Asiya bazarına açılan yeni qapı: Vyetnam səfəri Azərbaycana nə vəd edir? – ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnama səfər edib. Səfər çərçivəsində dövlət başçısı ən yüksək səviyyədə görüşlər keçirib. Belə ki, Vyetnam Milli Assambleyasının sədri Çan Tan Man və Vyetnamın Baş naziri Le Minh Hung ilə görüşlər baş tutub. Görüşlərdə Azərbaycan-Vyetnam arasında strateji tərəfdaşlıq münasibətləri, siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafı, eləcə də iki ölkə arasında ticarət dövriyyəsinin artırılması kimi mühüm məsələlər müzakirə olunub. Eyni zamanda, bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi təhlilçi Şakir Ağayev deyib. Ekspert bildirib ki, Azərbaycan Prezidentini müşayiət edən nümayəndə heyətinin tərkibinə nəzər salsaq, burada həm siyasi, həm iqtisadi, həm də enerji blokunun təmsil olunduğunu görərik. Bu da keçirilən görüşlərin nə dərəcədə mühüm olduğunu və hansı sahələrin inkişaf etdirilməsinin prioritet təşkil etdiyini bir daha təsdiqləyir. Məlumdur ki, Prezident İlham Əliyev Vyetnama səfər etməzdən əvvəl Vyetnam mətbuatına müsahibəsində, eləcə də bu gün baş nazir ilə görüşündə tarixi məqamlara toxunmuşdu. Belə ki, hələ 1959-cu ildə Vyetnam Prezidenti Ho Şi Min ilk dəfə Azərbaycana səfər edib. Daha sonra, 1983-cü ildə həmin dövrdə Azərbaycanın rəhbərlərindən biri olan Heydər Əliyev Vyetnamda səfərdə olub. Məhz bu səfərlər çərçivəsində Azərbaycan-Vyetnam münasibətlərinin ilkin təməlləri qoyulub. Vyetnam bu gün Azərbaycanın əməkdaşlıq etdiyi mühüm və sürətlə inkişaf edən ölkələrdən biridir. Ölkənin ticarət-iqtisadi göstəriciləri kifayət qədər yüksəkdir. Şübhəsiz ki, Asiya bazarı Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, Azərbaycan Orta Dəhlizdə mühüm rol oynayır və bu dəhliz Avropa ilə Asiyanı birləşdirən əsas logistika marşrutlarından biridir, o zaman Vyetnamla əlaqələrin inkişafının əhəmiyyəti daha aydın görünür.

Ekspert qeyd edib ki, Azərbaycanın özü də hazırda qlobal geosiyasi proseslərin və qeyri-sabitliyin müşahidə olunduğu bir dövrdə fəaliyyət göstərir. Şübhəsiz ki, hər iki tərəf ölkələr arasındakı münasibətlərin daha da inkişafında maraqlıdır və dövlət başçılarının görüşlərində bu məqam bir daha vurğulanıb. Bu gün heç kimə sirr deyil ki, Asiya bazarı dünyanın ən mühüm iqtisadi bazarlarından birinə çevrilib. Dünyanın aparıcı dövlətləri də məhz bu bazarda mövqelərini gücləndirməyə çalışırlar. Bu baxımdan, Azərbaycanın Vyetnamla münasibətləri həm iqtisadi, həm də strateji nöqteyi-nəzərdən olduqca səmərəli və vacibdir. Görüşlər zamanı Vyetnamın Azərbaycanda səfirlik açacağı da qeyd edilib. Bu addım iki ölkə arasında siyasi və diplomatik əlaqələrin daha da inkişafına, eləcə də digər sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verəcək. Azərbaycanın Asiya dövlətləri ilə münasibətlərinin inkişafı ölkəmizin milli maraqlarına uyğundur. Şübhəsiz ki, bu əlaqələr Azərbaycanın Asiya məkanında mövqelərinin möhkəmlənməsinə və iqtisadi imkanlarının bütün istiqamətlər üzrə daha da genişlənməsinə şərait yaradacaq.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00