Nəcməddin Sadıkov haqqında sensasion iddialar
1 İyul 2021 13:44 SosialKəlbəcəri talan edib erməniyə təhvil verən təxribatçı general N.Sadıkov həbs olunmaqdan sığortalanıbdır?
Müdafiə Nazirliyinin sabiq Baş qərargah rəisi Nəcməddin Sadıkovla bağlı redaksiyamıza sensasion faktlar daxil olub. Vətəndaşlarımızın fikirlərini olduğu kimi dərc edirik:
"Kəlbəcərin işğalı rəsmi olaraq 02 aprel 1993-cü ildə qeyd olunub. Lakin 22 mart - 01 aprelə kimi düşmən Kəlbəcərə girməyib. Bu müddət ərzində general Nəcməddin Sadıkov özünə yaxın və inandığı (etibar etdiyi) hərbiçilərlə rayonun 150 qəsəbə və kəndinə girib xalça-palaz, malqara, hətta toyuq-cücəyə kimi yığdırıb, özünə qənimət götürüb".
Şəmkir sakini, rayonun Dəllər qəsəbəsində yaşayan Tağıyev Vaqif Əşrəf oğlu fikirlərini davam etdirir:
"Balakən-Bakı qatarı ilə Bakıya Daxili Qoşunların Baş İdarəsinə gəlib komandan Fəhmin Hacıyevə məruzə edəndə o, bizi çox kobud və sərt qarşılayıb dedi: "Siz necə olub sağ qalmısınız, siz hamınız həlak olmalıydınız, ölməliydiniz".
Onun göstərişinə əsasən bizim hamımızı həbs edib, Daxili Qoşunların təcridxanasına saldılar. Təcridxana dolu idi. Hətta orda bir neçə nəfər hərbi həkim də var idi. On gün tədqiqat aparıldı. Gah gündüz, gah da gecə. Tədqiqatçılar tez-tez dəyişirdi. Mən də izahatımda eyni fikri, yəni Nəcməddin Sadıkovun məni heç bir döyüş planı ilə tanış etməməsini və heç bir sənədə, plana da imza atmadığımı şəxsi heyəti bilərəkdən qırdırmaq istədiyini yazırdım. On gündən sonra tədqiqat başa çatdı. Təcridxanada olanların hamısını azad etdilər. Əsgərləri öz hərbi hissələrinə, həkimləri iş yerlərinə, gizirləri və məni azad etdilər. Mən də 20 il xidməti stajım olduğuna görə, sənədlərimi pensiyaya (təqaüdə) çıxmağa hazırladım.
Lakin 2 ay keçdikdən sonra məni Daxili İşlər Naziri İsgəndər Həmidov Nazirliyə çağırtdırıb bildirdi ki, ölkədə müharibə yeni qızışır, sənin kimi zabit bizə lazımdır, sən də pensiyaya gedirsən, get hazırlaş, xüsusi bir batalyonla cəbhə bölgələrinin ən gərgin, ən ağır yerlərinə gedəcəksən.
1992-ci ilin dekabr ayının axırlarında Ağdama göndərildim. Bir ay (yanvar) orda döyüşdükdən sonra Ağdərə bölgəsinə - yenə də N.Sadıkovun briqadasına göndərildim. Ayazlı-şaxtalı fevral ayının bir qış axşamı rabitəçi əsgər bildirdi ki, döyüş mövqelərində olan tabor və bölük komandirlərini N.Sadıkov xidməti yığıncağına çağırır. Gecə saat 12-də meşənin içində böyük hərbi çadırdan ibarət qərargahda N.Sadıkovun
10-15 nəfər idmançı görkəmli cangüdəni var idi. Onlardan dörd nəfəri çadırın girəcəyində durub, biz zabitlərdən hərbi sursatı və silahı alıb çadıra buraxırdı. Hava çox şaxtalı idi. Biraz da "boz araq"dan vurmuş briqada komandiri qıpqırmızı qızarmışdı. O, çıxışının ilk kəlməsindən rus dilində kobud sözlərlə başladı. Özündən başqa hamını günahkar hesab edirdi. Onun bu özündən müştəbeh, razı olmağını, tabeliyində olanlarla sərt və kobud (qaba) rəftarını bütün Azərbaycan bilir. Ona görə ki, bir neçə dəfə televiziya ekranlarında onun şəxsi heyəti təhqir etməsi, hətta bəzi epizodlarda əl qaldırmasının görüntülərini görmüşlər. Bu görüntülər Kəlbəcər istiqamətində gedən döyüşlərdən göstərilmişdir".
Kəlbəcərdən məcburi köçkün düşən, uzun illərdən bəri Şəmkir rayonunda məskunlaşan, 1943-cü il təvəllüdlü Həmid Kərimov: "21 mart 1993-cü ildə həyəcan və qorxu altında Bahar bayramını (Novruz) Kəlbəcərdə qeyd edib, məcburi köçkün düşmüşük. Şəmkirə 1500 nəfər gəlmişdik. İndi burda kəlbəcərlilərdən az qalıb. Ermənilər bizimlə açıq döyüşdə (üz-üzə) qələbə çala bilməzdilər. Çünki biz yüksəkliklərdə yerləşmişdik. Kələbəcərlə qonşu olan Laçın rayonu da daxili çəkişmələrin, sapı özümüzdən olan baltaların və Nəcməddin Sadıkov kimi generalların məkrli niyyətlərinin (planlarının) qurbanı oldu.

Bizim ailə rayonu tərk edəndə 7 baş malqaram, 60 qoyunum, 5 xalçam və xeyli ev əşyalarım qaldı. Mənim yük maşınım var idi, 40 nəfər həmyerlimi Şəmkirə gətirmişəm. Şəmkirlilər bizi yaxşı qarşıladılar. Bizə yardım edib, həm də mənəvi dayaq oldular. Sahibkar Rafail Çoban oğlu məni və bir neçə ailəni işlə təmin etdi".
Bakı şəhərində məskunlaşmış, Kəlbəcərdən məcburi köçkün düşən 1956-cı il təvəllüdlü, universitetlərin birində müəllim işləyən A.Ş. (Soyadı redaksiyaya məlumdur) bildirir: "Kəlbəcərin işğalı rəsmi olaraq 02 aprel 1993-cü ildə qeyd olunub. Lakin 22 mart - 01 aprelə kimi düşmən Kəlbəcərə girməyib. Bu müddət ərzində general Nəcməddin Sadıkov özünə yaxın və inandığı (etibar etdiyi) hərbiçilərlə rayonun 150 qəsəbə və kəndinə girib xalça-palaz, malqara, hətta toyuq-cücəyə kimi yığdırıb, özünə qənimət götürüb.
Bakıda məskunlaşmış bir neçə kəlbəcərli də N.Sadıkovun Kəlbəcər sakinlərini öz ata-baba yurdundan məcburi köçkün salmaq üçün təxribat xarakterli (panika yaratmaq, hədə-qorxu gəlmək, vətəndaşları təhqir etmək və s.) əməllərindən danışdılar.
Ürək sızıldadan, qəlb ağrıdan bir olayı da bu yazıya əlavə etməyi özümdə mənəvi borc bildim. Bu hadisəni mənə 1993-cü ildə Kəlbəcərdən qaçqın düşmüş, hal-hazırda Şəmkir rayonun Dəllər qəsəbəsində məskunlaşan 1936-cı il təvəllüdlü mühəndis - şair "Kəlbəcərsiz dünyam" şeirlər kitabının müəllifi Cabbarəli Kəlbəcərli (Əsədov) ürək ağrısı ilə bir neçə il əvvəl danışmışdır. Şair Cabbarəli deyirdi:
"1993-cü ildə Kəlbəcəri tərk edəndə 83 yaşlı atam Əli öz atına minib kəndimizin (Laçın kəndi) dağlarına çəkildi. Xəstə anam da, biz övladlar da nə qədər yalvardıq atamız öz fikrindən dönmədi və dedi: "Mən Kəlbəcərsiz, kəndimiz Laçınsız heç yanda yaşaya bilmərəm". Şair danışdıqca atası Əlini xatırlayaraq həyəcanlanır, gözü yaşarırdı. Neçə illərdir bu ailənin gözü yolda, qulağı səsdədir. Ancaq hərbi əməliyyatlarda uduzan N.Sadıkov kimi generallar vəzifə pillələrinə "liftlə qalxmış", Azərbaycan övladlarının qanı bahasına var-dövlət toplamış, layiq olmadıqları imtiyazlar əldə etmişlər.
Məlumatlı şəxsin bildirdiyinə görə, N.Sadıkovun Azərbaycanda və xarici dövlətlərdə də obyektləri var. Bakıda 7 mərtəbəli villası, Dağıstanda heykəli var. Hətta onun adına Dağıstanda təqaüd təsis olunub. Həmin təqaüd imkansız və yaxşı oxuyan tələbələrə verilir. "Özünü "toxunulmaz və əvəzolunmaz general" hesab edən - Nəcməddin Sadıkov Azərbaycanın milli mənafeyini müdafiə etmirdi, hətta Azərbaycan dilində danışmaq istəməyən, bu özündən razı müştəbeh məkrli generalın özü kimi də Şuşanı qoruya bilməyən general Elbrus Oucov və onun qardaşı Laçını və Kəlbəcəri ermənilərə təhvil verən və sonra uzun müddət (15) il məhkum olan polkovnik Qənizadə kimi dostları olub. Bu polkovnik briqada komandiri olmaqla bərabər, hər iki rayonun komendantı olub. Laçını və Kəlbəcəri Qənizadənin vasitəsi ilə düşmənə təhvil veriblər.

Nəcməddin Sadıkov Gəncə şəhərini bombalamaq istəyib?
Məlumatlı bir neçə nəfər şəxs (adları redaksiyaya məlumdur) isə bildirirlər ki, Nəcməddin Sadıkov Surət Hüseynova görə Gəncəni bombalatmaq istəyib. Lakin pilot (hərbi təyyarəçi) Şəmkir rayonun Dəllər-Cəyir kənd sakini Elxan Verdiyev onun əmrini yerinə yetirməyib. Məkrli general N.Sadıkov təlim uçuşları zamanı onun təyyarəsini vurdurub. Şəhid Elxan Verdiyev Qarabağ müharibəsi başlayanda Rusiyada hərbi pilot kimi xidmət edirmiş. O, bir qırıcı təyyarəni qaçırdıb, Qarabağ müharibəsində fəal iştirak edirmiş.
Acınacaqlı olduğu qədər də heyrətləndirici bir olayla üz-üzəyik. Sanki bütöv bir ölkə bu "toxunulmaz və əvəzolunmaz generalın" xəyanətlərinə 28 il dözüb, onun qeyri-qanuni hərəkətinə (fəaliyyətinə) göz yumub. O, da öz məkrli planlarını həyata keçirib. Kəlbəcəri talan edib erməniyə təhvil verən təxribatçı general N.Sadıkov həbs olunmaqdan sığortalanıbdır? N.Sadıqovdan yalnız işğal olunmuş rayonların sakinləri, Şəhid ailələri deyil, hərbçilər də narazı idi.
"Onun satqınlığının və xəyanətinin nəticəsi olaraq məlum Kəlbəcər əməliyyatl fiaskoya uğradı"
Kəlbəcər əməliyyatından bir fraqment; Qarabağ müharibəsi veteranının söylədikləri:
Kəlbəcər əməliyyatı dedikdə, 1993-cü ilin sonu və 1994-cü ilin yanvar-fevral aylarında işğal altında olan Kəlbəcər rayonu ərazisinin erməni işğalından azad olunması üçün həyata keçirilən hərbi əməliyyat nəzərdə tutulur. Bölük komandiri və həmin hərbi əməliyyatların iştirakçısı kimi bu hərbi kampaniyanın uğursuzluğa düçar olmasının əsas səbəblərindən biri kimi əməliyyatlara rəhbərlik edən yüksək rütbəli komanda heyətinin satqın və xəyanətkar mövqeyindən çıxış etmələriydi. Həmin şəxslərdən biri də Nəcməddin Sadıkov idi. Bunu sübutlu olaraq Kəlbəcər əməliyyatından acı xatirələrlə dolu bir döyüş əməliyyatını sizinlə paylaşmaq istəyirəm.

5 fevral 1994-cü ilin səhərində bir qrup yüksək rütbəli zabit qərargahdan bizim Şəmkir taborunun Lev kəndinin üstündəki "Təkə" qayası deyilən məkandakı mövqeyimizə gəldilər. Həmin gün bizə bildirdilər ki, 5 fevraldan 6 fevrala keçən gecə irəlidəki düşmə mövqelərinə, dağlarla böyük bir məsafə qət edərək, arxadan düşmənə zərbə endirmək lazımdır. Həmin yüksək rütbəli zabitlərin dediyinə və guya kəşfiyyat məlumatlarına görə, ermənilərin vəziyyəti olduqca acınacaqlı idi. Bizim sol cinahımızda olan Daşkəsən taboru və 702 saylı hərbi hissəyə aid olan mərkəzi qüvvələr tank və top atəşləri ilə bizim irəliləməyimizi asanlaşdırmalıydılar. Lakin yarım saata yaxın döyüş müddətində və sonrası döyüş əməliyyatında nəzərdə tutulan əməliyyat planına əməl etmədilər. Əgər PDM -2 (Piyadaların döyüş maşını) ekipajının əsasən atıcı operatoru Xəlilov Ülvü Zakir oğlunun döyüş bacarığı və şücaəti olmasaydı, taborun 120 nəfərlik şəxsi heyyəti mühasirədən çıxa bilməzdi.
Yuxarıda qeyd olunan komanda heyətinin döyüş əməliyyatı planına əməl etməmələri mənim nəzərimdə bir xəyanət və satqınlıqdır. Həmin döyüşdə biz bir nəfər şəhidimizin meydini çıxara bilmədik. Satqınlığın və xəyanətin nəticəsi olaraq məlum Kəlbəcər əməliyyatl fiaskoya uğradı.
Nəcməddin Sadıqovun qeyri-insani hərəkətləri
Şəmkir rayon sakini (hal-hazırda RF-da yaşayan və rayonla əlaqəsini itirməyən) 1955-ci il təvəllüdlü hərbi həkim Elbrus Mütəllimovun vaxtilə Nəcməddin Sadıkov haqqında danışdıqları:
1993-cü ilin 28 fevralında - soyuq, şaxtalı günlərin birində Ağdərə rayonunun dağlıq hissəsində yerləşən Dranbon kəndinin ətrafında idik. Mənim tibbi yardım maşınımda Nəcməddin Sadıkovla hərbi hissə komandiri polkovnik R.Maqammedov arasında mübahisə düşdü. Polkovnik Maqammedov N.Sadıkova izah edirdi ki, Drabona hücum etmək, şəxsi heyəti yüz faiz qırğına göndərmək deməkdir. Çünki kəndin bütün yolları minalanıb. N.Sadıqov ondan isə təqribən 10-15 yaş böyük olan ağsaqqal polkovnik Maqammedovu söyərək (ana söyüşü ilə), ona şillə vurdu və "mən kəndə kəşfiyyat göndərmişəm, orada heç kim yoxdur, kəndin ətrafı da minalanmayıb. Odur ki, hücuma keçin", - dedi. Həmin vaxt N.Sadıkov yalnış və təxribat xarakterli əmrindən polkovnik Maqammedovun alayına məxsus şəxsi heyətin 90%-i minalara düşdülər, meyitlərin (şəhid olanların) çoxunu belə götürmək olmadı"
Dəyərli oxucular! Nəzərinizə çatdıraq ki, polkovnik Maqammedov SSR-nin vaxtında desant polkunun (alayının) komandiri olub.
Əfqanıstan müharibəsində iştirak edib və təqaüddə olsa da Qarabağ müharibəsinə könüllü gəlmişdi.
Həmin vaxtlarda general N.Sadıkov polkovnik Maqammedova verdiyi şantaj və təxribat xarakterli əmri, digər tabor və hərbi hissə komandirinə də vermişdi. Ona görə də altı rayon onun və onu müdaifə edənlərin hesabına düşmən qüvvələri tərəfindən ələ keçirildi və nə qədər vətəndaşlarımız həlak oldular, köçkün və qaçqın düşdülər.
Digər Qarabağ müharibəsi veteranı, ehtiyatda olan mayor Dilqəm Əliyev N.Sadıkovun çox kobud olduğunu, tabeliyində olanlara qarşı yuxarıdan aşağı baxdığını, şəxsi heyyəti rütbəsindən, vəzifəsindən asılı olmayaraq hər an rus dilində təhqir edib alçaltmağa meylli olan bir zabit, bir komandir olduğunu bildirərək dedi:
1992-ci ilin oktyabr ayı idi. N.Sadıqov xidmət etdiyim Gədəbəy rayonu ərazisində yerləşən hərbi hissəyə gəldi və qərargahda qışqıra-qışqıra bir hay-həşir saldı ki, gəl görəsən. Hərbi hissə komandiri, polkovnik Cahangir Rüstəmovu rus dilində söyüb təhqir etdi, döyüş xəritəsini cırıb getdi. N.Sadıkovun belə bir davranışı, yəqin ki, hərbi hissənin şəxsi heyyəti arasında ruh düşkünlüyü yaratmağa yönəlmiş addım idi. Amma o, bunu bacarmadı və özünə qarşı şəxsi heyyətin nifrətini qazandı. O, bizim hərbi hissəyə 2 həftədən sonra təkrar birdə gəldi. Bu dəfə o, sərxoş vəziyyətdə vertalyotdan düşərək onu qarşılamaq üçün sırada dayanan şəxsi heyətə məhəl qoymadan, yüngül təbii tələbatını ödədi və vertalyotla minərək Bakıya qayıtdı".

Veteran mayor 1994-cü il fevral ayında Kəlbəcər hadisələrində iştirak edib və N.Sadıkovun qeyi-insani hərəkətinin də şahidi olub. Belə ki, N.Sadıkov hərbi hissənin həkimi, baş leytenant Hacıyev Nicatın ilk əvvəl paltarını soyundurur və əllərini kəndirlə bağlatdıraraq çaya atdırır. Bir neçə saat soyuq suda qalan həkim çox keçmir ki, xəstəlik tapır və ona görə də erkən dünyasını dəyişir.
Haşiyə: İkinci dünya müharibəsi zamanı faşistlər hərbi əsirlərlə belə davranmayıb. İndi bu generala özünüz qiymətinizi verin?! Deyilənlərə görə, həkim N.Sadıkovun bir təxribatının qarşısını alıb.
1994-cü ilin fevral ayının 8-də Murovda ağ evdə Nəcməddin Sadıkov Qarabağ müharibəsi ilə əlaqəli rayonların icra başçılarını yığaraq iclas keçirir və əvvəlcə onlara həmin rayonların batalyonlarının qaçması ilə bağlı əgər məlumat olarsa cəzalandırılacaqlarını bildirir. Sonra da döyüş itkilərinin çox olması barədə mərhum prezidentimiz Heydər Əliyevə məlumat vermələrini tövsiyyə edir. Özü isə belə məruzə edir: "Qospadin Prezident, net osnovaniya dlya bespokoivatsya, Kəlbəcər naxoditsya naşix rukax idut uporniye boi" (Cənab Prezident, narahat olmağa əsas yoxdur, Kəlbəcər bizim əlimizdədir. Şiddətli döyüşlər gedir). Ona görə də 30 ilə yaxın Azərbaycan ordusunda yüksək vəzifədə "əvəzolunmaz və toxunulmaz" general kimi çalışdı. Baxmayaraq ki, ötən illər ərzində 4 dəfə hərbi nazir dəyişib, onun apardığı hərbi əməliyyatların hər biri uğursuzluğa düçar olub. Belə generallar dövlətçiliyin qorunması üçün yox, Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin maraqlarına uyğun xidmət edir. Əgər ikinci Qarabağ müharibəsində ruhən xalqımıza yad olan, Azərbaycan dilini öyrənib, bu dildə danışmağı özünə rəva bilməyən Nəcməddin Sadıkov kimi generalların xalqımıza qarşı məkrli münasibətindən itkilərimiz çox olacaqdı. Belə generalların varlığı kimlərəsə sərf edir. Çünki bunlar hərbi əməliyyatlar zamanı kütləvi qırğınların yollarını yaxşı bilirlər. hürriyyet.az