PJB həlak olan jurnalistlərlə bağlı bəyanat yaydı

Azərbaycanda işğaldan olunmuş ərazilərə çəkiliş aparmağa gedən jurnalistlər qrupu minaya düşüb. Hadisə iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindən keçən yolda baş verib. Çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində Azərbaycan Televiziyasının (AzTV) operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) həlak olublar. Eyni zamanda çəkiliş qrupunu müşayiət edən RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev də dünyasını dəyişib. Çəkiliş qrupuna daxil olan digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Parlament Jurnalistləri Birliyi (PJB) baş vermiş hadisə ilə bağlı bəyanat yayıb .PJB-nin bəyanatında hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsi kimi qiymətləndirilib. Bildirilib ki, Ermənistan və Azərbaycan arasındakı hərbi əməliyyatlara son qoymuş 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanat imzalanandan sonra Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə beynəlxalq hüquq prinsiplərini pozmaqda davam edir. PJB xatırladıb ki, Azərbaycan Respublikası problemlə əlaqədar dəfələrlə beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatına müraciət etsə də, məsələ həllini tapmayıb.

Bəyanatda qeyd edilib ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməkdə məqsədi Azərbaycan əhalisinin həyatına qəsd etmək, daha çox mülki şəxsin və hərbçinin həlak olmasına şərait yaaratmaqdır. PJB beynəlxalq təşkilatlara ünvanladığı bəyanatda məsləyə diqqət etməyə çağırış yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31