Vərdişiniz batsın- Züleyxa NADİR Yazır

Bir ildən iki ay artıqdı COVİD 19-la savaşırıq. Dünyanı cənginə alan bu virus qarşısına çıxana rəhm etmir. Döyüşdən salamat çıxanlar çoxdu, amma  dünyasını dəyişənlər də az deyil.

ZÜLEYXA NADİR

Bir ildən iki ay artıqdı COVİD 19-la savaşırıq. Dünyanı cənginə alan bu virus qarşısına çıxana rəhm etmir. Döyüşdən salamat çıxanlar çoxdu, amma  dünyasını dəyişənlər də az deyil. Ona qalib gəlmək üçün ötən bir ildə nələr etmədik? Qalib gəlməyin yollarını aradıq, mövcud üsullardan istifadə etdik. Nəhayət bu ölüm-dirim savaşında zəka qalib gəldi: vaksin hazırlandı.

Ötən bir ildə bəşəriyyət sanki, Tanrının qəzəbinə gəlmiş kimi nələr itirdi, nələr?! Necə oldusa qəfildən bir kabus çıxıb dünyanın başı üstünü aldı. Əyri düz oldu, doğru yalan. Gözəl çirkin oldu,  eybəcər meydan suladı. Qorxaq igid oldu, igidi namərd etdilər. İnsanlığın arasına  qovğa düşdü. Qaç ki, qaçasan - dostdan, tanışdan, qohumdan-qonşudan. Bəşər övladı oğuldan-qızdan,  atadan-anadan uzaq  düşdü. İnsanlar bir - birinin əlini sıxa bilmədilər, biri digərinə qucaq açmağa ehtiyat etdi.  "Evdə qal, sağlam ol" deyə ətraf mühitdən təcrid edildik. Əzizlərini, doğmalaını öpmək tabuya çevrildi. Evlərin qapısı bağlandı, qadağalar çəpər olub yolu kəsdi.

Göydə ucan təyyarələr yerə endi, bir daha uçmadı. Okeanlarda, dənizlərdə gəmilər lövbər saldı. Qatarlar dayandı, yollar bağlandı. Beynəlxalq oyunlar təxirə salındı,  yeni xəstəxanalar inşa olundu.  Orta və ali məktəblər bağlandı. Təhsil dondu sanki, çökmək təhlükəsi ilə üz-üzə gəldi. Toylar, nişanlar ləğv olundu. Cənazəni dəfn etməyə "adam tapılmadı". İclaslar, yığıncaqlar, mədəni-kütləvi tədbirlər unuduldu. Alış-veriş mərkəzlərinin qapısına qıfıl vuruldu, alqı-satqı onlayn sistemə keçdi. Əyləncə mərkəzlərini, idman salonlarını toz basdı. Kitabxanalar oxucu həsrətindən "saralıb-soldu".  Kəbənin qapıları bağlandı,  Allahın belə gücü çatmatı onu açmağa. İqtisadiyyat dibə yuvarlandı, neftin dəyəri itdi,  "qara qızıl" su qiymətinə satışa çıxarıldı. Maska, spirt, əlcək vazkeçilməz aksesuarımıza çevrildi. Sabun və su ilə "qolboyun" olduq. Tək qalmağın əzabını yaşadıq...

***

Amma  qazandıqlarımız da oldu. Ən  əsası insanlıq ölmədi. Üstümüzə gələn fırtınadan, qasırğadan xilas olmaq üçün yaxşı insanlar əl uzatdılar. Xeyirxahlıq ənənəsi yenidən parladı. Karantin günlərində insanlar daha mehriban oldular, humanist hisslər üst qata çıxdı. Yaxşılığı və fədakarlığı canında gəzdirən könüllülər  təmənnasız olaraq vahid niyyət uğrunda birləşdiər. Kimsəsizlərin qapısını döydülər, xəstə, tənha və ahıl insanlara yardım etdilər. Milli-mənəvi dəyərlərin daşıyıcıları çox gözəl vətəndaşlıq  nümyiş etdirdilər. Və hər kəs bir daha anladı ki, gerçəkdən də "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı". Azərbaycan insanı pandemiya günlərində təkcə bəzi imkanlı iş adamlarının, varlı biznesmenlərin deyil, həm də  xeyli müğənninin, idmançının, ayrı-ayrı vicdanlı şəxslərin də yardım əlini görə bildi. Doğrudu, bu məsələdə bəzən xoşagəlməz hallar oldu. Yardım yeyən başçılar gördük,  amma bütövlükdə "nə gözəl xalqıq, İlahi" dedik.

Onlayn sistem həyatımıza  tam daxil oldu. Bilməyənlər də öyrənməyə məcbur oldular. "Evdə qal,  sağlam ol" şüar-tələbi təhsildə, tibbdə, mədəniyyətdə, sosial həyatda əldə edə biləcəklərimizi internet vasitəsilə evimizə gətirdi. Məncə, elə də çox darıxmadıq. Dünyanın o başında olan əzizlərimizlə, doğmalarımızla, xaricdə yaşayan soydaşlarımızla görüntülü söhbətlər, onlayn  görüşlər pandemiya sıxıntısına bir qədər su çiləmiş oldu. Onlayn dərslər, onlayn növbələr, onlayn sifarişlər həyatımızın norması oldu. Dünyanın yeni düzəni bizə fərqliliyin, rəngarəngliyin fonunda yeknəsəq, rəngsiz  həyata dözməyi öyrətdi. Birlik olduq, tam olduq. Gücümüz artdı, səbrimiz çoxaldı, dözümümüz bərkidi.

***

Bir-birimizdən ayrı qaldığımız günlərdə fəlakətə sinə gərməyin formulunu tapdıq: "Biz birlikdə güclüyük!" - bu sözləri  dövlət başçısı İlham Əliyev dedi. O, pandemiyadan sağlam və az itkisiz çıxmaq üçün maksimum tədbirlərin keçirilməsi üçün demək olar ki,"qollarını çirmələdi", hər bir vətəndaşın yanında oldu. Pandemiyanın ilk günlərindən irəli sürdüyü bu şüar Azərbaycanda milli həmrəyliyin və xalqla iqtidarın birliyini təcəssüm etdirdi. Və biz gerçəkdən də birlikdə GÜCLÜ olduq. Bunu Vətən Müharibəsində qazandığımız BÖYÜK ZƏFƏR də ehtiva edir.

Həmin günlərdə iki cəbhədə döyüşdük - COVİD 19 və Ermənistanla.  COVİD 19-un yolunu kəsməyə çalışan, qarşısında sipər olan  həkimlərimiz torpaqlarımızın azadalığı uğrunda savaşda da irəli atıldılar, can xilas etdilər, can verdilər. Gözəgörünməz düşmənlə savaşdan yorulsaq da, erməni əsgərini  təpədən - dırnağa Vətən sevgisi ilə silahlanmış Müzəffər Ordumuz tapdaladı, əzdi - keçdi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev öz siyasi iradəsi, qətiyyəti və dəmir yumruğu ilə təkcə Ermənstana dərs vermədi, həm də dünya güclərinə sübut etdi ki, Azərbaycan əsgəri haqq işi uğrunda döyüşüb qalib gəldi, Azərbaycan Respublikası güclüdü, Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz prezidentinin arxasındadı.

***

Bu gün iki savaşdan çıxmış xalq rahat nəfəs ala bilir.Vətən Müharibəsinin ZƏFƏR işıqları bu millətin gələcək yolunu aydın göstərir. Pandemiya ilə döyüş də insanlığın xeyrinə sona yaxınlaşır. Həyat demək olar ki, normala dönür. Bağlı qapılar açılır, insanlar evdən çıxmağa başlayır, küçədə, bağda - bağçada, parkda, digər gəzinti yerlərində həyat qaynayır, boş qalmış iş otaqlarının havası təzələnir. Fasilə zamanı gülüşlərə, qəhqəhələrə, lap elə qeybətlərə həsrət qalmış bir çox idarə və müəssisə dəhlizlərindəki ayaq səsləri əməkdaşlara az qala ən gözəl musiqi təsiri bağışlayır. Bütün bunlar nə gözəl! Axı, Nazirlər Kabineti qərar qəbul edib. Qərara əsasən mayın 31-dən etibarən açıq havada maska ilə gəzmək qadağası ləğv olunub. Urrra! (Burada bir təbəssüm işarəsinə çox ehtiyac var). Bir illik fasilədən sonra metro işləyir, avtobuslardakı sıxlıq nisbətən azalıb. Avtovağzalın fəaliyyəti bərpa olunub, artıq avtobuslarla rayonlara gediş-gəliş mümkündü. Böyük alış-veriş mərkəzləri açılıb. İdman zalları və məscidlər hər kəsi qəbul etməyə hazırdı. Halbuki insanlar ibadətini evdə də edə bilərlər. Allah harda olmasından asılı olmayaraq edilən bütün ibadətləri məqbul sayır. Eləcə də idman məsələsində eyni fikirdəyəm.

Amma nə yazıqlar ki, qaydalar daha vacib sahələrə tətbiq olunmayıb. Toy etməyə icazə verilməyib. Hələ də barmağında üzük, evində hazır cehiz olan gənclər  gözləyirlər. Hələ də ümid  edirlər ki, bugün - sabah şənlik edib qovuşacaqlarına icazə verəcəklər. Xaricə ölkələrə açılan quru sərhədlər bağlı qalıb. Və ən vacibi, ən əsası... məktəblər  tam açılmayıb. Yuxarı sinif şagirdləri, universitet tələbələri  hələ də onlayn oxuyurlar. Ötən il birinci kursa qəbul olunmuş  abituriyentlər tələbəliyin dadını  universitet auditoriyalarında deyil, evdə oturub kompüter arxasında dadırlar. Heç də şirin dad deyil. Kitabxanalar, muzeylər, kino zalları və teatrlar niyə açılmadı?  Sadaladığım bu mədəniyyət mərkəzləri elmi, zehni, dünyəvi ibadətgahlardı.

***

Bu gün pandemiyanın Azərbaycan vətəndaşlarına verdiyi  əzablardan biri də iyulun 1-dən etibarən COVİR 19 pasportu və  COVİD 19-a qarşı immunitet sertifikatının tələb olunmasıdı. Peyvəndin hər iki dozasını qəbul etmiş insanlar üçün bu sənədləri əldə etmək müşkülə çevrilib. Bir yandan həmin pasport və sertifikat  iş və xidmət sahələri işçilərindən tələb olunur, digər yandan onları əldə etməyin yolunu dalana dirəyiblər.

Nədir məsələ?  İş ondadır ki, COVİD 19 pasportunu və İmmun Sertifikatını  yalnız elektron yolla əldə etmək mümkündü. Yəni hər kəs şəxsi  telefonuna "e-təbib"  tətbiqini yükləməli və sənədini ordan çıxarmalıdı. Amma bizdə bu tətbiq normal deyil,  hətta deyərdim ki, normaldan da aşağıdı. Saatlarla, sutkalarla çalışırsan, əlləşirsən ki, sənə lazım olan pəncərə açılsın. Amma olmur, soruşanda da deyirlər ki, "probkadı",  hamı eyni vaxtda sistemə daxil olduğu üçün sistem dözmür.  Zəif internet, "probka", sistem dözümsüzlü bir yana qalsın, bəs, internetin yerli-dibli olmadığı kəndlərdəki əhali neynəsin? Bəlkə başbilənlər düşünür ki, onlar Azərbaycan vətəndaşı deyil, işləmirlər, xaricə də gedə bilməzlər. Sertifikata nə gərək var ki? Halbuki kənd əhalisi ölkənin ən səliqəli, ən nizamlı, bütün qaydalara sözsüz əməl edən, hökumətin qanunlarına tabe olan insanlarıdı. Zatən xəstəlikdən əsəbləri pozulmuş, sinirləri sıradan çıxmış insanı təkrar stressə salmağın adı nədi? Bunun normal, ənənəvi qaydada insanların peyvənd olunduğu tibb müəssisələrində verilməsi məqbul deyilmi? Yaxud da iş yerlərində işçiyə təqdim etmək olmazmı? Olar! Sadəcə əlaqədar qurumlar insanların əsəbi ilə oynamağı bir növ vərdişə  çeviriblər.

Vərdişiniz batsın...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31