Uşaqların davranışındakı dəyişikliklər: Texnologiya, yoxsa zəif nəzarət? - ÖZƏL
15:42 Sosial"Burada əsas səbəblərdən biri, şübhəsiz ki, yeni informasiya-kommunikasiya texnologiyalarının geniş yayılmasıdır. Bu texnologiyalar artıq hər kəs üçün əlçatandır, o cümlədən uşaqlar üçün. Bu isə uşaqların tərbiyəsində ənənəvi olan "ailə-məktəb" tandeminə üçüncü bir faktorun daxil olması deməkdir."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Əvvəllər belə texnologiyalar olmadığı üçün ailə və məktəb uşağın tərbiyəsi və təhsili prosesində daha koordinasiyalı və sinxron fəaliyyət göstərə bilirdi. Bu səbəbdən də uşaqlar arasında radikal və ya arzuolunmaz davranışlara nadir hallarda rast gəlinirdi. Lakin bu gün informasiya texnologiyaları həmin balansı pozan ciddi təsir amilinə çevrilib. Üstəlik, bu sahəyə nəzarət etmək olduqca çətinləşib.
Saatlarla, bəzən isə günlərlə onlayn platformalarda vaxt keçirən uşaqların psixoloji vəziyyətində dəyişikliklər baş verir. Bu isə onların davranışlarına birbaşa təsir edir və bəzi hallarda arzuolunmaz, hətta təhlükəli davranışlara gətirib çıxarır.
Bunun qarşısını almaq məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, peşəkar pedaqoqlar tərəfindən irəli sürülən bəzi təkliflər mövcud qanunvericilikdə tam əksini tapmır. Məsələn, müəllimin şagirdə qarşı ən elementar intizam tədbirləri görməsi belə məhdudlaşdırılıb. Müəllimin səsini qaldırması belə bəzən problem kimi qiymətləndirilir. Bu isə praktikada müəllim və məktəbin səlahiyyətlərinin azalmasına gətirib çıxarır.
Nəticədə müəllim müəyyən mənada çərçivəyə salınır və öz pedaqoji metodlarını tam tətbiq etməkdə çətinlik çəkir. Digər tərəfdən, sosial media da bu prosesə mənfi təsir göstərir. Məktəbdə baş verən ayrı-ayrı hadisələr bəzən şişirdilmiş formada yayımlanır və bu da ümumi təhsil sistemi haqqında yanlış təsəvvür yaradır. Belə hallar mənfi nümunələrin geniş yayılmasına səbəb olur.
Bu problemlərin qarşısını almaq üçün qanunvericilik və yanaşmalar daha balanslı şəkildə formalaşdırılmalıdır. Müəllimin nüfuzu və səlahiyyəti artırılmalı, məktəbin tərbiyəvi rolu gücləndirilməlidir. Çünki müəllimin əsas məqsədi şagirdə zərər vermək deyil, onu öyrətmək, inkişaf etdirmək və düzgün istiqamətləndirməkdir.
Əks halda, mövcud vəziyyət dəyişməz qalarsa, bu tip problemlərin artması qaçılmaz olacaq və nəticədə bundan zərər görən bütün cəmiyyət olacaq."
İbrahim Məmmədli