Yeni prioritetlər: Suverenlikdən sistemli təsir gücünə – ÖZƏL
17:11 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasınin 82-ci sessiyasına müraciəti, əslində, Azərbaycanın çağdaş xarici siyasət fəlsəfəsinin konseptual konturlarını bir daha aydın şəkildə ortaya qoydu. Bu çıxış hesabat xarakteri daşımaqla birgə yeni mərhələnin də manifesti sayıla bilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, əgər öncəki dönəmlərdə Azərbaycanın xarici siyasəti daha çox suverenliyin təmininə, ərazi bütövlüyünün bərpasına yönəlmişdisə, bu gün həmin mərhələ geridə qalıb və yeni prioritetlər formalaşır. Həmin prioritetləri üç əsas istiqamətdə ümumiləşdirmək mümkündür: Birincisi, savaşsonradı diplomatiya və sülh arxitekturasını vurğulayaq. Azərbaycan savaşdan çıxmış ölkə olsa da, sülh gündəliyini diktə edən aktora çevrilməkdədir. Ermənistanla münasibətlərdə ticarət elementlərinin ortaya çıxması, güvənin tədricən formalaşması - bunlar bölgədə "yeni normallaşma"nın əsas cizgiləridir. İkinci vurğumuz, qlobal təşəbbüskarlıq və çoxtərəfli fəallıqla bağlıdır.
Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində liderlik təcrübəsi, beynəlxalq platformlarda fəal iştirakı artıq formal diplomatiyadan funksional diplomatiyaya keçidin göstəricisidir. Bakı yalnız iştirakçı sayılmamalıdır, çünki o, gündəm formalaşdıran mərkəzə çevrilir. Üçüncüsü, iqtisadi-diplomatik sintez və yumşaq güc strategiyasıdır. Enerji təhlükəsizliyi, daşıma-logistika layihələri və Dayanıqlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər Azərbaycanın iqtisadi uğurlarını siyasi təsir alətinə çevirir. Bu, klassik diplomatiyadan fərqli olaraq, "iqtisadi diplomatiya üstəgəl yumşaq güc" modelidir.
Ekspert qeyd edib ki, konkret olaraq Orta Dəhliz və Zəngəzur mövzusuna gəldikdə isə bu, coğrafiyadan taleyə keçidi işarələmiş olur. Orta Dəhliz və Zəngəzur artıq, daşıma layihələrindən daha irəli - geosiyasi kodlardır. Bu layihələrin önəmini anlamaq üçün bir önəmli məqamı vurğulamaq lazımdır: tarixən coğrafiya taleyi müəyyən edirdi; budur indi Azərbaycan coğrafiyanı taleyə çevirir.
a) Orta Dəhliz Gündoğarla Günbatar arasında alternativ və təhlükəsiz marşrut kimi qlobal ticarət xəritəsində yeni balans yaradır. Bu isə Azərbaycanın tranzit ölkədən strateji qovşağa çevrilməsi deməkdir.
b) Zəngəzurdan keçəcək dəhliz həm iqtisadi, həm də bir sivilizasiya xəttdir - yəni Türk dünyasını fiziki olaraq birləşdirən damar rolunu oynayır. Bax, bu, regional inteqrasiyanın yeni mərhələsidir.
c) bu layihələr fonunda Azərbaycanın geosiyasi çəkisi "regional aktor" səviyyəsindən "kəsişmə nöqtəsi olan güc mərkəzi" səviyyəsinə yüksəlir. Yəni Bakı artıq təkcə bölgədən daha üstün - Avrasiya məkanında qərarların formalaşdığı məkana çevrilir.
"Beləliklə, bugünkü Azərbaycan artıq öz təhlükəsizliyini təmin edən dövlət olmaqdan savayı, bölgənin və daha geniş coğrafiyanın sabitliyinə töhfə verən, iqtisadi, siyasi prosesləri istiqamətləndirən aktordur. Bu anlamda, Prezidentin çıxışında səslənən fikirlər bir daha təsdiqləyir ki, Azərbaycanın xarici siyasətində yeni mərhələ başlanıb. Bu,
öz suverenliyini təmin edən dövlətdən - təsir edən dövlətə keçid mərhələsidir. Belə bir keçid isə siyasi iradə ilə birgə strateji düşüncənin və milli inkişaf modelinin də məntiqi nəticəsidir", - deyə türkoloq vurğulayıb.
Dövlətimiz zaval görməsin!
Səidə Ramazanova