Bitməyən eşqsən, heyva ağacı.. Aytən Hüseynova yazır

Aytən Hüseynova

Bitməyən eşqsən heyva ağacı..Sənin qədər sadiq dost,sevgili görmədim mən..Ağlım kəsəli sənə aşiqəm.Qönçən bir ayrı rəng,ləçəklərin bir ayrı..Budaqların göylərə çatır,tərtəmiz göylərə,o göylər ki,başımı qaldırıb baxanda nəfəs ala bilirəm,şükür edə bilirəm ,yerdən göyə-- bənni-insan olmayan məkanı görə bilirəm.Sən məni ilk dəfə tanış etdin gözəlliklərlə,uşaqlıqdan tək dostum olan heyva ağacı,darıxanda ,incidiləndə,yorulanda dərdləşdiyim əziz ağacım,hec dəyişmədin ,hər yaz,hər bahar,hər yay,hər payız,hər qış eyni güldün üzümə,eyni eşqlə baxdın mənə..
 Səni mədh etməyə sözmü var,heyva ağacı..
 Əvvəllər ürəyə əli çatmayan uşaq ağırıları ilə sənə gələrdim,sənə sığınardım,dərdlərimi deyərdim.Sən də ən səbirli dost kimi məni dinləyib göz yaşlarımı silərdin,indi ağrı ürəyimə burum-burum axır,ağrıdır,heyva ağacı ,ağrıdır,bilirsən,ən yaxşıları zamansız torpaq alır,sənin kötüyünü ağuşuna aldığı kimi ..Tanrı da yerə endimi?Adiləşir.
 Qəribə olublar insanlar ,heyva ağacı,bezən boynuna ip atır,ya da ən yüksəkdən özünü yerə atır,kimi xoşbəxtliyi pulda görür,kimi eyş-işrətdə,kimi bir tikə çörək üçün qapılar döyür,kimi bütöv çörəkləri zibilliyə tökür...
Bilmirəm ki,heyva ağacı,mən vəfası  olmayan yadıyam bu dünyanın ..
Bir sən ümidimi qırmadın heyva ağacı,yoxsa ki,Tanrı da verdiyi ümid işığını söndürdü getdi..Ehh ,heyva ağacı,yuxular da yuxu oldu,biləsən,yol yol idi,yoldaş yolu tərk etdi, biləsən.Tanrı da tutduğu əli buraxdı biləsən.Nə güman qaldı,nə ünvan..Ən uca dağlar da uçdu,dağıldı, biləsən,Zirvələrdə görüb  əlçatmaz sandığım,başqasına oyuncaq oldu biləsən.
Ləçəklərinlə oxşa məni,üzümdə kinayədən uzaq təbəssüm yaradan heyva ağacım,nə yaxşı ki hər gün qaçdı-qovdu ilə getdiyim yollarda dəqiqəbaşı qarşıma cıxıb məni salamlayırsan.Bəlkə,varlığın,ləçəklərin məni dirildə yenidən,heyva ağacı..
Hər gün  yollarda azca da olsa,sənlə söhbətləşmək nə gözəldir,heyva ağacı..
Sənin gözəlliyini ətrafa anlatmaq istədim ,kimsə anlamadı məni,baxdım ki,adi bir bəzək kimi səndən istifadə etdilər,kimi saçına taxdı,kimi budağını qırıb iyləyib kənara atdı..
Səni incidəndə mən də incidildim,heyva ağacı..
Mənim üçün ən müqəddəs  varlığı da belə etdilər,heyva ağacı,bəzək üçün oyuncaq etdilər.
Mən həqiqəti axtardım,bilmək istədim,tapdım,amma çox ağırdır həqiqətin yükü..Daşımaq olmur,heyva ağacı,daşımaq olmur.Həqiqət məndə olan məni öldürdü,ruhumu dəfn etdi,indi quru cəsədə dönmüşəm,özüm özümə yük olmuşam ,heyva ağacı..
Yenə sənə gəlmişəm,dərdləşməyə heyva ağacı,biləsən..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31