Uşağın aqressiv davranışının arxasında hansı səbəblər dayanır? - Müsahibə
20:10 Sosial20 noyabr - Ümumdünya Uşaq Hüquqları Günüdür. Bu tarix uşaqların yalnız hüquqlarının deyil, həm də təhlükəsizliyinin, psixoloji sağlamlığının və sağlam mühitdə böyüməsinin nə qədər vacib olduğunu xatırladır. Lakin son dövrlər şiddət və zorakılıqla bağlı cinayət xəbərlərində isə yeniyetmələrin, hətta azyaşlı uşaqların adlarına daha çox rast gəlinir. Bu hadisələr uşaqlarda aqressiyanın hansı səbəblərdən yarandığı, ailə və məktəb mühitinin onların davranışlarına necə təsir etdiyi suallarını gündəmə gətirir.
Azərbaycan Sosial İş İctimai Birliyinin sədr müavini, sosial işçi Tural Mirzəyevlə bu və digər məsələləri müzakirə etdik.
Müsahibəni təqdim edirik.
1. Son illərdə uşaqlar və yeniyetmələr arasında aqressiv davranışların artdığını müşahidə edirik. Sizcə, bu davranışların əsas səbəbləri nələrdir?
Bu gün 20 noyabr Ümumdünya Uşaq Hüquqları Günüdür. Bu günün əsas məqsədi uşaqların hüquqlarına diqqət çəkmək, onların müdafiəsini gücləndirmək və hər bir uşağın təhlükəsiz, sağlam və ləyaqətli mühitdə böyüməsinin vacibliyini bir daha xatırlatmaqdır. Məhz bu baxımdan uşaqlar və yeniyetmələr arasında aqressiv davranışlar da diqqət yetirməli olduğumuz mühüm məsələlərdəndir.
İlk növbədə qeyd etmək istəyirəm ki, aqressiv davranışların yaranmasını yalnız bir səbəblə izah etmək düzgün deyil. Bu davranışlar ailə münasibətləri, sosial mühit, məktəb həyatı, həmyaşıdlarla münasibətlər, rəqəmsal məzmun və uşağın yaşadığı psixoloji çətinliklər kimi müxtəlif amillərin təsiri ilə formalaşa bilər.
Mənim fikrimcə, əsas məsələlərdən biri uşaqların emosional ehtiyaclarının vaxtında müəyyən edilməməsidir. Bəzən uşaq yaşadığı qorxunu, narahatlığı, məyusluğu, diqqət və sevgi ehtiyacını sözlə ifadə edə bilmir. Nəticədə bu hisslər davranış formasında özünü göstərir.
Digər mühüm amil zorakılığın uşağın həyatında normallaşmasıdır. Əgər uşaq ailədə, məktəbdə və ya ətraf mühitdə problemlərin qışqırmaq, təhqir etmək, hədələmək və fiziki güc tətbiq etməklə həll olunduğunu müşahidə edirsə, zamanla bu davranışları özü də mənimsəyə bilər.
Burada xüsusilə uşaqlara qarşı zorakılıq və istismar hallarını qeyd etmək istəyirəm. Çünki aqressiv davranışların arxasında bəzən uşağın məruz qaldığı fiziki, psixoloji və ya cinsi istismar, laqeydlik və digər travmatik təcrübələr dayanır. Belə hallarda aqressiya uşağın yaşadığı çətinlikləri ifadə etmək üsullarından birinə çevrilə bilər.
Ona görə də aqressiv davranış nümayiş etdirən uşağa yalnız davranış problemi olan biri kimi baxmamalıyıq. İlk növbədə onun nələr yaşadığını və hansı dəstəyə ehtiyac duyduğunu anlamağa çalışmalıyıq.
2. Uşaqlarda aqressiyanın formalaşmasında ailə mühitinin, valideyn münasibətlərinin və məktəbin rolu nə qədər böyükdür? Valideynlərin hansı davranışları uşaqlarda aqressiyaya səbəb ola bilər?
Ailə uşağın ilk sosiallaşma mühitidir. Uşaq ünsiyyət qurmağı, emosiyalarını ifadə etməyi, münaqişələri həll etməyi və digər insanlarla münasibət yaratmağı ilk növbədə ailədə öyrənir. Buna görə də ailə mühitinin uşağın davranışlarının formalaşmasında rolu olduqca böyükdür.
Valideynlərin uşağa münasibəti, ailədaxili ünsiyyət forması və evdəki emosional atmosfer uşağın davranışlarına birbaşa təsir göstərə bilər. Məsələn, uşağın davamlı olaraq təhqir edilməsi, digər uşaqlarla müqayisə olunması, fiziki cəzaya məruz qalması, hisslərinin nəzərə alınmaması və problemlərinin kiçildilməsi onun emosional vəziyyətinə mənfi təsir göstərə bilər.
Bəzən valideynlər uşağın davranışını düzəltmək məqsədilə ona qışqırır, hədələyir və ya fiziki cəza tətbiq edirlər. Lakin bu yanaşma uşağa problemləri dialoq yolu ilə deyil, güc tətbiq etməklə həll etməyi öyrədə bilər.
Ailə daxilində baş verən zorakılıq da xüsusi diqqət tələb edir. Uşaq birbaşa zorakılığa məruz qalmasa belə, valideynləri arasında baş verən münaqişələrin və zorakılığın şahidi olmaqdan təsirlənə bilər.
Məktəb mühiti də bu prosesdə mühüm rol oynayır. Bullinq, ayrı-seçkilik, sinif kollektivinə qəbul edilməmək, müəllim və şagird münasibətlərindəki problemlər uşağın davranışlarına təsir göstərə bilər.
Burada bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, uşağın davranışına görə bütün məsuliyyəti valideynin və ya məktəbin üzərinə qoymaq düzgün deyil. Biz uşağı ailə, məktəb, həmyaşıdlar və daha geniş sosial mühitlə qarşılıqlı əlaqədə qiymətləndirməliyik.
3. Aqressiv davranış nümayiş etdirən və ya hüquq pozuntusuna yol verən yetkinlik yaşına çatmayan uşaqlarla işə necə başlanılır?
Aqressiv davranış nümayiş etdirən uşaqlarla işə başlayarkən ilk növbədə davranışa deyil, uşağın özünə və onun həyat şəraitinə fokuslanırıq. Sosial işdə əsas prinsiplərdən biri uşağı etiketləməməkdir. Yəni uşağı törətdiyi hərəkətə görə bütövlükdə problemli, təhlükəli və ya dəyişməsi mümkün olmayan biri kimi qiymətləndirməməliyik.
İş prosesi ilkin qiymətləndirmə ilə başlayır. Bu mərhələdə uşağın ailə vəziyyəti, sosial münasibətləri, təhsil mühiti, psixoloji ehtiyacları, risk faktorları və mövcud resursları araşdırılır.
İlk görüşdə uşağı sorğu-suala tutmaq, törətdiyi hərəkətə görə mühakimə etmək və ya dərhal dəyişməsini tələb etmək düzgün yanaşma deyil. Əvvəlcə onun özünü təhlükəsiz hiss edə biləcəyi münasibət qurulmalıdır.
Daha sonra uşağın davranışının nə zaman, hansı şəraitdə və hansı hadisələrdən sonra ortaya çıxdığı müəyyənləşdirilir. Ailə münasibətləri, zorakılıq təcrübəsi, məktəbdə qarşılaşdığı çətinliklər və həmyaşıdları ilə münasibətlər qiymətləndirilir.
Növbəti mərhələdə uşağın ehtiyaclarına uyğun fərdi müdaxilə planı hazırlanır. Buraya fərdi görüşlər, psixoloji dəstək, ailə ilə iş, məktəblə əməkdaşlıq və zəruri hallarda digər mütəxəssislərə yönləndirmə daxil ola bilər.
Hüquq pozuntusuna yol vermiş yetkinlik yaşına çatmayan şəxslərlə işləyərkən də uşağın hüquqları, məxfiliyi və təhlükəsizliyi qorunmalıdır. Burada yalnız cəzalandırıcı yanaşma deyil, uşağın davranışına görə məsuliyyətini dərk etməsinə və cəmiyyətə yenidən inteqrasiyasına imkan yaradan bərpaedici yanaşmalar əhəmiyyətlidir.
4. Belə uşaqlarla işləyərkən ən çox hansı çətinliklərlə qarşılaşırsınız? Uşağın etimadını qazanmaq və onu cəmiyyətə yenidən inteqrasiya etmək nə dərəcədə çətindir?
Bu sahədə qarşılaşdığımız əsas çətinliklərdən biri uşağın mütəxəssisə etimad göstərməməsidir. Çünki bəzi uşaqlar həyatlarında dəfələrlə böyüklər tərəfindən məyus edilib, dinlənilməyib, zorakılığa məruz qalıb və ya özlərini müdafiəsiz hiss ediblər. Belə uşaqlardan ilk görüşdə açıq ünsiyyət qurmağı, hisslərini bölüşməyi və mütəxəssisə etibar etməyi gözləmək real deyil.
Peşəkar fəaliyyətim zamanı hər zaman müşahidə edirəm ki, uşağın reabilitasiyası yalnız onunla fərdi söhbətlər aparmaqdan ibarət deyil. Uşağın ailəsi, sosial mühiti və ətrafındakı insanların münasibəti də bu prosesə ciddi təsir göstərir.
Şəxsi iş təcrübəmdən bir nümunə qeyd etsəm - çalışdığım müəssisəyə müraciət edən ailələrdən biri ilə ilkin görüş zamanı ana ilə söhbət aparılmış, ailədaxili münasibətlər, uşağın vəziyyəti və dəstək ehtiyacları qiymətləndirilmişdi. Növbəti mərhələdə uşağın reabilitasiya prosesinə cəlb olunması və fərdi dəstək planının hazırlanması nəzərdə tutulurdu. Lakin digər valideynin də prosesdə iştirakını təmin etmək mümkün olmadı. Bu vəziyyət bir daha göstərdi ki, uşağın reabilitasiyasında ailənin əməkdaşlığı olduqca vacibdir.
Bəzən uşağın ehtiyaclarını qarşılamaq üçün yalnız onunla deyil, valideynlərlə də işləmək, ailənin məsuliyyətini gücləndirmək və təhlükəsiz mühitin yaradılmasına nail olmaq lazımdır.
Uşağın etimadını qazanmaq üçün səbir, ardıcıllıq və etibarlı münasibət əsas şərtlərdir. Uşağa verilən söz tutulmalı, onun şəxsi sərhədlərinə hörmət edilməli və hissləri mühakimə olunmadan dinlənilməlidir.
Cəmiyyətə reinteqrasiya isə daha uzunmüddətli prosesdir. Uşağın yalnız aqressiv davranışının azalması kifayət deyil. Onun məktəbdə, ailədə və həmyaşıdları arasında özünü qəbul olunmuş hiss etməsi, sosial bacarıqlarının inkişafı və müsbət münasibətlər qurması da vacibdir.
5. Sosial şəbəkələrdə yayılan zorakılıq görüntüləri, aqressiv oyunlar və rəqəmsal məzmun uşaqların davranışlarına necə təsir edir?
Rəqəmsal mühit artıq uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib. Buna görə də sosial şəbəkələrin və rəqəmsal məzmunun uşaqların davranışlarına təsirini ciddi şəkildə nəzərə almalıyıq.
Zorakılıq görüntülərinin davamlı nümayişi uşaqlarda zorakılığa qarşı həssaslığın azalmasına səbəb ola bilər. Uşaq tez-tez fiziki zorakılıq, təhqir, təhdid və alçaldıcı davranışlarla qarşılaşdıqda bunları adi münasibət forması kimi qəbul etməyə başlaya bilər.
Digər tərəfdən, sosial şəbəkələrdə zorakılıq görüntülərinin paylaşılması və həmin görüntülərin çoxsaylı baxış və bəyənmə toplaması da ciddi problemdir. Bəzən uşaqlar diqqət çəkmək, sosial qrupda qəbul olunmaq və ya özlərini güclü göstərmək üçün aqressiv davranış nümayiş etdirə bilirlər.
Kompüter oyunlarına gəldikdə isə, bütün aqressiv oyunların uşaqları zorakı etdiyini söyləmək düzgün olmaz. Təsir oyunun məzmunundan, uşağın yaşından, oyun müddətindən, emosional vəziyyətindən və ailə mühitindən asılı olaraq dəyişə bilər.
Fikrimcə, əsas problem uşağın rəqəmsal məzmunla nəzarətsiz və tənqidi düşüncə formalaşdırılmadan təmasda olmasıdır. Valideynlər uşağın telefonunu sadəcə əlindən almaqla problemi həll edə bilməzlər. Onlar uşağın hansı məzmuna baxdığını bilməli, gördükləri barədə onunla danışmalı və alternativ fəaliyyətlər yaratmalıdırlar. Uşaqlara media savadlılığı və rəqəmsal təhlükəsizlik vərdişləri də aşılanmalıdır.
6. Aqressiv uşağı sadəcə tərbiyəsiz və ya problemli kimi qiymətləndirmək nə dərəcədə doğrudur? Bəzən aqressiyanın arxasında uşağın ifadə edə bilmədiyi hansı problemlər dayanır?
Mən belə yanaşmanı doğru hesab etmirəm. Çünki uşağı sadəcə tərbiyəsiz və ya problemli adlandırmaq onun davranışının səbəblərini araşdırmağa mane olur. Sosial işin əsas prinsiplərindən biri insanı yalnız nümayiş etdirdiyi davranışla qiymətləndirməməkdir. Biz davranışın arxasında dayanan sosial, psixoloji və ailəvi amilləri müəyyən etməyə çalışmalıyıq.
Bəzən aqressiv davranışın arxasında uşağın yaşadığı fiziki və ya emosional zorakılıq, cinsi istismar, ailədaxili münaqişələr, valideyn itkisi, laqeydlik, bullinq, sosial təcrid və təhlükəsizlik hissinin olmaması dayana bilər.
Məsələn, məktəbdə digər uşaqlarla tez-tez münaqişəyə girən bir uşağı təsəvvür edək. İlk baxışda onun davranışı intizamsızlıq kimi görünə bilər. Lakin mütəxəssis qiymətləndirməsi zamanı məlum ola bilər ki, həmin uşaq uzun müddətdir həmyaşıdları tərəfindən təhqir olunur və özünü müdafiə etmək üçün aqressiv reaksiyalar göstərir.
Digər bir ehtimal isə uşağın evdə və ya başqa bir mühitdə zorakılığa məruz qalmasıdır. Uşaq bunu açıqlamağa qorxa, utanа və ya yaşadıqlarını sözlə ifadə edə bilməyə bilər. Nəticədə onun davranışında kəskin dəyişikliklər, əsəbilik və aqressiya müşahidə oluna bilər.
Məhz buna görə də istismarın əlamətlərini tanımaq olduqca vacibdir. Uşağın qəfil davranış dəyişiklikləri, insanlardan qorxması, müəyyən şəxslərdən uzaqlaşması, izahı olmayan xəsarətlər, yaşına uyğun olmayan seksual davranış və ya ifadələr, sosial təcrid və davamlı narahatlıq kimi əlamətlər diqqətlə qiymətləndirilməlidir. Bu əlamətlərin heç biri təkbaşına istismarı sübut etmir, lakin mütəxəssis qiymətləndirməsinə ehtiyac yarada bilər.
Onu da qeyd edim ki, uşağın yaşadığı çətinlikləri anlamaq onun başqalarına qarşı zorakılığını qəbul etmək demək deyil. Biz həm uşağın ehtiyaclarını nəzərə almalı, həm də onun davranışına görə məsuliyyət daşımasını təmin etməliyik.
7. Valideynlər övladlarında aqressiya müşahidə etdikdə hansı hallarda mütəxəssisə müraciət etməlidirlər? Hansı əlamətləri diqqətdən kənarda qoymaq olmaz?
Valideynlər ilk növbədə aqressiv davranışın nə qədər tez-tez baş verdiyinə, hansı şəraitdə yarandığına və uşağın gündəlik həyatına necə təsir etdiyinə diqqət yetirməlidirlər. Hər bir uşağın müəyyən yaş dövründə əsəbiləşməsi, etiraz etməsi və emosional reaksiyalar göstərməsi normal inkişaf prosesinin bir hissəsi ola bilər. Lakin bu davranışlar davamlı, intensiv və uşağın sosial münasibətlərinə zərər verən xarakter aldıqda mütəxəssis dəstəyi vacibdir.
Valideynlər uşaqlarında emosional dalğalanmalar, qəfil əsəbilik, qapanma, aqressiya və ya davranış dəyişiklikləri müşahidə etdikdə ilk növbədə məktəbin psixoloqu ilə əlaqə saxlaya bilərlər. Eyni zamanda uşaq psixoloquna və ya müvafiq psixi sağlamlıq mütəxəssisinə müraciət etmək məqsədəuyğundur.
Burada vacib məqam odur ki, valideynlər mütəxəssisə müraciəti uşağın cəzalandırılması və ya damğalanması kimi qəbul etməsinlər. Bu, uşağın ehtiyaclarını vaxtında müəyyən etmək və daha ciddi problemlərin qarşısını almaq üçün mühüm addımdır.
Sonda qeyd etmək istərdim ki, uşaqların müdafiəsi hər birimizin məsuliyyətidir. Valideynlər uşaqları ilə daha çox ünsiyyət qurmalı, onların emosional vəziyyətinə diqqət yetirməli və davranışlarında baş verən dəyişiklikləri görməzdən gəlməməlidirlər.
Aqressiya, qorxu, qapanma və digər emosional dəyişikliklər müşahidə olunduqda məktəb psixoloquna və ya uşaq psixoloquna müraciət etmək vacibdir. Eyni zamanda, uşaqlara qarşı zorakılıq və istismar əlamətlərini tanımağı bacarmalıyıq. Belə hallarda uşağı günahlandırmaq deyil, onu dinləmək, təhlükəsizliyini təmin etmək və müvafiq qurumlara məlumat vermək lazımdır.
Azərbaycanda 2010-cu ildən fəaliyyət göstərən 116111 Uşaq Qaynar Xətt Xidmətinə həm zorakılıq və hüquq pozuntuları ilə bağlı, həm də sadəcə məsləhət və dəstək almaq üçün müraciət etmək mümkündür. Həmçinin Daxili İşlər Nazirliyinə, yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalara və ixtisaslaşmış yerli QHT-lərə müraciət edilə bilər.
Bu istiqamətdə Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Tut Əlimdən Uşaq Reabilitasiya Mərkəzi də uşaqlara reabilitasiya və dəstək göstərir.Milli.az