Gözəllik xidmətlərində "vergi dəyişikliyi": Qiymətlər necə dəyişəcək?

Azərbaycanda 2027-ci ildən etibarən gözəllik və kosmetoloji xidmətlər sahəsində fəaliyyət göstərən sahibkarların vergi öhdəlikləri ilə bağlı yeni mexanizmin tətbiqi nəzərdə tutulur. Təklif olunan dəyişikliklərə əsasən, gözəllik salonları və bu istiqamətdə xidmət göstərən sahibkarlar üçün beş il müddətinə xüsusi sadələşdirilmiş vergi rejiminin tətbiqi planlaşdırılır. Yeni qaydaya görə, sahibkarların nağd dövriyyəsi üzrə 8 faiz, nağdsız dövriyyəsi üzrə isə 6 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi ödəməsi təklif edilir. Bununla da gözəllik xidmətləri sektorunda fəaliyyət göstərən sahibkarların vergi öhdəliklərinin müəyyən edilmiş yeni şərtlər əsasında tənzimlənməsi gündəmə gəlir. Son illərdə gözəllik xidmətləri bazarı gündəlik həyatın və xidmət sektorunun mühüm istiqamətlərindən birinə çevrilib. Saç kəsimi və rənglənməsi, manikür, pedikür, kosmetoloji prosedurlar, qaş və kirpik xidmətləri, eləcə də müxtəlif estetik və baxım prosedurları bu sahənin əhatə dairəsini xeyli genişləndirib. Hazırda həm kiçik fərdi xidmət məkanlarında, həm də geniş xidmət çeşidinə malik gözəllik salonlarında müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri mövcuddur. Bu baxımdan, sözügedən sektor təkcə sahibkarlıq fəaliyyəti və xidmət çeşidlərinin genişliyi ilə deyil, həm də gündəlik istehlak bazarında tutduğu yerlə diqqət çəkir. Gözəllik xidmətləri bazarının genişlənməsi ilə yanaşı, bu sahədə fəaliyyət göstərən müəssisələrin iqtisadi və hüquqi fəaliyyətinin tənzimlənməsi məsələsi də aktuallığını qoruyur. Xidmət sektorunun müxtəlif istiqamətlərində olduğu kimi, gözəllik salonlarının fəaliyyətində də vergi öhdəlikləri, ödənişlərin həyata keçirilməsi və sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilməsi mühüm məsələlər sırasındadır. Təklif olunan yeni vergi mexanizmi də məhz bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərdən biridir. Beş il müddətini əhatə etməsi planlaşdırılan yeni rejim isə gözəllik xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarlar üçün fərqli vergi şərtlərinin müəyyənləşdirilməsini nəzərdə tutur. Məsələnin diqqət çəkən tərəflərindən biri yeni vergi dərəcələrinin nağd və nağdsız dövriyyə üzrə fərqli müəyyən edilməsidir. Belə ki, nağd ödənişlər üzrə 8 faiz, nağdsız əməliyyatlar üzrə isə 6 faiz sadələşdirilmiş verginin tətbiqi təklif olunur. Bu fərqləndirmə yeni mexanizmin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Eyni zamanda, dəyişikliklərin yalnız sahibkarların vergi öhdəlikləri ilə məhdudlaşmayacağı, sektorun ümumi fəaliyyətinə və iqtisadi münasibətlərinə mümkün təsirləri baxımından da müzakirə mövzusuna çevriləcəyi gözlənilir.

Bəs 2027-ci ildən tətbiqi nəzərdə tutulan yeni vergi rejimi gözəllik xidmətlərinin qiymətlərinə necə təsir göstərəcək? Sahibkarlar üçün müəyyənləşdirilən əlavə vergi yükü xidmətlərin bahalaşmasına səbəb ola bilərmi?

Sözügedən mövzu ilə bağlı Olaylar.az-a danışan iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, yeni qaydanın tətbiqi əslində proseslərin daha da rəsmiləşdirilməsi, xidmət sektorunda şəffaflığın artırılması və mövcud fəaliyyət mexanizmlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədi daşıyır. Burada əsas məqamlardan biri xidmət göstərilməsi zamanı həyata keçirilən ödənişlərin rəsmiləşdirilməsi, vətəndaşlara təqdim olunan xidmətlərin müqabilində kassa çeklərinin verilməsi və dövriyyənin daha düzgün şəkildə uçota alınmasıdır. Çünki indiyədək bu sahədə müəyyən hallarda göstərilən xidmətlərin müqabilində vətəndaşlara kassa qəbzlərinin təqdim edilmədiyinin şahidi olurduq. Belə hallar əsasən vətəndaşların hər hansı narazılığı və ya şikayəti yarandıqdan sonra üzə çıxırdı. Yəni xidmət göstərilsə də, həmin xidmətə görə ödənilən vəsaitin rəsmiləşdirilməsi və müvafiq qaydada qeydə alınması ilə bağlı müəyyən problemlər mövcud idi. Bu baxımdan, yeni qaydanın tətbiqini yalnız vergi mexanizminin dəyişdirilməsi kimi qiymətləndirmək düzgün olmazdı. Əslində, burada məqsəd xidmət sektorunda aparılan əməliyyatların daha sistemli və şəffaf şəkildə həyata keçirilməsini təmin etmək, sahibkarlıq subyektlərinin fəaliyyətində rəsmiləşdirmə səviyyəsini artırmaqdır. Çünki hər hansı xidmətin göstərilməsi zamanı ödənişin hansı formada qəbul edilməsindən asılı olmayaraq, həmin əməliyyatın qanunvericiliyə uyğun şəkildə qeydə alınması vacibdir. Bu, həm dövlətin vergi daxilolmalarının düzgün hesablanması, həm də istehlakçıların hüquqlarının qorunması baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, düşünürəm ki, bu qərarın tətbiqindən əvvəl müvafiq müəssisələrdə müəyyən monitorinqlərin aparılması da məqsədəuyğun olacaq. İlk növbədə, həmin obyektlərdə POS-terminalların mövcud olub-olmaması, eləcə də terminalların sahibkarlar tərəfindən real fəaliyyət zamanı istifadə edilib-edilməməsi araşdırılmalıdır. Çünki bəzi hallarda müəssisədə POS-terminalın olması hələ onun müştərilərə təqdim edilən ödəniş imkanları sırasında faktiki olaraq istifadə edildiyi anlamına gəlmir. Sahibkarın terminalı olmasına baxmayaraq, müxtəlif səbəblərdən və ya məqsədli şəkildə nağdsız ödəniş qəbulundan yayınması ehtimalı da nəzərə alınmalıdır. Bu səbəbdən, məsələnin yalnız texniki təminatla məhdudlaşdırılması düzgün olmaz. Əsas məsələ mövcud imkanların nə dərəcədə effektiv istifadə edildiyini müəyyənləşdirməkdir. Hesab edirəm ki, bu istiqamətdə aparılacaq monitorinqlər yeni qaydanın tətbiqi zamanı ortaya çıxa biləcək problemlərin əvvəlcədən müəyyənləşdirilməsinə imkan verə bilər. Çünki bir sıra hallarda vətəndaşlar nağdsız ödəniş etmək istəsələr də, xidmət göstərən müəssisələrdə bunun üçün lazımi şərait yaradılmır. Digər tərəfdən, POS-terminalın mövcud olduğu müəssisələrdə belə, vətəndaşların nağd ödənişə yönləndirilməsi halları ilə qarşılaşmaq mümkündür. Belə vəziyyətlərdə problemin səbəblərinin araşdırılması, sahibkarların mövcud tələblərə münasibətinin öyrənilməsi və yeni qaydanın tətbiqinə hazırlıq səviyyəsinin qiymətləndirilməsi vacibdir. Bu baxımdan, monitorinqlərin aparılması qərarın daha səmərəli şəkildə həyata keçirilməsinə şərait yarada bilər.

"Nağd dövriyyə üzrə 5 faiz, nağdsız dövriyyə üzrə isə 6 faiz sadələşdirilmiş verginin tətbiqinin həmin sektorun qiymətlərinə təsirinə gəldikdə isə düşünürəm ki, bu təsir müəyyən qədər olacaq. Yəni vergi yükünün dəyişməsi sahibkarların fəaliyyətinə, xərclərinin hesablanmasına və göstərdikləri xidmətlərin qiymət siyasətinə müəyyən təsir göstərə bilər. Çünki hər bir sahibkar öz fəaliyyətini planlaşdırarkən əldə etdiyi gəlirlə yanaşı, ödəməli olduğu vergiləri, digər xərcləri və bazardakı rəqabət şəraitini də nəzərə alır. Bu baxımdan, vergi mexanizmində baş verən dəyişikliklərin qiymət siyasətinə heç bir təsir göstərməyəcəyini söyləmək doğru olmazdı. Lakin həmin təsirin miqyası bütün sektorlar üzrə eyni səviyyədə olmayacaq. Digər sahələrlə müqayisədə bu xidmət sektorunda təsirin nisbətən məhdud olacağını düşünməyimin əsas səbəblərindən biri həmin xidmətlərə hər zaman tələbin mövcud olması və artıq bu istiqamətdə müəyyən rəqabət mühitinin formalaşmasıdır. Yəni söhbət elə bir xidmət sahəsindən gedir ki, burada müştəri cəlb etmək, mövcud müştəri bazasını qorumaq və rəqiblərdən geri qalmamaq sahibkarlar üçün mühüm əhəmiyyət daşıyır. Belə bir şəraitdə sahibkarın vergi yükündəki dəyişiklikləri əsas gətirərək xidmətlərin qiymətini kəskin şəkildə artırması onun bazardakı mövqeyinə mənfi təsir göstərə bilər. Çünki istehlakçıların seçim imkanları mövcuddur və onlar eyni və ya oxşar xidməti daha münasib qiymətə təqdim edən başqa müəssisələrə üz tuta bilərlər. Burada sahibkarın qarşısında iki əsas məsələ dayanır: bir tərəfdən, artan və ya dəyişən vergi öhdəliklərini nəzərə alaraq öz xərclərini qarşılamaq, digər tərəfdən isə qiymətləri müştərilər üçün əlçatan səviyyədə saxlamaq. Əgər sahibkar qiymətləri kəskin şəkildə artırarsa, bu, onun müştəri itirməsi ilə nəticələnə bilər. Müştəri isə alternativ xidmət göstərən müəssisələrə, yəni rəqiblərə yönələ bilər. Nəticədə sahibkarın qiymət artımı hesabına əldə etməyi düşündüyü əlavə gəlir müştəri sayının azalması səbəbindən gözlənilən nəticəni verməyə bilər. Bu baxımdan, rəqabət mühitinin mövcudluğu sahibkarların qiymətləri istədikləri səviyyədə artırmaq imkanlarını müəyyən mənada məhdudlaşdırır. İkinci mühüm məqam isə bu sektorda müəyyən zaman aralıqlarında durğunluğun müşahidə edilməsidir. Yəni xidmət sahəsində tələb bütün dövrlərdə eyni intensivlikdə olmur. Müəyyən zamanlarda müştəri aktivliyi və xidmətlərə müraciət sayı artır, digər dövrlərdə isə nisbətən zəifləmə müşahidə olunur. Bu isə sahibkarların qiymət siyasətinə birbaşa təsir edən amillərdən biridir. Çünki fəaliyyət göstərən müəssisələr yalnız vergi öhdəliklərini deyil, eyni zamanda müştəri axınının davamlılığını, xidmətlərə olan tələbin dəyişməsini və bazardakı ümumi vəziyyəti də nəzərə almalıdırlar. Belə bir şəraitdə sahibkarın qiymətləri kəskin artırması xüsusilə durğunluq dövrlərində onun fəaliyyətinə əlavə çətinliklər yarada bilər. Müştəri sayının azaldığı və ya xidmətlərə müraciətin əvvəlki intensivlikdə olmadığı zamanlarda qiymət artımı istehlakçıların seçimlərinə daha çox təsir göstərə bilər. Bu səbəbdən sahibkarlar qiymətləri müəyyənləşdirərkən yalnız vergi yükünü əsas götürməyəcək, həm də bazarın real vəziyyətini, müştərilərin alıcılıq imkanlarını və rəqabət şəraitini nəzərə almağa məcbur olacaqlar. Bu amillər də həmin sektorda qiymət artımının müəyyən həddə qalmasına təsir edə bilər", - deyə ekspert əlavə edib.

İqtisadçının sözlərinə görə, məsələnin digər və əsas tərəfi isə ondan ibarətdir ki, bu sahədə qiymətlərdə müəyyən artım baş versə belə, bunun xidmətlərə olan tələbi kəskin şəkildə azaltacağını düşünmürəm. Yəni ilkin mərhələdə, xüsusilə yeni qaydanın tətbiqindən sonrakı ilk günlərdə müəyyən durğunluq müşahidə oluna bilər. Vətəndaşlar yeni qiymətlərə uyğunlaşmaq, xərclərini yenidən planlaşdırmaq və xidmətlərdən istifadə ilə bağlı qərarlarını nəzərdən keçirmək məcburiyyətində qala bilərlər. Bu isə qısa müddət ərzində müştəri aktivliyində müəyyən dəyişikliklər yarada bilər. Lakin həmin vəziyyətin uzunmüddətli perspektivdə xidmətlərə olan tələbin ciddi şəkildə azalmasına gətirib çıxaracağını düşünmürəm. Çünki bu sektorun əsas xüsusiyyətlərindən biri xidmətlərə olan tələbin davamlı xarakter daşımasıdır. Başqa sözlə, qiymətlərdə müəyyən dəyişikliklərin baş verməsi istehlakçıların həmin xidmətlərdən tamamilə imtina etməsi ilə nəticələnməyə bilər. Tələb qiymət amilindən müəyyən qədər təsirlənsə də, bu təsir kəskin xarakter daşımaya bilər. Məhz buna görə də qiymətlərdə müəyyən artım baş verdiyi halda belə, xidmətlərə olan ümumi tələbin əvvəlki səviyyədən ciddi şəkildə aşağı düşəcəyini gözləmirəm. İlk günlərdə müəyyən durğunluq yarana bilər, lakin sonrakı mərhələdə bazarın yeni qiymət şəraitinə uyğunlaşması mümkündür. Yeni qaydanın həmin sektora təsirini qiymətləndirərkən yalnız vergi dərəcələrinə və mümkün qiymət dəyişikliklərinə diqqət yetirmək kifayət deyil. Burada xidmətlərə olan davamlı tələbi, formalaşmış rəqabət mühitini, sahibkarların müştəri itirmək riskini və sektorda müəyyən dövrlərdə müşahidə edilən durğunluğu da nəzərə almaq lazımdır. Bütün bu amillər birlikdə qiymət artımının miqyasına və onun bazara təsirinə təsir göstərəcək. Bu baxımdan, müəyyən qiymət dəyişikliklərinin baş verməsi mümkün olsa da, onların digər sahələrlə müqayisədə nisbətən məhdud olacağını düşünürəm. Əsas məqam isə odur ki, qiymətlərdəki dəyişikliklər ilkin mərhələdə müəyyən durğunluq yaratsa belə, bu, xidmətlərə olan tələbin kəskin şəkildə azalacağı anlamına gəlmir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00