Agentliyin elan etdiyi yeniliklər  islahatların başlanğıcıdır

Yunus Oğuz: "Bu yeniliklərdən sui-istifadə cəhdində bulunmaq arzusunda olanlar da tapılacaq"

Məlum olduğu kimi Medianın İnkişafı Agentliyi çap mediasına yeni dəstək layihəsi elan edib. Layihə şərtlərində bir sıra yeniliklər əksini tapıb. Maraqlıdır, sözügedən yeniliklər çap mediasının inkişafına necə təsir göstərəcək? Müsahimiz "Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuzdur.

-Yunus bəy, Medianın İnkişafı Agentliyi çap mediasına yeni dəstək layihəsi elan edib. Yeni qaydaları özündə əks etdirən bu layihəni media sahəsində islahat hesab etmək olarmı?

- Əslində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF-red) Medianın İnkişafı Agentliyinə çevrilməsilə media sahəsində islahatların əsası qoyuldu. Nəzərə almaq lazımdır ki, KİVDF-nin imkanları olduqca məhdud idi. Fond yalnız çap mediasına vəsait ayırır və müxtəlf tədbirlər keçirirdi. Medianın İnkişafı Agentliyi isə təkcə çap mediası deyil, veb saytlar da daxil olmaqla bütövlükdə kütləvi informasiya vasitələrinə dəstək,  eyni  zamanda  gələcəkdə KİV-in fəaliyyəti üçün reklam bazarının yaradılması da nəzərdə tutulur. Gözləniləndir ki, bununla bağlı qanun qəbul edildikdən sonra qəzetlər və vebsaytlar üçün reklam bazarı kifayət qədər geniş olacaq. Amma bu yeniliklərdən sui-istifadə cəhdində bulunmaq arzusunda olanlar da tapılacaq. Bəzi vebsaytlar olacaq ki, onlar bir məkanda oturub, özləri üçün sayt açıb, bir nəfər işçi ilə deyəcək ki, mənə də pul ayrılsın. Yaxud, ümumiyyətlə hüquqi şəxs deyil, amma Agentlikdən dəstək almaq arzusundadır. Əslində yeni qaydalarda söhbət media subyektindən gedir. Bu o deməkdir ki, vebsayt qanunvericilik çərçivəsində fəaliyyətini qurmalıdır. Məsələn bizim "Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyi kimi iki hüquqi şəxs mövcuddur. Bunlar  bir media subyekti olacaq. Media subyekti dedikdə  belə hüquqi şəxslər nəzərdə tutulur. Hazırda müxtəlif holdinqlər var ki, özündə 6-7 vebsaytı birləşdirir, media subyekti kmi bunların yalnız birinə vəsait ayrılacaq. Onların hər birinə ayrı-ayrılıqda vəsait ayrılmayacaq. Təbii ki, bu zaman demaqoqlar ortalığa çıxacaq, hüquqi şəxs deyil, hesabı yoxdur, amma qışqıracaqlar ki, yenə də tərəfkeşlik oldu. Buna baxmayaraq normal haldır ki, iş olan yerdə söz-söhbət, narazılıq da olacaq. Bütün sadalanalara baxmayaraq bu şərtlərin media ictimaiyyətinə təqdim olunması bir yenilikdir. Bu yenilikdən isə qaçmaq lazım deyil, çünki yeniliklərdə çap mediası üçün bonuslar da nəzərdə tutulur. Düşünürəm ki, gələcəkdə yeni-yeni bonuslar əlavə ediləcək ki, bu da vebsaytlarda aypi (İP) ilə bağlı olacaq. Gələcəkdə tətbiq edilən sayğac müəyyən edəcək ki, bu veb saytın nəyi var, nəyi yoxdu. Bu sayğac vebsaytların istəyindən asılı olaraq cəmiyət üçün açıq da ola bilər, qapalı da. Bundan sonra hansı sayt yaxşı işləyər fəaliyyətini davam etdirər. Yeniliklərdən biri də ondan ibarətdir ki, saytlar gündə iyirmi özəl xəbər verməlidir. Bir nəfər işçisi olan sayt bu xəbərləri necə verəcək? Gələcəkdə ola bilsin ki, bu xəbrlərin sayı artsın, ola bilər azalsın, ancaq məsələ orasındadır ki, bu yeniliklər saytlar üçün start şəraiti yaradır. Bundan sonra kim irəli gedə biləcəksə getsin, geri gedənlərə isə növbəti müsabiqədən keçmək mümkün olmayacaq.

Düşünürəm ki, gələcəkdə qəzetlərin satışı, çapı, agentliklərin fəaliyyətinə də nəzər yetirilməlidir ki, ümumi işimizə xələl gəlməsin. Yaxşı olardı ki, gələcəkdə Agentlik kağız da alsın, özünün mətbəəsi də olsun. Düşünürəm ki, bu Agentliyin içini daha şəffaf edəcək, fəaliyyətə səmərəlilik gətirəcək.

-Uzun müddətdir ki, çap mediasının durğunluğu barədə fikirlər səsləndirilir. Siz də kifayət qədər yeniliklərdən danışdınız. Necə hesab edirsiniz, bu yeniliklər çap mediasının inkişafına müsbət təsir göstərə biləcəkmi?

- Ümumilikdə düşünürəm ki, çap mediası olmalıdır. Dünya ölkələrində də bu praktika mövcuddur. Ola bilər ki, hansısa qəzet çap üsulundan imtina etsin. Məsələn, "Bizim yol" çap variantından imtina edib, yalnız veb saytla işləyir. Ola bilsin ki, gələcəkdə bu addımlar da atılsın. Amma indiki şəraitdə çap media ilə paralel elektron media ilə iş gedirsə, deməli gələcəkdə hansısa addım atılacaq. Onsuz da operativlik baxımından çap mediası veb saytlardan geri qalır. Ancaq analitik yazılar, reportajlar üçün çap mediası lazımdır. Çap mediası həm də tarix və arxiv üçün lazımdır. Azərbaycanın özünün interneti olmadığından bir də gördün Amerikada oturan Mark kişi əlini düyməyə basdı və bütün arxivlər pozuldu. Fikirləşirəm ki, gələcəkdə Agentlik özünün internet arxivini yaratsın ki, hansısa Mark kişidən asılı olmayaq. Hazırda Türkiyədə bu istiqamətdə iş gedir. Bizdə də  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu istiqamətdə fəaliyyətə keçməlidir. Vəziyyət belədir ki, Ermənistan barədə nəsə yazırıq, erməni Mark kişiyə şikayət edir və sayta avtomatik olaraq giriş bir ay müddətinə bağlanır. Odur ki, Agentlik özü bu barədə düşünməlidir ki, Azərbaycanın özünün interneti olsun. Vaxtilə uzun müddət Rusiyadan "Olaylar" saytına giriş bağlanmışdı. Səbəb o idi ki, biz bir  yazı vermişdik ki,  XX əsrin 17-18-ci illərində Orta Asiyada milyon yarım özbək ermənilər tərəfindən qətlə yetirlib. Altay vilayətindən bir erməni məhkəməyə verərək Rusiyada bizim girişimizi bağlatdırmışdı. Düşünürəm ki, bu yeniliklər atılıbsa onu davam etdirmək lazımdlır.     

- Qəzetlərin tirajlarının 1500, satış sayının 1000-ə endirilməsi çap mediasında rəqabət mühitinə necə təsir göstərəcək?

- Hələ bu məsələdə əlavə bonusdan da söhbət gedir. Əgər əlavə 500 qəzet satılacaqsa, 200 manat bonusdur, əlavə 1000 satacaqsansa, satIşını 2000-ə çatdıracaqsansa, artıq 400 manat bonus ala biləcəksən. Bunun özü də mütərəqqi bir yenilikdir. Yəqin biz də çalışacağıq ki, buna nail olaq.

- Müsabiqədə yeniliklərdən biri də müəyyən edilmiş 19 sahə üzrə qəzetlərə müstəqilliyin verilməsidir. Sizcə bu, layihə yazılarında müxtəlifliyi təmin edə biləcəkmi?

- Əslində bu düzgün bir qərardır. Çünki, uzun müddət bizim qəzetin ən çox yazdığı istiqamətlər diaspora, azərbaycançılıq, vətənpərvərlik və informasiya kommunikasiya texnologiyaları ilə bağlı olub. Xəbərlər öz yerində, qəzetlərin özünün istiqaməti də müəyyənləşməlidir ki, hansı sahədə daha çox püxtələşib. Təbii indi hamı Qarabağ mövzusuna müraciət edəcək, amma elə istiqamətlər var ki, bizim əməkdaşlar daha çox həmin sahələr üzrə püxtələşiblər. Bu yenilik qəzetlərə imkan verir ki, hansı sahə uyğundursa, həmin sahəni təbliğ eləsin.

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31