Pandemiya dünyada qanunsuz miqrantların vəziyyətini daha da ağırlaşdırıb
Yeni növ koronavirus xəstəliyinin (COVID-19) dünya dövlətləri qarşısında yaratdığı çağırışlar və insanların gündəlik həyatlarına gətirdiyi məhdudiyyətlər son dövrlər ən çox müzakirə edilən, həlli axtarılan mövzulardandır.
27 Avqust 2020 18:35 SosialYeni növ koronavirus xəstəliyinin (COVID-19) dünya dövlətləri qarşısında yaratdığı çağırışlar və insanların gündəlik həyatlarına gətirdiyi məhdudiyyətlər son dövrlər ən çox müzakirə edilən, həlli axtarılan mövzulardandır. COVID-19 pandemiyası bütün dünyada yeni situasiya və çoxsaylı çağırışlar yaradıb. Hər bir sahə kimi miqrasiya, miqrantlarla işin təşkili də pandemiya dövrünün qaydalarına uyğunlaşdırılıb. Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyir ki, Azərbaycanın COVID-19 dövründə miqrasiya idarəçiliyi ümumi olaraq əksər ölkələrin yaxşı təcrübələri ilə uyğunluq təşkil edir, bununla belə özünün spesifik xüsusiyyətləri ilə fərqlənir. Onun sözlərinə görə, ölkəmizdə COVID-19 dövründə miqrasiya sahəsində də çevik, şəffaf və səmərəli idarəçilik modeli qurulub: "Belə ki, Azərbaycan Respublikasında koronavirus infeksiyasına ilk yoluxma faktının qeydə alındığı 28 fevral 2020-ci il tarixdən sonra qısa müddət ərzində yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış dayandırılıb, ölkə daxilində xüsusi karantin tədbirləri tətbiq edilib, daxili yerdəyişmə məhdudlaşdırılıb. COVID-19 dövründə miqrasiya sahəsində ortaya çıxan əsas suallar ölkədə olan miqrantların hüquqi vəziyyəti, onların müracitələrinə baxılması və digər narahatlıqlarının aradan qaldırılması ilə bağlı görüləcək tədbirlər barədə idi. Ölkədə yaşama icazələri əsasında yaşayan miqrantların hüquqi vəziyyəti nisbətən stabil olsa da, Azərbaycana viza əsasında və ya vizasız qaydada gələn, ölkə ərazisinə giriş-çıxışa tətbiq edilən məhuduiyyət ilə əlaqədar geri qayıda bilməyən və ya qayıtmaq istəməyən əcnəbilərin hüquqi statuslarının qeyri-müəyyənliyi narahatlıq doğuran məsələlərdən idi. Pandemiyanın ortaya çıxdığı ilk vaxtlarda miqrasiya sahəsində beynəlxalq təcrübə formalaşma mərhələsində idi və aidiyyəti təşkilatlar da tövsiyələrini vermək üçün prosesi izləyir, yaxşı təcrübələri təhlil edirdilər. Vəziyyət isə vaxt itirmədən qərarların qəbul olunmasını tələb edirdi. Həmin dövrdə Azərbaycan miqrasiya siyasətini əcnəbilərin maksimum rahatlığı, inzibati prosedurların, demək olar ki, sıfıra endirilməsi və elektronlaşmanın geniş təşviqi üzərində qurdu. Azərbaycanla digər dövlətlər arasında sərnişin daşımaları məhdudlaşdırıldıqdan sonra, xüsusilə qonşu dövlətlər öz vətəndaşlarının keçidi üçün dövlət sərhədlərini xüsusi şərtlərlə açıq saxladılar, digər dövlətlər isə çarter reysləri təşkil etdilər. Bu müddətdə müxtəlif səbəblərdən öz ölkələrinə qayıtmaq istəməyən əcnəbilərin ölkədə qalma müddəti giriş-çıxışa qoyulan məhdudiyyətlər aradan qaldırılanadək uzadıldı və bunun üçün əlavə sənəd istənilmədi. Başqa sözlə, heç bir əcnəbi ölkədən çıxmağa məcbur edilmədi və bunun üçün onların hər hansı inzibati prosedurlardan keçməsi tələb olunmadı".
Xidmət rəisi bildirir ki, əcnəbilərin ölkədə olmasının və yaşamasının leqallaşdırması tədbirlərinin, ümumi olaraq miqrasiya xidmətlərinin xüsusi karantin rejimi çərçivəsində həyata keçirilməsinin ən səmərəli yolu elektron xidmətlərdən geniş istifadə oldu: "COVID-19 dövrünün təbii nəticələrindən biri də elektron xidmətlərə olan tələbatın kəskin artması və elektron xidmətlərin daha da təkmilləşdirilməsinə olan ehtiyacın daha açıq ortaya çıxmasıdır. Dövlət Miqrasiya Xidməti tərəfindən pandemiyanın ilk günlərindən əcnəbilərə göstərilən elektron xidmətlər mövcud tələbata uyğunlaşdırılmış və yenilənmiş, həmçinin tələb olunan bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi təmin edilmişdir. Qeyd etmək istərdik ki, elektron xidmətlərə çıxış, həm də Xidmət tərəfindən hələ 2018-ci ildən istifadəyə verilmiş və vətəndaş məmnunluğunun təmin olunmasına yönəlmiş "MigAz" mobil tətbiqi vasitəsilə də mümkündür. Ötən dövr ərzində Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi elektron xidmətlərdən əcnəbilərin rahat istifadəsinin təmini, eləcə də mövcud vəziyyətlə əlaqədar müvafiq prosedurlar barədə ictimaiyyətin vaxtında və dolğun məlumatlandırılması diqqət mərkəzində saxlanılmışdır. Belə ki, elektron xidmətlərdən istifadə qaydaları və Xidmət tərəfindən həyata keçirilən işlərlə bağlı müxtəlif dillərdə maarifləndrici və məlumatlandırıcı vəsaitlər, o cümlədən videotəlimatlar hazırlanmış, sosial şəbəkələr də daxil olmaqla kütləvi informasiya vasitələrində yayımlanaraq hədəf qruplarına çatdırılmışdır. Qeyd edilənlərlə yanaşı, Xidmətin 3 dildə (Azərbaycan, ingilis və rus) 24 saat fasiləsiz fəaliyyət göstərən 919 Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilmiş və göstərilən xidmətin daha da təkmilləşdirilməsi məqsədilə funksional imkanlar artırılmışdır. Bu gün də Çağrı Mərkəzi tərəfindən müraciətlər dərhal, zərurət olduqda isə araşdırıldıqdan sonra cavablandırılır, məlumatlandırma və məsləhət xidməti göstərilir, həmçinin şikayətlərin (məlumatların, təkliflərin) qəbulu və yönəldilməsi həyata keçirilir. Çağrı Mərkəzi ölkə xaricindən gələn zənglərə də açıq olmaqla yanaşı, bu dövrdə gücləndirilmiş rejimdə fəalyyətini davam etdirir. Həmçinin, Çağrı Mərkəzi tərəfindən Xidmətin rəsmi internet səhifəsinin "Online bələdçi" xidmətinə, "WhatsApp" əlaqə vasitəsinə və sosial şəbəkə hesablarına fiziki və hüquqi şəxslərdən daxil olmuş müxtəlif məzmunlu müraciətlər cavablandırılır. Maarifləndirmə və məlumatlandırma tədbirləri həyata keçirilərkən Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin 7 aprel 2020-ci il tarixində dərc etdiyi COVID-19 dövründə miqrantların insan hüquqlarına dair Tövsiyəsi də nəzərə alınır. Pandemiya nəticəsində yaranmış şəraitdə miqrasiya xidmətlərinin göstərilməsində səmərəli idarəçiliyin təmin edilməsi elektron xidmətlərimizin mövcud vəziyyətə sürətli uyğunlaşdırılması, çevik cavab və məlumatlandırma mexanizmlərinin hazırlanması, həmçinin qurumdaxili çevik icra prosesini təmin edən, "sıfır kağız" və "sıfır kontakt" prinsiplərinə əsaslanan elektron sistem ilə mümkün olub. Nəticə etibarilə müraciət edənlərdən aldığımız müsbət rəylər isə gələcəkdə bu sahəni daha da inkişaf etdirməyimiz üçün bizə əlavə stimul verib. 31 mart 2020-ci il tarixdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı COVID-19 dövründə üzv dövlətlərə qaçqınlar və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı əsas ismarıclarını çatdırdı. Burada COVID-19 dövründə sığınacaq verilməsi üçün müraciətlərin qəbulunun dayandırılmaması, hərəkət azadlığına tətbiq edilən məhdudiyyətlərin ixtiyari olmaması və ya hər hansı ayrı-seçkiliyə yol verilməməsi, pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərdə qaçqınların, məcburi köçkünlərin və digər qrupların unudulmaması əsas başlıqlar idi".
Vüsal Hüseynov qeyd edir ki, Azərbaycanda pandemiya dövründə qaçqın statusu əldə etmək üçün müraciətlər dayandırılmadı: "Sığınacaq axtaran şəxslərin müraciətlərinə baxılması təxirə salındı və onlara ölkə ərazisində qalmaq üçün verilən icazələrin müddəti uzadıldı. COVID-19-dan öncə qaçqın statusunun verilməsindən imtina edilən şəxslərin ölkədən çıxması tələb olunmadı və ya onlar məcburi şəkildə saxlama mərkəzlərinə yerləşdirilmədi. Qaçqınların və sığınacaq axtaran şəxslərin sosial ehtiyaclarını təmin etməsinin çətinliyi nəzərə alınaraq, Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaş cəmiyyəti institutları, o cümlədən "Miqrasiya Könüllüləri" İctimai Birliyi və digər iştirakçılarla birgə davamlı olan sosial yardım layihələrinin həyata keçirilməsinə başlanıldı. Həssas kateqoriyadan olan insanlara göstərilən yardımlar ölkəmizdə yaşanan həmrəyliyi və tolerantlığı bir daha nümayiş etdirmiş oldu. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında qaçqınlar və sığınacaq axtaran şəxslər üçün tibbi yardım pulsuzdur. Bu qəbildən olan insanların hər hansı digər ehtiyacları yarandıqda, Dövlət Miqrasiya Xidməti digər aidiyyəti dövlət orqanları ilə bu məsələləri əlaqələndirir. Beynəlxalq Əmək Təşkilatı 30 aprel 2020-ci il tarixdə COVID-19 pandemiyası dövründə əməkçi miqrantların hüquqlarının qorunmasına dair tövsiyələrini açıqladı. Sənəddə əməkçi miqrantların ən həssas kateqoriyaya aid olduğu göstərilərək onların düzgün məlumatlandırılması, ərzaq təhlükəsizliyinin təminatı, səhiyyə xidmətlərindən bərabər istifadə hüququnun tanınması bildirilmiş, miqrantlara qarşı ayrı-seçkiliyin və ksenofobiyanın artması, işdən qovulma, eləcə də ölkə hüdudlarından kənara çıxarma hallarına xüsusi diqqət yetirilməsi tövsiyə olunmuşdu. Bildiyiniz kimi Azərbaycanda əməkçi miqrantlar işəgötürənlər tərəfindən alınmış iş icazələri əsasında işləyirlər. Müqayisə üçün qeyd edilməlidir ki, 2020-ci ilin ilk altı ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə iş icazələrinin alınmasında 16% azalma müşahidə olunub. Azərbaycanda xüsusi karantin rejiminin tələbləri çərçivəsində bir sıra müəssisələrin fəaliyyətini müvəqqəti dayandırdığı və giriş-çıxışa tətbiq edilən məhdudiyyətin 5 aydan çox davam etdiyi nəzərə alındıqda, bu göstəricinin yaxşı hesab oluna biləcəyi qənaəti formalaşır. Hazırda iş icazəsi əldə edən əməkçi miqrantlar yerli əmək ehtiyyatlarının iddia etmədiyi vəzifələri tutan və əsasən əvvəlki illərdə bu icazə ilə təmin olunan və müddətin uzadılması üçün müraciət edən şəxslərdir. İş icazələri ilə bağlı hazırkı dinamika göstərir ki, mövcud pandemiya vəziyyətində ölkənin sosial-iqtisadi stabilliyinin qorunması üçün məhz dövlət tərəfindən görülmüş adekvat tədbirlər nəticəsində iqtisadi fəaliyyətdə dinamika saxlanılmış, bu isə əcnəbilərin müqayisəli baxdıqda məhdud sayda işdən çıxarılması ilə nəticələnmişdir. Belə halların məhdudluğuna təsir edən digər bir mühüm amil isə ölkədə mövcud olan səmərəli dövlət-özəl sektor tərəfdaşlığıdır. Bundan başqa, əmək müqaviləsinin müddəti uzadılmayan və ölkədə yaşama icazəsinin müddəti bitən əməkçi miqrantların və onların ailə üzvlərinin ölkədən kənara çıxarılması və ya onların qanunsuz miqrant statusuna düşməsi halı mövcud deyildir. Belə ki, Xidməti tərəfindən həmin əcnəbilərin ölkədə olma müddətinin uzadılması təmin edilib".
Xidmət rəisi bildirir ki, bu dövrdə hətta qanunsuz əmək fəaliyyəti ilə məşğul olması faktı müəyyənləşdirilmiş miqrantlar barəsində ölkə hüdudlarından kənara çıxarma tətbiq edilməyib, onların ölkədə yaşaması və statuslarının leqallaşdırılması üçün imkan yaradılıb. Pandemiya dünyada qanunsuz miqrantların vəziyyətini daha da ağırlaşdırmaqla bərabər, dövlətləri də görüləcək tədbirlər barədə seçim etməyə məcbur edib: "Qanunsuz miqrantların saxlanılması mərkəzlərində vəziyyətə nəzarət etmək, orada yerləşdirilmiş miqrantların virusa yoluxmasının qarşısını almaq prioritet məsələlərdən olub. Pandemiyanın nə qədər davam edəcəyi ilə bağlı dəqiq məlumat olmadığı üçün dövlətlərin qanunsuz miqrasiya ilə bağlı tədbirlər sahəsində dayanıqlı siyasət formalaşdırması da çətinləşib.
Füzuli