“Tarixi dostluq konkret iqtisadi nəticələrə çevrilməlidir” – Əkbər Qoşalı – ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfərinin bu ölkənin aparıcı media qurumlarında geniş işıqlandırılması, ilk növbədə, Azərbaycan-Vyetnam münasibətlərinə göstərilən ictimai-siyasi marağın ifadəsidir. Bu diqqət həm də Azərbaycanın Cənub-Şərqi Asiya məkanında tanıdılması, ölkəmizin enerji, nəqliyyat-logistika və yatırım imkanlarının daha geniş auditoriyaya çatdırılması baxımından önəmlidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, Azərbaycan-Vyetnam münasibətləri yalnız bugünkü iqtisadi maraqlardan qaynaqlanmır; 1959-cu ildə Ho Şi Minin Bakıya, 1983-cü ildə Ümummilli lider Heydər Əliyevin Vyetnama səfərləri ilə möhkəmlənmiş tarixi dostluq artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2025-ci ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə bunun siyasi-hüquqi ifadəsidir. Yeni mərhələdə əsas vəzifə tarixi güvəncəni konkret iqtisadi nəticələrə çevirməkdir. Energetika, yaşıl enerji, qarşılıqlı yatırımlar, ticarət və Orta dəhliz üzərindən yükdaşıma bağlantıları bu baxımdan özəl gələcək vəd edir. Eyni zamanda, təhsil, elm, ədəbiyyat və mədəniyyət sahələrində işbirliyi münasibətlərin mənəvi dayaqlarını gücləndirir. Vyetnam mediasının Azərbaycan Prezidentinin səfərinə diqqəti həm də ölkəmizin beynəlxalq əlaqələrinin coğrafi baxımdan genişlənməsinin informasiya müstəvisində əksidir. Çağdaş diplomatiyada dövlətlərin yaxınlığı coğrafi məsafədən daha çox, qarşılıqlı güvən, ortaq çıxarlar və gələcəyə yönəlmiş işbirliyi iradəsi ilə ölçülür. Azərbaycanla Vyetnam arasında tarixi dostluğun strateji tərəfdaşlığa çevrilməsi də bax, bu məntiqin ifadəsidir: keçmişin güvəni bugünün işbirliyinə, həmin işbirliyi isə sabahın ortaq imkanlarına xidmət edir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00