Müğənnilər üsyan edir: "Dolana bilmirik, daha itirəcək heç nə qalmadı"
2 İyun 2021 16:46 SosialXəbər verdiyimiz kimi Türkiyədə mayın 31-də mərhələli şəkildə normallaşma planı açıqlansa da, musiqi sektoru ilə bağlı yumşaldılma qərarı verilməyib. Artıq bir neçə gündür, qardaş ölkədə müğənnilər, digər musiqi sahəsinin çalışanları etiraz edirlər. Əksəriyyət dolana bilmədiyini, vəziyyətin çətin olduğunu irəli sürərək hökumətdən yumşalmaya gedilməsini istəyirlər.
Türkiyənin şou-biznes sahəsində nə baş verir?
Sfera.az bildirir ki, bu istiqamətdə bir neçə türkiyəli məşhurun açıqlamaları ön plana çıxıb. Məsələn, gənc popçu Simge qeyd edib ki, müğənnilər çox yorulub:
"Gördüyünüz işlə heç yox sayıldınızmı? Həyatınızın yaxın gələcəyi ilə bağlı heç bir plan qura bilməmək nə deməkdir bilirsiniz? Gündəlik işlə evə çörək aparan minlərlə musiqiçi üçün nə etdiniz? Bu qədər adamın necə yaşadığını sorğuladınızmı? Həmişə təcrid olunan tərəf olmağın nə olduğunu bilmirsiniz. Hamımız çox yorulduq. Daha itirəcək heç nə qalmadı. Biz bu ölkənin insanlarını əyləndirən və yeri gələndə sənəti ilə dərdlərinə ortaq olan adamlarıq. Səsimizi eşidin!".
Müğənni Gülşən böyük bir sahənin, orda çalışan minlərlə insanın ədalətsizcə öz taleyinə buraxılmasını və bir ildən çox müddətdir prosesin bu cür davam etməsini qəbul etmədiyini deyib:
"Həqiqətən də bəsdir artıq! Qısa yay aylarının bir ayını, üstəlik hər şey sərbəst olduğu halda, yenə acı gözlənti ilə keçirəcəyik eləmi? Qarşıdakı 2 ay ərzində də hələ nə olacağı bəlli olmayan musiqi, teatr sektoru ilə bağlı məsələyə yenidən baxılmalıdır. İnsaf!".
Daha bir ifaçı Can Bonomo qorxulu bir müddətin içinə həbs olduqlarını bildirib:
"İnsan yerinə belə qoyulmadan gözləyirik. Əvvəllər "nə iş görürsən" sualına "musiqiçiyəm" deyəndə, "olsun" deyib bizi təsəlli etmək istəyən insanlara gülərdik. Demək ki, bir bildikləri var imiş".
Müğənni Alişan isə musiqi sektoru ilə bağlı normallaşma qərarlarına yenidən nəzər salınacağına inandığını deyib.
Türkiyəli popçu Ebru Gündəş qeyd edib ki, müğənnilər sadəcə çalışmaq istəyir:
"Çünki biz səhnəyə çıxanda yüzlərlə insan da işləyir və bu işçilər hardasa bir il yarımdan çoxdur mübarizə aparırlar. Xahiş edirəm, səsimizi eşidin və eşitdirin. Əmin olun ki, musiqi səsinə qulaq asmaq hamıya yaxşı gələcək".
İfaçı Hakan Altun işsizlikdən bir çox musiqiçinin intihar etdiyinə diqqət çəkib. O, sosial şəbəkədə ud musiqi alətinin tellərini qayçı ilə kəsdiyi anın görüntülərini paylaşıb və "başa sala bildim?", - şərhini yazıb.