətlilərin qəlbini sızlatmır? Sızladırsa qazilərin intihar səbəbini araşdırmağa cəhd edibmi? Yəqin ki, yox. Əks halda heç olmasa bu məsələdə az da olsa günah payı olan bir zabit cəza alardı.
Bəzən də adama elə gəlir ki, qazilərin intiharında xarici qüvvələrin əli var. Azərbaycan dövlətinə düşmən olan, qənim kəsilən, xarici qüvvələrin ayağının altındakı payəndazlar - "sapı özümüzdən olan baltalar" qazilərin sağlam ruhunu əlindən alır, onları yerlə bir edirlər. Bəlkə də beyinlərinə zəhər yeridirlər ki, Azərbaycan Ordusunun əldə etdiyi Zəfərin şirin tamını dadmasınlar. Müzəffər Ordunun Ali Zəfərinə, eləcə də Müzəffər Ali Baş Komandanına qarşı nifrət toxumunu qazilərin damarlarına yeridirlər ki, qanları və psixologiyaları pozulsun. Müharibə bitəndən sonra psixoloji reabilitasiya mərkəzləri qazilərə müraciət etdilər ki, onların xidmətindən yararlansınlar, həm də pulsuz-parasız. Amma nə oldu? Çağırışa cavab verən olmadı, müraciət havada qaldı. Çünki bu ölkədə psixoloqa müraciət edənlərə dəli deyirlər. Qazi məhz bu addan qorxur. Düşünür ki, onun psixoloji durumunu müharibədə gördüyü kəsilmiş başlar, əzilmiş ayaqlar, qırılmış qollar, çıxmış gözlər, bağırsaqları çölə çıxmış qarınlar, göl olmuş əsgər qanları paramparça edib. Psixoloq onu anlaya biləcəkmi? Qazilərin yuxusu olmur, onlar bütün gecəni "döyüşür", "atəş açırlar". Psixoloq onun yuxusunu qaytaracaqmı? Əlbəttə qaytara bilir. Amma qazi buna inanmır. Bəzən də dini sektalara meyl edirlər. Məlumdur ki, zərərli sektalar bu cür insanların başını çox tez "yeyə" bilirlər.
Bəs, valideynlər hara baxıb, nə düşünüblər? Övladı intihar edəndən sonra bağrının başı kül olan qazi anası oğlunun dərdini niyə bilməyib? Nədən oğlunun pozulmuş beynindən keçənləri, psixoloji gərginliyini hiss etməyib? Ana ürəyi ona nəsə diqtə etməyibmi? Edibsə vaxtında SOS siqnalı çalmağa nə mane olub?
Son günlərdə sosial şəbəkələrin erməni seqmenti Azərbaycandakı qazi intiharlarına sevindiklərini sərgiləyən videolar paylaşaraq, özlərinə məxsus rişxənd və istehza ilə Azərbaycan Ordusunun Zəfərinə kölgə salmağa çalışırlar. Əlbəttə "milçək murdar deyil, könül bulandırır". Amma nədən? Məğlub olmuş düşmən bu gün bu nüansdan sevinərək özünə təsəlli verir. Biz bu sevinci, bu təsəllini ona verməli deyilik. İstər kənar qüvvələr olsun, istər ordunun içindəki "bit-birələr" və "sapı özümüzdən olan baltalar", istərsə də zərərli dini sektalar olsun, bunlar qazinin intihara gedən yolunda dayanıb sevinən düşmənlərdi. Azərbaycan Dövləti, Azərbaycan Ordusu, Azərbaycan Xalqı düşmənin başını əzdiyi kimi, sonradan sevinməsinə də imkan verməməlidi. Çünki qazi üçqat qəhrəmandı.
Qazi intihar etməli deyil, sadəcə yeri gələndə ölüb-dirilməlidi - atam kimi...