Hollandiya freqatı Qırmızı dənizdə Aİ missiyasına qoşulacaq-ÖZƏL

Olaylar.az xəbər verir ki, dekabrın ortalarından yanvarın əvvəlinədək Hollandiya Hərbi Dəniz Qüvvələrinə məxsus freqat Qırmızı dənizdə Avropa İttifaqının (Aİ) "Aspides" dəniz təhlükəsizliyi missiyası çərçivəsində yük gəmilərinin mühafizəsi əməliyyatında iştirak edəcək. Bu barədə Hollandiyanın Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Məlumata görə, əməliyyata "Zr.Ms. Evertsen" freqatı cəlb olunacaq. Qərar Hollandiyanın xarici işlər naziri Tom Berendsen və müdafiə naziri Dilan Yeşilgöz-Zegerius tərəfindən parlamentin aşağı palatasına təqdim edilib.
Hollandiya Müdafiə Nazirliyi qeyd edib ki, bu addım Bab əl-Məndəb boğazında yaranmış gərgin vəziyyətlə əlaqədardır. Aİ rəhbərliyi bölgədə gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə üzv ölkələri "Aspides" missiyasını gücləndirməyə çağırıb.
Nazirliyin qiymətləndirməsinə görə, Qırmızı dənizdə gəmiçiliyin məhdudlaşdırılması Hollandiya və digər Avropa ölkələrinin gəmiçilik şirkətlərinə, sənayesinə və istehlakçılarına mənfi təsir göstərə bilər.
Hollandiya freqatının missiyaya qoşulması bölgədə ticarət gəmilərinin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş müdafiə xarakterli tədbir kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00