Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş vebinar keçirilib
7 Aprel 2021 21:27 Sosial7 aprel tarixində Sağlamlığa Xidmət İctimai birliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş vebinar keçirilib.
Ümumdünya Sağlamlıq Günü 1950-ci ildən etibarən qeyd olunur və günün bu ilki şüarı hər kəs üçün ədalətli və sağlam dünyanın qurulmasıdır.
Əlamətdar günlə bağlı Azərbaycan Respublikası Prezidentinin 6 aprel tarixində Ümumdünya Səhiyyə Təşkilatının Baş qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə video müraciətinin əsas məqamları tədbirin təşkilatçısı olan Sağlamlığa Xidmət İB-in icraçı direktoru Pərvanə Vəliyeva tərəfindən iştirakçıların diqqətinə çatdırılıb və bildirilib ki, pandemiya ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər və universal əlçatanlığının təmin olunması istiqamətində Azərbaycan tərəfindən irəli sürülən qlobal təşəbbüslər təqdirəlayiqdir.
Tədbirdə açılış nitqi ilə çıxış edən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə tədbir təşkilatçılarına öz minnətdarlığını bildirərək, səhiyyə istiqamətinə dövlət başçısının hər zaman xüsusi diqqət və qayğı göstərdiyini qeyd etdi. Bəzi dövlətlərin vaksinlərə əlçatanlığı olmasa da, dövlət başçısının güclü siyasi rəhbərliyinin nəticəsində ölkəmizə vaxtında vaksinlər gətirildi. Ölkəmizdə mütəmadi olaraq səhiyyə sahəsində islahatlar tətbiq olunur, hazırda icbari tibbi sığorta ölkə üzrə həyata keçirilməsinə başlanılıb. Səhiyyə sahəsində olan islahatlar insanların daha keyfiyyətli və əlçatan xidmətlərlə təmin edilməsi məqsədi daşıyır.
Tədbir tibb işçiləri və sosial işçilər tərəfindən COVİD-19 pandemiyası dövründə cəmiyyətin sağlamlığı naminə görülmüş işlər barədə təqdimatlar edildi. Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim infeksionisti Nilufər Məmmədova "COVİD-19 xəstəliyində tibbi təcrübə" barədə təqdimatla çıxış edərək, COVİD-19 virusu, profilkatik tədbirlər, diaqnostika və müalicəsi barədə ətraflı məlumatlar verib, xəstəliyin müalicəsində xüsusi hallar istisna olmaqla, antibiotiklərdən istifadənin düzgün olmadığını qeyd edib.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova "COVİD-19 ilə bağlı risk kommunikasiyanın əhəmiyyəti" mövzusunda, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Könül İsmayılova "COVİD -19 pandemiyası zamanı psixi sağlamlığının qorunması" mövzusunda, Sosial Tədqiqatlar Mərkəzinin İctimai rəyin öyrənilməsi departamentinin müdiri Ayşəm Balayeva "Azərbaycanda COVİD-19 pandemiyası zamanı həssas qruplara sosial xidmətlərin təşkili mövzusunda təqdimatlarla çıxış ediblər.
Sonda isə "Sağlamlığa xidmət" İB, layihə rəhbəri Samirə Muxtarova " COVİD -19 pandemiya zamanı qeyri-hökümət təşkilatlarının fəaliyyəti" mövzusunda təqdimatla çıxış edib.
Vebinarda pandemiyadan qorunmaq üçün infeksion nəzarət tədbirləri, gigiyena qaydaları və maskalardan düzgün istifadə və COVİD-19 əleyhinə vaksinasiya barədə də geniş məlumatlar verilib. Vebinar sosial şəbəkə üzərində də yayımlanaraq, istifadəçilərin sualları cavablandırılıb.