Azərbaycanın iqtisadi gücü hərbi potensialının möhkəmlənməsinə imkan yaradıb- ÖZƏL
10:46 Siyasət"Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi enerji strategiyası ölkənin taleyini dəyişdirdi. Azərbaycan Xəzər dənizinin enerji ehtiyatlarını beynəlxalq şirkətlərə açmaqla xarici sərmayələri cəlb etdi və qısa müddətdə regionun enerji mərkəzinə çevrildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Bu gün isə tamamilə fərqli mənzərə mövcuddur. Yoxsulluq səviyyəsi 5 faizə qədər azalıb, işsizlik minimum səviyyəyə enib, Azərbaycanın xarici borcu ÜDM-in təxminən 6 faizini təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanmış strateji valyuta ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Bu göstəricilər enerji gəlirlərinin səmərəli idarə edilməsinin nəticəsidir.
Ölkə rəhbərinin Bakı Enerji Həftəsindəki çıxışında xüsusilə vurğuladı ki, ölkələr neft və qaz ehtiyatlarının mövcudluğuna görə deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə görə qiymətləndirilməlidirlər. Azərbaycanın təcrübəsi göstərir ki, təbii sərvətlər düzgün idarə olunduqda onlar sosial rifahın yüksəlməsinə, infrastrukturun qurulmasına, təhsilin və səhiyyənin inkişafına, həmçinin dövlət təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Enerji gəlirləri hesabına güclü ordu qurulması da bu siyasətin mühüm nəticələrindən biri oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın iqtisadi gücü ölkənin hərbi potensialının möhkəmlənməsinə imkan yaratdı və nəticədə 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ermənistan üzərində tarixi Qələbə qazanıldı. Beləliklə, enerji strategiyası təkcə iqtisadi inkişafın deyil, həm də ərazi bütövlüyünün bərpasının əsas dayaqlarından birinə çevrildi".