“Sputnik Armenia”nın Sünik iddiasının arxasında nə dayanır?-Politoloqdan şərh- ÖZƏL

"Sputnik Armenia" peyk görüntülərinə istinad edərək Azərbaycan Ordusunun guya  Sünikdə mövqelərini genişləndirdiyini və Ermənistan ərazisinin 3 kilometr dərinliyinə daxil olduğunu iddia edib. Nəşrin bu iddiası təxribat xarakterli qiymətləndirilir.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:

" Ermənistan mediasında guya Zəngəzur bölgəsində sərhədlərin düzgün müəyyənləşdirilmədiyi, xüsusilə də Həkəri körpüsünün yanında guya bir anlaşılmazlığın olduğu ilə bağlı fikirlərin yayılması, əslində, hesab etmirəm ki, təsadüfi bir məsələdir.
Nəzərə alsaq ki, "Sputnik Armenia" Moskvadan idarə olunur və Ermənistanda revanşist qrupların əsas ruporlarından biridir, Paşinyanın da yaxın zamanlarda Moskvaya gedəcəyi ilə bağlı məlumatların yayılması fonunda bu cür məlumatların, dezinformasiyaların yayılmasının Ermənistan cəmiyyətində demarkasiya prosesinə kölgə salmaq və Azərbaycan-Ermənistan arasında normallaşmaya mane olmaq cəhdləri olduğu burada açıq şəkildə görünür.
Nəzərə alsaq ki, Vladimir Putin Paşinyanla görüşləri zamanı da bəyan edib ki, onlar demarkasiya delimitasiya  prosesinə təsir edə bilərlər, əsas vasitələr Moskvadadır və bu təşəbbüslə də çıxış edirdi. Görülən odur ki, "Sputnik Armenia" məhz bu məqamdan nəzərə alaraq belə bir məlumatları yayır ki, Rusiyanın bir formada prosesə qoşulmaq cəhdləri kimi də bunu dəyərləndirmək lazımdır.
Böyük mənada, əlbəttə ki, bu tip məlumatların yayılması Ermənistan cəmiyyətində müəyyən əhval-ruhiyyəyə təsir etmək üçün yaradılan iddialardır.
Amma bu tipli məsələlərin, düşünmürəm ki, artıq gedən qatarı, necə deyərlər, saxlamağa mane olsun. Rusiyanın cəhdlərindən biridir, amma bu prosesin Azərbaycan və Ermənistan arasında normallaşmasına çox ciddi təsir edəcəyini düşünmürəm.
Bunlar sadəcə informasiya müharibəsi kimi də dəyərləndirilə bilər, psixoloji təzyiq elementi kimi də qiymətləndirilə bilər. Amma ümumiyyətlə, bu proseslərə onun ciddi təsir edəcəyini düşünmürəm".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31