Gürcüstan-Rusiya təmasları Minskdə: Tbilisinin xarici siyasət kursu dəyişir? – ŞƏRH – ÖZƏL
16:05 SiyasətBəhruz Quliyev: "Diplomatik dialoq ərazi bütövlüyünü arxa plana keçirməməlidir"
Gürcüstanla Rusiya arasında diplomatik təmasların Minskdə keçirilməsi Cənubi Qafqazda geosiyasi müzakirələri yenidən gündəmə gətirib. Abxaziya və Cənubi Osetiya problemləri, Rusiyanın regiondakı hərbi mövcudluğu və Gürcüstanın Qərbə inteqrasiya kursu iki ölkə arasında münasibətləri həssas vəziyyətdə saxlayır.
"Gürcüstanla Rusiya arasında diplomatik təmasların Minskdə keçirilməsi Cənubi Qafqazın geosiyasi gündəliyində yeni müzakirə predmetinə çevrilib. Burada, ilk növbədə, görüşün hansı məkanda keçirilməsindən daha çox, bu təmasların siyasi mahiyyətinə, tərəflərin hansı mesajları verməsinə və gələcək münasibətlər üçün hansı istiqamətin müəyyənləşdirilməsinə diqqət yetirmək lazımdır. Məlumdur ki, Gürcüstan-Rusiya münasibətləri uzun illərdir mürəkkəb və ziddiyyətli xarakter daşıyır. Abxaziya və Cənubi Osetiya məsələləri, Rusiyanın Gürcüstan ərazilərində hərbi mövcudluğu, 2008-ci il müharibəsinin nəticələri iki ölkə arasında münasibətlərin normallaşmasına ciddi maneələr yaradır. Bu reallıq fonunda istənilən diplomatik təmas, istənilən dialoq kanalı həm siyasi, həm də geostrateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Minsk platformasının seçilməsi isə ayrıca siyasi məna kəsb edir. Belarus Rusiyanın yaxın müttəfiqidir və Moskva ilə Tbilisi arasında təmasların məhz bu məkanda keçirilməsi Rusiyanın diplomatik yanaşmasına uyğun platformada dialoqun aparılması kimi görünə bilər. Bununla belə, görüşün Minskdə keçirilməsi avtomatik olaraq Gürcüstanın xarici siyasət kursunda dəyişiklik demək deyil. Əsas məsələ görüşün nəticələri, müzakirə olunan mövzular və tərəflərin siyasi iradəsidir".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, Gürcüstanın Rusiya ilə müəyyən məsələlər üzrə dialoq aparmağa çalışması, eyni zamanda Qərbə inteqrasiya perspektivlərini gündəmdə saxlaması Tbilisinin mürəkkəb siyasi balans siyasətini ortaya qoyur. Gürcüstan siyasi rəhbərliyi bir tərəfdən ölkənin təhlükəsizlik və ərazi bütövlüyü məsələlərini prioritet hesab etməli, digər tərəfdən iqtisadi, ticarət, humanitar və regional münasibətlərdə yaranan reallıqları nəzərə almalıdır. Lakin bu balansın hansı həddə qədər qorunacağı, dialoqun hansı siyasi güzəştlər doğuracağı ciddi suallar yaradır. Belarusun bu prosesdə vasitəçi roluna gəlincə, düşünürəm ki, Minsk daha çox diplomatik platforma və təmasların təşkil olunduğu məkan kimi çıxış edə bilər. Belarusun Rusiyaya yaxınlığı ona Moskva ilə əlaqələr baxımından müəyyən imkanlar versə də, bu amil eyni zamanda onun neytral vasitəçi statusunu məhdudlaşdırır. Həqiqi vasitəçilik yalnız tərəflərin etimadını, beynəlxalq legitimliyi və konkret nəticələrə yönəlmiş siyasi mexanizmləri tələb edir. Cənubi Qafqazda hazırda yeni geosiyasi düzən formalaşır. Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyi, regional nəqliyyat xətlərinin açılması, Orta Dəhlizin strateji əhəmiyyətinin artması, Türkiyə və Qərbin regiondakı maraqları, eləcə də Rusiya ilə münasibətlərin yeni mərhələyə keçməsi bütün dövlətləri daha çevik diplomatik davranmağa sövq edir. Bu baxımdan Gürcüstan-Rusiya təmaslarını da yalnız ikitərəfli münasibətlər kontekstində deyil, bütövlükdə regionda dəyişən siyasi konfiqurasiya fonunda dəyərləndirmək lazımdır.
"Ən mühüm məqam isə budur ki, diplomatik dialoq ərazi bütövlüyü və suverenlik məsələlərini arxa plana keçirməməlidir. Gürcüstan üçün Moskva ilə təmasların nəticəsi yalnız iqtisadi və kommunikasiya əlaqələrinin genişlənməsi ilə deyil, həm də milli təhlükəsizlik maraqlarının qorunması ilə ölçülməlidir. Minsk görüşü yeni dialoq imkanlarının yaranmasına işarə edə bilər, lakin bu dialoqun real siyasi nəticələr verib-verməyəcəyini zaman və tərəflərin konkret addımları göstərəcək", - deyə B.Quliyev əlavə edib.
Səidə Ramazanova