Deputat: “Virus sayını lokallaşdıra bilən ölkələrlə əlaqələrinin bərpa edilməsi məqsədəuyğundur”

"Bu həftənin cümə axşamından etibarən Azərbaycan Türkiyə və Rusiya vətəndaşları üçün hava əlaqəsini bərpa edəcək. Eyni zamanda, əvvəllər müzakirə etdiyimiz kimi COVID-19-a dair PCR testinin neqativ olduğunu təsdiqləyən sənəd üçün müddət 48 saatdan 72 saata çatdırılıb". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə,  Nazirlər Kabineti yanında Operativ Qərargahın bu qərarı təqdirə layiqdir: "Bununla yanaşı, turizm mövsümünün başladığını nəzərə alaraq mərhələli şəkildə gəlmə turizmdə xüsusi payı olan ölkələr ilə analoji yumşalmalara gedilməsi məqsədəuyğun olardı. Belə ki, pandemiyadan əvvəlki ildə Azərbaycan gələn 3 milyon 170 min turistin 29,4%-i Rusiya, 22,9%-i Gürcüstan, 10%-i Türkiyə, 8,1%-i İran, 3,4%-i Səudiyyə Ərəbistanı, 2,2%-i Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları idi.  Bu baxımdan, gəlmə turizmdə xüsusi paya malik ölkələrdəki epidemioloji  vəziyyətə uyğun olaraq mərhələli şəkildə həmin ölkə vətəndaşlarının da Azərbaycana səfər qaydalarının yumşaldılması ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımdan da vacibdir. Turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektordur. 2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2.7 milyard dollardan çox olub. Post-pandemia dövründə turizm sektorunda yenidən canlanmanın olacağı gözlənilir. Pandemiyadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də, turizm sektorundakı açılımlar həmçinin məşğulluğun təmin edilməsi baxımdan da vacib hesab olunur. Bu baxımdan, vaksinasiya prosesini sürətləndirən və virus sayını lokallaşdıra bilən ölkələr ilə mərhələli şəkildə hava və quru əlaqələrinin bərpa edilməsi məqsədəuyğundur və bu real sektordakı canlanmaya xüsusi təkan verə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31