Azərbaycan-Vyetnam əlaqələrində yeni mərhələ: Tranzit və enerji ön plana çıxır-ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 19-da Vyetnama başlayan rəsmi səfəri bu ölkənin mediasında geniş işıqlandırılıb. Vyetnamın nüfuzlu qəzet və xəbər portalları səfərin iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına, xüsusilə enerji, ticarət və digər sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini vurğulayıb.

"Vietnam+" nəşrində dərc olunan məqalədə Azərbaycan-Vyetnam dostluğunun tarixi köklərinə toxunulub. Qeyd edilib ki, 1959-cu ildə Ho Şi Minin Azərbaycana, 1983-cü ildə isə Heydər Əliyevin Vyetnama səfəri ikitərəfli münasibətlərin əsasını qoyub. Həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafındakı rolu diqqətə çatdırılıb.

Azərbaycan Prezidentinin Vyetnama rəsmi səfərinin bu ölkənin mediasında geniş işıqlandırılmasını necə qiymətləndirirsiniz? Bu diqqət Azərbaycanın beynəlxalq nüfuzunun və xarici siyasət əlaqələrinin güclənməsi baxımından nə ifadə edir? Azərbaycan-Vyetnam münasibətlərinin tarixi dostluq əlaqələrindən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi hansı yeni siyasi və iqtisadi imkanlar yarada bilər?
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Vyetnam mediasında Azərbaycan Prezidentinin bu ölkəyə səfəri, mövcud ikitərəfli münasibətlər barədə geniş və detallı məlumatların verilməsi onu göstərir ki, Vyetnamda Azərbaycan faktoru çox yüksək qiymətləndirilir. Azərbaycanın səbəb olduğu yeni reallıqlar- Şərq-Qərb ticarəti, beynəlxalq marşrutların işə düşməsi, yeni və daha effektiv alternativ tranzit xətlərinin reallaşması xüsusi diqqətlə qarşılanır.
Bundan başqa, sülhün əldə edilməsi, beynəlxalq münasibətlərdə çoxtərəfliliyin və bütün tərəflər arasında bərabərhüquqlu münasibətlərin qurulması məsələləri də Azərbaycanın yaratdığı yeni reallıqlar sırasındadır. Cənubi Qafqazda baş verən inkişaf prosesləri Vyetnamda da rəğbətlə qarşılanır və bu, həmin ölkənin Azərbaycana, eləcə də bütövlükdə regionumuza xüsusi önəm verməsinə səbəb olur. Bu da təbii ki, Azərbaycanın beynəlxalq nüfuzunun və xarici siyasət əlaqələrinin güclənməsi ilə nəticələnəcək.
Hətta Vyetnam nümunəsində bunun artıq nəticə verdiyini söyləmək olar. Çünki faktiki olaraq Azərbaycan-Vyetnam münasibətləri standart ikitərəfli münasibətlər səviyyəsindən strateji mərhələyə yüksəlir. Bu isə o deməkdir ki, iqtisadiyyat, siyasət, ümumi təhlükəsizlik, tranzit, enerji məsələləri, humanitar-mədəni əlaqələr və sosial sahələr daxil olmaqla, bütün istiqamətlərdə ikitərəfli münasibətlərdə yeni dinamikanın şahidi olacağıq.
Bəs bu münasibətlər bizim üçün hansı yeni siyasi-iqtisadi imkanları yarada bilər? Mənə elə gəlir ki, bu suala cavabı ən yaxşı şəkildə rəsmi görüşlər zamanı verilən mesajlarda axtarmaq lazımdır. Çünki Azərbaycan Prezidentinin Vyetnamın baş naziri ilə görüşündə və digər iqtisadi yönümlü təmaslarında nəyin şahidi oluruq? Hər iki tərəf enerji, tranzit, iqtisadi-ticarət əlaqələrinin, eləcə də mədəni-humanitar münasibətlərin inkişafı məsələlərində ortaq yanaşmanın və konsensusun olduğunu bildirir, bundan məmnunluğunu ifadə edir.
Mənə elə gəlir ki, Vyetnamın istehsal potensialını da nəzərə almaq lazımdır. Dünyanın ən böyük markalarından bir neçəsinin Vyetnamda istehsal bazaları var. Bu isə o deməkdir ki, həmin məhsulların həm Azərbaycan daxili bazarına, həm də Azərbaycan üzərindən Avropa və digər yaxın ölkələrin bazarlarına daşınmasında tranzit imkanlarımız effektiv rol oynaya bilər. Bu, hər iki tərəf üçün yeni iqtisadi imkanlar, əlaqələr və gəlirlər deməkdir. Eyni zamanda, daxili tələbatın ödənilməsində də kifayət qədər mühüm rol oynaya bilər. Digər tərəfdən, Azərbaycanın da Vyetnam üçün təklif etdiyi strateji imkanlar var. Bunların başında yenə tranzit və enerji məsələləri gəlir. Azərbaycan Vyetnama formalaşmaqda olan yeni nəqliyyat marşrutlarından, dəhlizlərdən və digər tranzit layihələrindən istifadə etməklə daha çox tərəfdaş qazanmaq, eləcə də digər ölkələrlə ikitərəfli və çoxtərəfli formatda iqtisadi əlaqələr qurmaq imkanı yaradır.
Ümumilikdə, coğrafiyalarımız arasında ciddi məsafə olmasına baxmayaraq, bugünkü dünya reallıqlar üzərində qurulub. Coğrafi məsafələr kəmiyyət baxımından böyük görünsə də, əlaqələr strateji səviyyəyə yüksəldikdə keyfiyyət baxımından bu məsafələr öz əhəmiyyətini itirir. Artıq müasir texnologiyalar və sürətli daşıma həlləri mövcuddur. Bu da tərəflər arasında ortaq konsensus və maraqlar olduğu təqdirdə məsafələri aşaraq daha ciddi nəticələr əldə etməyə imkan verir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00