HƏR KƏSİN ÜRƏYİNDƏ BİR EMİN YAŞAYACAQ
1 İyul 2021 11:18 SosialKeçən 30 il bizə nə Qarabağı unutdurdu, nə yaralarımızı qaysaqlatdı. Əksinə, yaralarımız hər gün bir az daha dərinə işlədi.Vətən, yurd həsrəti getdikcə ağırlaşıb daşıya bilməyəcəyimiz yükə çevrilmişdi. Otuz ildir matəm günləri, işğal günləri, soyqırım günləri keçirirdik. Özümüzü ovundurur, Şəhidlər xiyabanına ağ üzlə getmirdik.
Qarabağ zəfəri bizi anka quşu kimi küllərimizdən doğurdu. İfadəni düzəltmək imkanım olsaydı, bu yurdun fidan ömürlü balalarının qanlarından doğurdu deyərdim. Ömrünü Vətən uğrunda fəda edən qəhrəman oğulların qanından. Onlardan biri Yevlaxlı Səid kişinin oğlu Emindir. Gənc ömrünə kişiliyi, ərliyi, nərliyi, kasıblığı, zülmü, zəhməti, adamlığı, sevgini sığdıra bilən Emin. Hər kəs ondan ağızdolusu danışır və hər kəs onu hər zaman belə də xatırlayacaq. Övladları böyüdükcə atasının qısa ömründə qazandığı bu qədər gözəl keyfiyyətləri ilə qürur duyacaqlar, həyatlarını onun kimi yaşamağı öyrənəcəklər.
Emin Rüstəmov 2 may 1992-ci ildə Yevlax rayonunda doğulmuşdu. Varlı-hallı ailədə naz içində böyüməmişdi. Evdə hər zaman biri varkən, biri yox olmuşdu. Amma Eminin gözü də, könlü də tox olmuşdu. 1999-cu ildə 5 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 9-cu sinfi bitirdikdən sonra məktəblə vidalaşır. Atası uzun illərdi xəstə yatırdı, anasına yardım edib, evi dolandırmaq lazım idi. Emin körpə çiyinlərinə ən ağır yüklər götürür, hamısından da ağır ailə məsuliyyəti. 16 yaşından fəhlə işləyir, kim hara çağırsa etiraz etmədən təpəsiüstə gedir, çalışıb axşam ata-anasının yanına üzüağ qayıdırdı. Ağıllı-kamallı, tərbiyəli və comərd. Əlinin qabarı, alnının təri ilə çörək qazanmaqdan utanmayan oğul hər ailədə böyümür.
Nəhayət, əsgərlik çağı gəlir. 2009-cu ildə hərbi xidmətə gedir Emin. 2011-ci ildə əsgərliyini başa vurduqdan sonra bir ara Yevlax şəhərində məskunlaşan Ağdam musiqi məktəbinin tar sinfinə gedir. Sonra həmin məktəbdə, beton zavodunda, daha bir neçə yerdə ağır zəhmətə qatlanaraq pul qazanır, ata-anasını heç kimə möhtac qoymur. Qonşuları, tanıyıb bilənlər deyir ki, əlləri də qızıl idi, xasiyyəti də. Hər işin öhdəsindən gəlirdi. Anası Alidə yun çırpar, yorğan-döşək düzəldər, xeyir-şər məclislərində qab-qacaq yuyub, halal zəhmətilə çörək qazanırdı. Amma halından məmnun idi. Deyir ki, düzdür, çətinliklə dolanırdıq. Amma Emin kimi oğlum vardı deyə elə bilirdim hamıdan varlıyıq. O qədər tərbiyəli, ağıllı, böyük-kiçik yerini bilən idi kiE Hamı ona gözəl xasiyyətinə görə hörmət edirdi. Oğluma olan bu münasibət məni elə qürurlandırırdı kiE
Hər çətinliyə mərdliklə qatlaşan Emin 2019-cu ilin iyun ayından "N" saylı hərbi hissədə müddətdən artıq həqiq hərbi xidmətə başlayır. Yəni bu dəfə də hərb sənətinin çətinliyini üzərinə götürür, başaracağına heç şübhəsi də olmur. Yaşadığı həyat ona hər çətinliyi çiyinlərində daşımağı öyrətmişdi.

2020-ci il sentyabrın 27-də səhər-səhər müharibə başlayan kimi xidmət etdiyi hərbi hissə Tərtərin Suqovuşan istiqamətində döyüşlərə qatılır. Emin burada atıcı mövqeyində idi. Çox qısa zamanda orda da ağlı, fərasəti və gözəl keyfiyyətləri ilə seçilir və hamının hörmətini qazanır. Düşmənin də başına od ələyirdi. Arada imkan olduqca anasıyla, ömür gün yoldaşı Gülsümlə danışır, hər şey əladır, düşməni məhv edirik,- deyirdi.
Emin ailəli idi, həm də aşırı evcanlı, ailəcanlı. 5 yaşlı oğlu Vəliyəddin, 2 yaşlı qızı Nərminlə vidalaşıb cəbhəyə yollananda övladlarını vəfalı Gülsümünə əmanət etmişdi. Evlərinə ən son zəngi sentyabrın 30-da olur.
Yazımı qələmə alarkən döyüş bölüyünün komandiri Elçin Əliyevlə əlaqə saxlayanda ancaq gözəl-gözəl fikirlər eşitdim: "Emin kimi oğullar az-az yetişir. Müharibənin beşinci günü Suqovuşanda qanlı döyüşlər gedirdi. Ağır döyüşlərin getdiyi bölgədə yaralı və şəhidlərimiz var idi. Onları döyüş məkanından çıxarmağa gedərkən Eminə mane oldum, sən evin tək oğlusan, getmə, dedim. O, bunu heç duymaq da istəmədi, güllə yağışının altında şəhid və yaralılarımızı çıxarmaq üçün irəliyə cumdu. Elə bu vaxt düşmən snayperinin gülləsinə tuş gələrək 2 oktyabr 2020-ci ildə şəhid oldu"...
Beləcə, millətimiz o torpaqlarda azad və xoşbəxt yaşasın deyə, Emin körpə övladlarını atasız, xəstə atasını və anasını oğulsuz, gözüyaşlı qoydu. Alidə xanım gəlini Gülsümdən ağızdolusu danışır, oğlunun qoxusunu gəlinindən, nəvələrindən alır: "Halal olsun Gülsümə, onu böyüdən ailəyə, bizə ürək-dirəkdi, umuddu".

Şəhidin evi hələ də get-gəllidir. Hər dəfə bu evə qədəm basanda qonşuları Emindən can yanğısı, göz yaşları ilə danışır. Qonşusu Almaz Nəsirova deyir ki, Emin hamımızın övladıydı, hamımızın çağırısına gəlir, nə istəsəydik yardım edirdi. Özünü vaxtından əvvəl yetişdirmiş, vaxtından əvvəl böyümüşdü. Körpəliyindən çörək qazanıb ata-anasını saxlayırdı, çox heyf Emin kimi oğuldan.
Eminin kasıb komasında valideynləri ilə yenə də söhbət edirəm. Bu gün onsuz keçən ilk ad günüdür Eminin. Alidə xanım Yevlax Şəhər İcra Hakimiyyəti rəhbərliyindən çox razılıqla danışdı. Dedi, onlar da indicə gəlmişdilər. Bu günü məhz bizimlə olmaq istəmişdilər. Çox diqqətlidirlər. Nə qədər kədərli, nə qədər məğrur idilər. Səidin dərddən qaməti əyilsə də, çalışırdı bunu görən olmasın. Dözməyib, gözlərində yaş damlaları gilələnəndə günah iş tutmuş kimi bunu üzünü yana çevirməklə gizlədirdi. Anası Alidə xanım isə bu yaşları gizlədəcək halda deyildi. Sel kimi axırdı göz yaşları.
Onlar mənim üçün ölkənin ən böyük insanları, ən böyük vəzifə sahibləri idi. Emin kimi oğulu belə sevimli, vətənpərvər edən, igid, qorxmaz böyüdən, qibtəediləcək tərbiyə verən, şəhidlik zirvəsinə qaldıran məgər bu qabarlı əllərin sahibləri deyidilmi?
Heyf səndən, heyf, oğul,- deyə fikirləşirəm. Nə ananın, nə atanın, nə gəlinin gözlərinə baxıram, daha doğrusu baxa bilmirəm. Utanıram. Niyə utandığımı bilməsəm də.
Bir onu bilirəm ki, bundan sonra hər kəsin ürəyində bir Emin yaşayacaq.
Rüstəmov Emin Səid oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır!
Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti