XOCALI FACİƏSİ- Divara mismarlanıb doğranan uşaqlar, anasının kürəyində güllələnən körpələr..

1992-ci  il...25-dən 26-na  keçən  gecə..

O dəhşətli  gecənin şahidləri danışır:

Xocalı sakini Mehriban Əliyeva  :

-Ermənilər əvvəlcə yandırıcı  maddələrlə  evlərə  hücum etdilər, dörd tərəfimiz ermənilər idi. Hamımız əliyalın əhali başı açıq, lüt qaçmağa başladıq. Həmin faciədə elə ailələr oldu ki, yatdığı yerdə ailəlikcə  yandılar. 

Qanlı gecədə qar qılınc kimi adamı kəsirdi. Naəlac qalan Xocalı sakinləri özlərini Qarqarçaya vurub Kətik meşəsinə girdilər. Qaraqayada postlar quran ermənilər sakinlərin meşəyə  girdiyini  görən kimi hamımızı atəşə  tudular. Yaşlı, qoca baxmadılar. Yaralı qalan körpələr qarın içində donub öldülər. Öldürdüklərinin də meyitlərinə  işgəncələr verirdilər. Yaşlı qadının sinələrin kəsdilər, ər və arvadını məftilə sarıyıb "Qarabağ Ermənistan"dır deməyə məcbur etdilər, demədiklərinə  görə  onları  yandırdılar. Tikə - tikə  doğrayırdılar uşaqlarımızı. Yaralı qalan 9 yaşlı uşağı divara mismarlayıb doğradılar, ətini itin qabağına atdılar.

Mənim böyük bacım Səlimov Nənəşi, 3 oğlu və 2 gəlinini əsir götürüblər. Həmin vaxt bacımın oğlu anasına deyib ki,  "bizə  işgəncə  verəndə çığırmayın ki, oğlumdu. Sizə də toxunarlar". Ailəlikcə bacımın gözü qabağında 3 övladını doğramışdılar. Bir bacımın 14 yaşlı  qızı meşədə itkin düşdü, tapılmadı. Yoldaşımın qohumlarından xalası, əmisi oğlanları şəhid oldu. Oğlum qorxudan xəstəlik tapdı.

O vaxtlar camaat qohumlarının heç olmasa bir qolu,  qıçı  üçün nəzir qoyurdu ki, ölüsünü dəfn edib ziyarət etsin,  təsəlli tapsın.

Mehriban Bəkirova:

(Mehriban Bəkirova 4 körpəsi ilə  həmin gecə ermənilərə əsir düşüb. Həyat yoldaşı  isə Xocalı aeroportunu müdafiə edərkən qəhrəmancasına şəhid olub. Xocalı sakini yenicə  dünyaya gələn 3 günlük körpəsini də həmin gecə itirib.)

-Fevral  ayının  26-sı  günü ermənilərə əsir düşdük. Ermənilər  bizi zirzəmidə tapdılar. Viktoriya adlı  bir jurnalist orada olduğuna görə, bizə toxuna bilmədilər. Viktoriya gedəndən sonra isə  bizə yenə  zülm etməyə  başladılar. Qız- gəlinlərimizə  təcavüz etdilər. Mən övladlarımla 10 gün əsirlikdə qaldım.

Səidə Ələkbərova:

-Fevralın 25- i gecə biz qardaşımgilin maşın saxlama yerində  gizlənmişdik. Saat 9-da atışma başladı. Saat 11 radələrində isə səslər gücləndi  və  biz  gördük ki, kənd alışıb yanır.  Qaynatam qışqıraraq gəldi ki,  ermənilər kəndə  girib. Özü də yaralanmışdı.  Biz kəndin aşağısına getdik. Çünki Xocalıdan çıxmağı fikirləşmirdik. Aranın sakit olmağını gözləyirdik. Bir neçə  saat sonra isə Qarqarçayını keçib  Kətik meşəsi ilə Ağdama getmək istədik. Bir yandan təbiət, bir yandan da ermənilər...

Qarqarçayda  anamı kürəyində keçirdim. Birtəhər yolu keçdik, gəldik Naxçıvanik kəndinin yoluna. Qəfildən ermənilər bizi tanklarla atəşə  tutdular. Mən  yuvarlanıb  dağın döşündən arxa düşdüm. Bu vaxtı da anamı itirdim. Atılan güllə anama dəyib və anam şəhid oldu. 

Biz arxın iç ilə sürünməyə başladıq ki,  ermənilərin bizə  sarı  gəldiyini gördük. Üzləri gülürdü,  ayaqları ilə  meyitləri təpikləyirdilər, hətta biri meyitin başını avtomata keçirib yanımıza gəldilər. Bu vaxt yanımızdakı uşaqlar bu səhnədən qorxub ağlaşmağa başladılar. Bunu eşidən ermənilər də üstümüzə  tökülüşdülər. Bizi avtomatla döydülər, donuz ferması  adlanan yerə  apardılar. Kimin nəyi vardısa hamısını əllərindən aldılar.  Biz yaylıqla üzümüzü bağlayırdıq ki, onlar cavan qız, gəlin olduğumuzu görməsinlər.

Onlar üçün qoca, cavan, uşaq fərqlənmirdi.

3 gündən sonra isə aramızdan 10 nəfər seçib öldürmək adıyla apardılar. Mən də önə çıxdım ki,  məni  də öldürsünlər. Amma dəyişməyə apardılar, bizi həmin an qorxudurdular. Hər əsir gəldikcə şükür edirdim ki, mənim qardaşım, anam əsirlərin içində  yoxdur.

Yoldaşım, qaynatam və  qaynanamın meyiti martın 19-u bizə  verildi. Bir bacımın qızı, 2 bacımın oğlundan xəbər çıxmadı. 18 il sonra rus jurnalistinin kadrları yayımlananda biz şəkildə bacımın uşaqlarını gördük. Yenə də şükür elədim ki, əsir düşməyiblər. 3 gün əsirlikdə olan əzabımı 18 il yaşamadıqları üçün şükür etdim. Bir bacımın bir oğlu və qızı şəhid oldu,  bir bacım yoldaşı ilə  şəhid oldu. Sayanda 40 dan çox qohumum şəhid olub. 27 il keçsə  də o gecə 27 saat keçməmiş kimi bir faciədir mənim üçün.

Nərgiz Abbasova (Çingiz Mustafayevin kadrlarında yer alan Ləfixanım)

-Mən onda balaca idim. Məni böyük bacım kürəyində  daşıyıb. Bacımla meşədə  azdıq,  meyitlərin üstünə çıxmışdıq. Hələ də unuda bilmirəm həmin səhnəni. Qış aylarında o günləri yenidən yaşamış kimi oluram. Meşədə  ac olduğum üçün çox ağlayırdım,  bacım bir yolluq sakitləşdirirdi məni. Amma biz yol tapa bilmirdik, meşədə  elə  hey fırlanırdıq.  Həm yorğunluq, həm uşaqlıq, həm qorxu...

Sonra ermənilər bizi meşədə  tapdı. Atamı gözümün qabağında döydülər. Qadınların gözü qarşısında kişiləri bir tərəfə düzüb nə ki var döyürdülər.

O vaxtı mənim adım Ləfixanım idi. Biz artıq xəstəxanada olanda tibb bacısı mənim üçün nərgiz gülü gətirdi,  dedi "bundan sonra sənin adın Nərgiz olsun". O vaxtdan da adım Nərgizdir.

Sevil Əbdülova:

-Xocalını  tanklar mühasirəyə  almışdı. Biz  Xocalını tərk etməyə başladıq. Qarqarçayı  keçəndə  dizə  qədər ayaqlarımız dondu. Biz oradan gəldik Kətik meşəsinə. Lakin tanklar susmurdu. Meşə ilə  birtəhər gəldik Naxçıvanik yoluna. O yola gələndə  artıq bizi  tapan ermənilər tankları ilə camaatı al- qana qərq etdilər.  Biz də yaralandıq, amma sağ  qaldıq. 13 yaşlı oğlum yaralamışdı, mənə dedi sən get. Dedim "Ceyhun, mən ölərəm səni  qoymaram burda". Biz iki gün meşədə  qaldıq. Ermənilər yenə  tapdı bizi. Çantamda pul, qızıl nəyim vardısa aldılar. Oğlum nə qədər yalvardı ki, get sən. Amma mən anayam, övladımı orada qoya bilməzdim. Yanımda avtomatla  bir qadın və  övladını  öldürdülər.

Dürdanə Məmmədova ( Xocalının son toyunun gəlini)

-Mənim toyum olan günü də atəş  səsləri  kəsilmirdi. Kənddə  dedilər ki, gəlin bir xoş  günümüz olsun. Yanvarın 18-də  toyumuz oldu. Nə vaxt "Vağzalı" səslənsə, öz toyum yadıma düşür.

Həmin gecə hamı kimi Qarqarçayından keçməyə  çaışmışdıq. Hərə  bir  vəziyyətdə idi: qolu, qıçı qırılan, başından zədə alan, çox acınacaqlı vəziyyət idi. Xocalıda olan vəhşilik heç bir yerdə  olmayıb.  Uşaq, qoca körpələrə çox zülm edirdilər. Ağsaqqalların saqqalı öz qanına boyanmışdı. Biz  öz toyumuzu  edəndə  düşündük ki, bu şadlığımız axarınca olar. Daha bilmədik ki,  biz evimizdən, obamızdan, yurdumuzdan didərgin düşəcəyik.

Mənim toyumdan olan bir şəklimi tapdım. O da toyda fotoqraf öz aparatını  bir müddət sonra bizə  gətirdi,   şəkillərimizi göstərdi.  Boşqab əlində  tutan Dürdanə yoldaşımın əmisi  qızıdı,  amma o, əsir düşdü. Qardaşı ilə  8 gün əsirlikdə  qaldı. Onlara nə qədər zülm etmişdilər.

Bizim oğlanlarımız deyirdi ki,   sonuncu  silahımız olsa belə, sonuncu  gülləni  bacımıza vuraq qoy,  əsir düşməsin. Namusumuz qeyrətimiz əsir düşməsin. Əsir düşən qız və  gəlinlərimizə zülm olundu, meyitlərin başına oyun açırdılar.

Atam və  anam vətən həsrəti ilə  dünyadan köçdü.

xxx

"Olaylar" qəzeti olaraq bu 3 həftə ərzində, Xocalı  şahidlərinin söhbətini  siz oxuculara təqdim etdik. Xocalı sadəcə adda soyqırım deyil. Xocalı sözlərə sığmayan vəhşilikdir. Həmin gecə ailələr məhv oldu, uşaqlar yetim,  analar, atalar övladsız qaldı. Bütün bunlar bir qış gecəsi külfətini başına toplayıb, bir parça çörəyini yeyib isti yuvasında oturan günahsız insanların həyatına son qoydu. Xocalı  sakinlərinin dili ilə desək, 29 il keçməyi  heç  nəyi  dəyişmir. Hər danışanda, hər qış günündə 25-dən 26-na keçən gecənin o qışqırıq səsləri eşidilir, o qorxuları yenidən yaşanılır. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq, hər 26 Fevral tarixi bizim təqvimimizdə qara hərflərlə  yazılacaq.

Gülər Seymurqızı

 Qeyd: Xocalı  şahidlərinin söhbəti  müxtəlif KİV -dən götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31