Azərbaycanın qlobal pandemiya ilə mübarizəyə verdiyi töhvə yüksək qiymətləndirilir

Dünyanı cənginə almış COVİD-19-a qarşı aparılan effektli mübarizə nəticəsində Azərbaycanda bir sıra naliyyətlər əldə edilib.

Dünyanı cənginə almış COVİD-19-a qarşı aparılan effektli mübarizə nəticəsində Azərbaycanda bir sıra naliyyətlər əldə edilib. Sözün həqiqi mənasında ölkədə koronavirusa qarşı mübarizədə bütün mümkün imkanlar səfərbər olunub. Pandemiya ilə mübarizə işi ölkəmizdə planlı şəkildə aparılır. Pandemiyanın ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. Pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülüb. COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilib. Pandemiya ilə mübarizənin hazırki mərhələsində əsas prioritet əhalinin vaksinasiyasıdır. Ölkəmizdə görülmüş müfəssəl tədbirlərnəticəsində karantin rejimi tədricən yumşaldılıb. Cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyası başlanıb və artıq 99,94 faizi "Sinovak", qalanı isə "AstraZeneca" və "Sputnik" olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. Bu rəqəm əhalinin20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının 2021-ci il 31 may tarixində keçirilmiş 74-cü sessiyasındakı çıxışında koronavirusa qarşı Azərbaycan hökumətinin həyata keçirdiyi mübarizə tədbirlərini önə çəkib.  Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən2021-ci ilin "Səhiyyə işçiləri ili" elan edilməsini alqışlayır. Azərbaycan ÜST ilə olduqca səmərəli əməkdaşlıq edir. Ötən il ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib. Bununla yanaşı, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilib. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, inkişafın milli modelini yaratmış Azərbaycan, eyni zamanda, koronavirus pandemiyasına qarşı effektiv mübarizə nümunəsi ortaya qoyub. Sirr deyil ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi respublikamızda epidemioloji vəziyyətin nəzarətdə saxlanılmasına imkan verib. Xüsusilə də, respublikamızın öz təşəbbüsləri və əməli addımları ilə hazırkı şəraitdə dövlətlər və xalqlar arasında təmasların sıxlaşmasına, qlobal pandemiya ilə mübarizədə beynəlxalq səylərin səfərbər olunmasına mühüm töhfələr verməsi yüksək qiymətləndirilir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxışı zamanı diqqətə çatdırıb ki, Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir. Onun bildirdiyinə görə, ölkəmizin qlobal təşəbbbüsləri beynəlxalq həmrəyliyə və əməkdaşlığa əhəmiyyətli töhfədir: "Xatırladaq ki, dövlətimizin başçısının Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirilib. Türk Şurası COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat olub. Bundan əlavə, Azərbaycan dövlətinin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal təşəbbüslər də pandemiya ilə mübarizə çərçivəsində beynəlxalq əməkdaşlığın və həmrəyliyin təmin olunmasına vacib mühüm töhfə olub. Qoşulmama Hərəkatının ötən ilin may ayında təşkil edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası bu baxımdan böyük əhəmiyyətə malikdir. Paralel olaraq respublikamızın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etməsi, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilməsi bu qlobal bəlaya qarşı birgə səylərin səfərbər olunması üçün xüsusi önəm daşıyır". Komitə sədri əlavə edib ki, ən mühüm məsələlərdən biri budur ki, Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və onların inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini yolverilməz hesab etdiyini açıq şəkildə ifadə edib: "Ölkəmiz tərəfindən Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı irəli sürülmüş qətnamənin yekdilliklə qəbul olunması da Azərbaycanın qətiyyətli mövqeyinin obyektivliyini və dəstəkləndiyini göstərir. Beləliklə, pandemiya ilə mübarizə məsələsində Azərbaycanın təcrübəsi dünya miqyasında müsbət nümunə kimi dəyərləndirilir, örnək göstərilir. Koronavirus pandemiyasının müşahidə edildiyi ilk zamanlardan etibarən Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslərin beynəlxalq səviyyədə böyük maraqla və rəğbətlə qarşılanması isə Azərbaycana olan inam və etimadın daha bir bariz nümunəsidir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31