Erməni lobbisi və Avropa parlamentləri: Yeni siyasi gərginlik dalğası ÖZƏL

Aprelin 16-da Niderland və Belçika parlamentlərində Bakı əleyhinə qərəzli sənədlər qəbul olunub. Sənədlərdə erməni separatçılarının azad edilməsi və "soyqırımı"nın tanınması kimi tələblər irəli sürülür ki, bu da sülh prosesinə zərbə kimi qiymətləndirilir.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlam verib:
" Təbii ki, Ermənistan diasporası dayanmır, erməni lobisi dünyanın hər nöqtəsində bacardığı qədər anti-Azərbaycan, anti-Türk addımlarını davam etdirməyə və hətta mümkün olduğu halda genişləndirməyə səy göstərir. Bu son hadisələrdə Niderland və Belçikada müzakirəyə çıxarılan sənədlərlə bunun bir göstəricisi kimi, bunun bir davamı kimi qəbul olunmalıdır. Çünki hazırkı situasiyada nə Niderlandın, nə Belçikanın dövlət maraqları anti-Azərbaycan qərarlar üçün uyğunluq təşkil edir. Niyə? Ona görə ki, Niderland və Belçika ayrı-ayrılıqda müstəqil dövlət olmaqla bərabər Avropanın bir parçasıdırlar və ümumiAvropa təhlükəsizliyində onlar da digər Avropa dövlətləri kimi iştirak edirlər və öz üzərlərinə düşən öhdəlikləri götürüblər. Belə olan halda, Rusiya ilə enerji asılılığının sona çatdırılması məsələsi varkən, İran ətrafında baş verən hadisələr davam edərkən, Avropanın Azərbaycan və Azərbaycanın tranzit olmaqla Mərkəzi Asiya alternativləri müzakirə edilərkən belə bir qətnamənin ortaya atılması təkcə bu iki dövlətin deyil, ümumiyyətlə Avropanın marağında olmayan bir məsələdir. Bu, onu göstərir ki, hər halda burada bir kənar görünməz maraq var, kənar əl var və bu da Cənubi Qafqaz sülh prosesini korlamağa yönələn və beləliklə bölgədə yenidən hansısa utopik şovinist erməni maraqlarını müdafiə etməyə yönəlib. Amma bunlar üçün təbii ki, artıq gecdir. Çünki bir vaxtlar Qarabağın işğalda olduğu bir reallıq var idi. O reallıqda həqiqətən də Azərbaycan üçün qorxulacaq bir nüans var idi ki, işğalın sona çatmaması reallığı mövcud idi. Zaman keçdikcə artıq erməni diasporasının da fəaliyyəti ilə Qarabağ məsələsinin hüquqi cəhətdən digər dövlətlərdə Ermənistanın lehinə tanınması və ya qərarların bu yöndə dəyişdirilməsi istiqamətində cəhdlər olurdu.
Amma işğal dövründə belə bir dəyişiklik olmadı. Bu gün işğal özü yoxdur, bu gün o separatçılar özləri həbsdədirlər, özləri cinayətkar kimi mühakimə olunurlar və dünyanın ən hüquqi cəhətdən inkişaf etmiş ölkələri belə bu reallıqları tanıyır. Ona görə də indi bu ürəkbulandırıcı hadisələrə ötəri baxmaq lazım olmasa da, qorxmaq da lazım deyil. Təbii ki, Azərbaycan dövləti bu hallara qarşı ayıqlığını qoruyur, lazımi cavablar verilib, lazımi etirazlar bildirilib, Azərbaycan Milli Məclisi də bu məsələni müzakirə edib və orada da lazım olan bəyanatları eşitmişik.
O ki, qaldı bu məsələnin sülh prosesinə kölgə salmasına, mən düşünmürəm ki, hazırkı Ermənistan hakimiyyəti yenidən xaricdə maliyyələşən bir qrup təşkilatların və ya şəxslərin maraqlarına uyğun olaraq hansısa utopik arzuların, revanşist arzuların arxasınca getsin. Hətta bu gün Ermənistanın baş naziri Paşinyan da açıqlayıb ki, biz Azərbaycanla qarşılıqlı olaraq bir-birimizi tanımışıq, tanıyırıq və biz sülhə doğru gedirik, sülh quruculuğu üzərində işləyirik. Azərbaycanda da niyyət və ruh eynidir, Azərbaycan sülh quruculuğunu inkişaf etdirmək siyasətindən çıxış edir və Cənubi Qafqaza sülh gətirməyə çalışır. Ona görə də hər iki tərəfdə eyni konsensus qaldıqca, sülh əsas prioritet olduqca bu kimi xırda məsələlər əlbəttə ki, buna zərər verə bilməyəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31