“Hər kəsin dərdi onun üçün dəvə qiymətindədir”
Məhkəmə müdafiəsi hüququnu hər hansı məbləğlə məhdudlaşdırmaq Konstitusiyaya ziddir
1 İyul 2021 11:37 SosialMəhkəmə müdafiəsi hüququnu hər hansı məbləğlə məhdudlaşdırmaq Konstitusiyaya ziddir
Ölkənin ali qanunverici orqanını tərəfindən Mülki Prosessual Məcəlləyə edilməsi nəzərdə tutulan dəyişikliklər vəkillər camiyəsi tərəfindən birmənalı qarşılanmayıb. Məcəlləyə edilən dəyişikliklərin Konstitusiyaya zidd olduğu, eləcə də məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilir. Məlumat üçün qeyd edək ki, cari ilin oktyabr ayının 1-dən qüvvəyə minəcək dəyişikliyə əsasən məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Qanun layihəsini təqdim edən Birinci vitse-spiker, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bəzən vəkillər məhkəmə prosesinin müxtəlif mərhələlərində sübutlar təqdim etməklə prosesi uzadırlar: "Ona görə də sübutlar hazırlıq mərhələsində təqdim edilməlidir və layihədə bu məsələ nəzərdə tutulub. Məqsəd məhkəmə prosesinin uzadılmasının qarşısını almaqdır". Parlamentin komitə sədri bildirib ki, bununla bağlı narazılıqlar var, xüsusən vəkillər narazılıqlarını bildirirlər: "Digər qanunvericilik aktında indiyə qədər belə hallarda bağlı 55 manat cərimə onsuz da nəzərdə tutulmuşdu. Narazılıq əsasən 500 manat məbləği ilə bağlıdır".

Vəkil Habil İsgəndərov bildirib ki, dəyişiklikdə nəzərdə tutulan 5-10 min manat pul kimi xırda görünə bilər, ancaq hüququn müdafiəsi üçün məbləğin əhəmiyyətli yoxdur: " Mövqeyimi Konstitusiya Məhkəməsinin qərarı ilə əsaslandıracağam ki, "əsassız" cəriməyə məruz qalmayım. Beləliklə Konstitusiya Məhkəməsi hesab etmişdir ki, məhkəmə müdafiəsi hüququnu hər hansı məbləğlə məhdudlaşdırmaq Konstitusiyaya ziddir. Bu məsələyə hüquqşünasların diqqət etməsi faydalı olardı. İddianın məbləğinə görə kassasiya şikayətinin verilməsinin məhdudlaşdırılması 18 il geriyə qayıdışdır. Şəxsin qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə təklif olunan dəyişikliklər geniş hüquq ictimaiyyətinin, xüsusən vəkillərin marağına və qızğın müzakirələrə səbəb olub. Təlkif olunan layihədə çoxsaylı müsbət yeniliklər, hüququn inkişafına yönəlmiş müddəalar var. Layihədə MPM-in 402-ci maddəsinin mətninin aşağıdakı redaksiyada verilməsi nəzərdə tutulur: "402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Bu müddəaya qarşı etirazlar var, haqlı hesab etmək olar. MPM-in 404-1-ci maddəsinin hazırda qüvvədə olan mətnində: mülki işlər üzrə 2 min manat, kommersiya işləri üzrə 10 min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayətinin verilməsinin mümkünsüzlüyü nəzərdə tutulur. Yeni təklif olunan mətndə - mülki işlər üzrə 2 min manatdan 5 min manata dəyişiklik var. Görünür, layihəni hazırlayanlar mülki dövriyyədə indiki 5 min manatı, 4 il əvvəlki 2 min manata bərabər tuturlar. (Məhdudlaşdırıcı 404-1-ci maddə MPM-ə 2017-ci ilin noyabr ayında daxil edilib). 2017-ci ilədək qanunda Ali Məhkəməyə şikayət hüququ hər hansı məbləğlə məhdudlaşmırdı. O zaman bu dəyişikliyi onunla əsaslandırmışdılar ki, kiçik iddialarla Ali Məhkəməyədək davam edən "əsassız" çəkişmələr yuxarı instansiya hakimlərinin iş yükünü artırır. İlk baxışdan bu arqumentə haqq qazandırmaq olardı. Ancaq nəzərə alanda ki, hüququn, xüsusən, Məhkəmə müdafiəsi hüququnun hər hansı məbləğlə məhdudlaşdırılması Konstitusiyaya ziddiyyət yaradar, bu halda 2 min manatın 5 min manata, yaxud kommersiya işlərində 10 min manat məbləğin müəyyənləşdirilməsinin də yalnız subyektiv yanaşma olduğu aşkardır. Layihə müəlliflərinin diqqətinə çatdırmaq istərdim ki, oxşar müddəa 18 il əvvəlki MPM-in mətnində olmuşdur. Yuxarıda "18 il geriyə qayıdış" ifadəsini təsadüfən işlətmədim. 01.09.2000-ci ildə qüvvəyə minən MPM-in 359-cu maddəsini mətnində bəzi işlər üzrə apellyasiya şikayətinin verilməsinə məhdudiyyət qoyulmuşdu: Apellyasiya şikayəti "...iddia məbləği şərti maliyyə vahidinin 100 mislindən çox olmayan və qanunda xüsusi olaraq göstərilmiş mübahisələr üzrə qəbul edilmiş qətnamələr istisna olmaqla..." verilə bilərdi. Faktiki olaraq, o vaxtkı ŞMV 100 mislindən aşağı - o vaxtkı pulla 110 AZM-dən aşağı iddialar üzrə qətnamələrdən apellyasiya şikayəti verilə bilməzdi. Konstitusiya Məhkəməsinin 25.02.2003-cü il tarixli qərarı ilə MPM-in 359-cu maddəsində "...iddia məbləği şərti maliyyə vahidinin 100 mislindən çox olmayan və qanunda xüsusi olaraq göstərilmiş mübahisələr üzrə qəbul edilmiş qətnamələr istisna olmaqla..." müddəası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin I hissəsinə və 71-ci maddəsinin I və II hissələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Konstitusiya Məhkəməsi hesab etmişdir ki, məhkəmə müdafiəsi hüququnu hər hansı məbləğlə məhdudlaşdırmaq Konstitusiyanın göstərilən müddəalarına ziddir. Yəni, məsələ məbləğin 2 min, 5 min, yaxud 10 min olmasında deyil, ümumiyyətlə, hər hansı məbləğ tətbiq edərək Ali Məhkəməyə şikayəti məhdudlaşdırmaq məhkəmə müdafiəsi hüququnun pozulmasıdır. Subyektiv yanaşma ilə bu gün 5 min (10000) yazılırsa, sabah 500 (1000) manat, yaxud 100 manat yazılanda nə dəyişəcək ki? Konstitusiya Məhkəməsinin hüquqi şərh verdiyi bir məsələni təkrar geriyə gətirmək nəyə lazımdır? Yəni, məsələ hüququ inkişaf etdirməkdirsə, məbləğ müyyən etməkllə şikayət hüququnu məhdudlaşdırmaq irəliyə deyil, geriyə addımdır. Deyə bilərlər ki, dövran dəyişib, iqtisadi-sosial inkişaf var, 5 min manat maaş alan hakim niyə (məsələn) 500 manatlıq iddiaya baxmağa vaxtını itirsin? Onda bir bunu da düşünək: Bir şəxs üçün 10 milyonluq iddia əhəmiyyətli ola bilər, digəri üçün 1000 manatlıq iddia həyati vacib ola bilər. "Hər kəsin dərdi onun üçün dəvə qiymətindədir" zərb-məsəli. Layihə ortada varkən, MPM-in hazırda qüvvədə olan 404-1-ci maddəsini qüvvədən salmaq daha əsaslı və hüquqa uyğun olardı. Heç bir məbləğ məhdudiyyəti olmamalıdır, gəlin hüquqa hörmət etməyə çalışaq".
Vəkil Rövşən Qasımov qeyd edib ki, Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir ki, ( 22 fevral 2018 -ci il tarxili ) Vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır. Azərbaycan Vəkilinin inkişafında inqilabi rol oynamış Azərbaycan Respublikası Prezidentinin sərancamın dan sonra Azərbaycan Vəkili üzərlərinə olan böyük məsuliyyəti dərk edərək Azərbaycan Respublikası Vətəndaşlarının hüquq və azadlıqlarını, qanunla qorunan mənafelərini qanunun imkan verdiyi bütün vasitələrdən istifadə edərək peşakərcasına müsdafiə etmişdir. Lakin bu gün Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan Republikası Vətəndaşlarının səsi olan Ali Məclisdə vətəndaşlarının hüququ və azadlıqlarının müdafiəsində inkar olunmaz xidmətləri olan Vəkillərə qarşı 500 manat cərimənin tətbiqi imkanının işə baxan hakimlərə hüquq verilməsi Azərbaycan Vəkilinin öz üzərinə düşən hüququ qoruma fəaliyyətinin subyektiv səbəblərdən qarşısının alınmasına səbəb ola bilər:

"Bu isə təkcə Azərbaycan Vəkilinin fəaliyyətinin məhdudlaşdırılması deyil, eyni zamanda vəkilin təmsil etdiyi şəxsin hüquq və azadlıqlarının qorunmasında pozuntunun yaranmasına səbəb olacaqdır. Bu gün Azərbaycan Vəkilinin sayı 2000 nəfəri keçmişdir və Azərbaycan Respublikası Vətəndaşlarının hüququ və azadlıqlarının qorunmasında son 4 ildə görünməmiş nəaliyyətlər qazanılmışdır. Bu nəaliyyətlərinin qazanılmasında isə əsas səbəbi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Vəkilinə olan qayğısı olmuşdur. Azərbaycan Vəkilinin məqsədi məhkəmələrdə işin obyektiv , tam , hərtərəfli , qanuni araşdırılmasının təmin olunmasıdır. Məhz Azərbaycan Vəkilinin fəaliyyəti nəticəsində yerli məhkəmələrin baxdığı işlər üzrə qanunsuz qəbul edilmiş məhkəmə aktlarından verilmiş Apellyasiya və Kassasiya şikayətləri məhkəmə aktlarının yuxarı instansiyalarda ləğv olunmasına səbəb olmuşdur. Məhkəmə baxışları zamanı Vəkillər tərəfindən verilmiş vəsatətlərin baxılaraq vəsatətlərdə göstərilən halların məhkəmələr tərəfindən araşdırılması qanuni , əsaslı , ədalətli məhkəmə aktlarının qəbul olunmasına səbəb olmuşdur. Eyni zamanda vəkillər tərəfindən verilən vəsatətləri hakimlər yerində qısa bir müddətdə müzakirə edərək təmin və ya rədd edir. Bu hanası məhkəmə baxışının uzadılmasına səbəb ola bilər? Azərbaycan Respublikası Milli Məclisinə belə bir dəyişikliyin çıxarılması hesab edirəm ki , bu bilavasitə vəkillik fəaliyyətinə müdaxilədir və cənab Prezident İlham Əliyevin bu gün Azərbaycan Vəkilinin şüarına çevrilmiş "Güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır" sözlərinə açıq-aşkar ziddir. Həmçinin Mülki Prosesual Məcəlləyə ediləcək dəyişikliyə əsasən, kassasiya şikayətlərinin hədləri dəyişdirilir. Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur. Digər dövlət rüsumunun artması, kassasiya həddinin 5000 manatadək qaldırılması ilə yanaşı pulsuz hüquqi yardıma çatımlılığın təmin olunmaması aztəminatlı şəxslər üçün bu növ mülki iddialar üzrə məhkəməyə müraciət etmək və hüquqi yardım almaq hüquqlarını ciddi şəkildə məhdudlaşdırır. Yəni məhkəmə məsrəflərini ödəyə bilməyən Azərbaycan Respublikası Vətəndaşlarının Azərbaycan Respublikası Konstitusiyası ilə tanınan məhkəmə müdafiəsindən istifadə hüquq məhdudlaşdıracaqdır".
Alim
Olaylar.az