Paşinyanın keçmiş müttəfiqi indi ona qarşı: Marukyandan sərt mesaj

Bir vaxtlar hakimiyyətlə əməkdaşlıq edən Edmon Marukyanın partiyası seçki öncəsi "Vətəndaş Müqaviləsi" ilə ittifaqı istisna edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanda parlament seçkilərinə qatılan "İşıqlı Ermənistan" partiyası hazırkı hakim "Vətəndaş Müqaviləsi" partiyası ilə əməkdaşlığı istisna etdiyini açıqlayıb.

Bu barədə partiyanın səlahiyyətli nümayəndəsi David Xajakyan Mərkəzi Seçki Komissiyasına sənədləri təqdim etdikdən sonra jurnalistlərə bildirib.

Qeyd edək ki, partiyanın sədri Edmon Marukyan vaxtilə Nikol Paşinyan hakimiyyəti ilə əməkdaşlıq etmiş, daha sonra isə hökumətdə xüsusi tapşırıqlar üzrə səfir vəzifəsində çalışmışdı. Sonradan o, hakimiyyətlə yollarını ayıraraq müxalif mövqeyə keçib.

Partiyanın proporsional siyahısına David Xajakyan daxil edilməyib. Siyahıya şəxsən Edmon Marukyan rəhbərlik edir.

Xajakyan bildirib ki, partiyanın şanslarını vətəndaşlar qiymətləndirməlidir. O iddia edib ki, "İşıqlı Ermənistan" son illərdə ölkənin siyasi və ictimai həyatında fəal iştirak edən qüvvələrdən biri olub.

Partiyanın baş nazir namizədi irəli sürməməsinə də münasibət bildirən Xajakyan deyib ki, onların əsas məqsədi parlament çoxluğu formalaşdırmaqdan çox, mövcud hakimiyyətin dəyişməsinə töhfə verməkdir.

Onun sözlərinə görə, parlamentə 4-5 siyasi qüvvənin düşəcəyi ehtimalı varsa, çoxsaylı baş nazir namizədlərinin irəli sürülməsi real siyasi məqsəd daşımır.

Qeyd edək ki, iyunun 7-də keçiriləcək seçkilər üçün indiyədək sənəd təqdim edənlər arasında hakim "Vətəndaş Müqaviləsi""Çiçəklənən Ermənistan""Güclü Ermənistan" bloku"Birlik Qanadları""Hamısına Qarşı" və digər partiyalar da var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31