Pandemiya dövründə məcburi köçkünlərlə iş necə qurulub?

Bütün dünyanı bürüyən koronavirus pandemiyası hər bir ölkədə dövlət qurumlarını pandemiya qaydalarına uymaq, bu qaydalara uyğun şəkildə fəaliyyət göstərmək məcburiyyətində qoydu.

Bütün dünyanı bürüyən koronavirus pandemiyası hər bir ölkədə dövlət qurumlarını pandemiya qaydalarına uymaq, bu qaydalara uyğun şəkildə fəaliyyət göstərmək məcburiyyətində qoydu. Hər nə qədər belə bir vəziyyətdə fəaliyyət göstərmək dövlət qurumları üçün problemli olsa da, lakin hər bir qurum mövcud vəziyyətə uyğunlaşa bildi. Demək olar ki, hər bir dövlət qurumu pandemiya qaydalarına uyğun şəkildə öz fəaliyyətini qurdu. Fəaliyyətini pandemiya qaydalarına uyğun olaraq quran dövlət qurumlarından biri də Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsidir. Qurumdan bildirilib ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi koronavirus (COVID-19) pandemiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısının alınması üçün müəyyənləşdirilmiş mühüm və təxirəsalınmaz tədbirlərin icrasını təmin edir. Komitə öz işini dövlət başçısının bu məsələyə dair qərar və tapşrıqlarına, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tələb və göstərişlərinə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun qurur.

Komitənin sədrinin "Koronavirus (COVİD-19) zəminində yaranan xüsusi karantin rejimində Dövlət Komitəsinin fəaliyyətinin tənzimlənməsinə dair" müvafiq əmrinə əsasən, iş yerləri gigiyenik vasitələrlə, xəstəliyin ilkin əlamətlərini təyin edən texniki avadanlıqlarla təchiz edilib, komitənin balansındakı binalarda müntəzəm şəkildə müvafiq dezinfeksiya tədbirləri həyata keçirilir.

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları və komitənin balansında olan bütün yaşayış məhəllələrində və qəsəbələrdə kütləvi tədbirlər keçirilməsi müvəqqəti dayandırılıb, xəstəliyin yayılması riskinin qarşısının alınması üçün profilaktika, məlumatlandırma və maarifləndirmə işləri aparılır, koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlərin deyil, hər bir vətəndaşın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımlarının, görülən işlərə dəstəyinin vacibliyi bildirilir.

Komitənin yerli bölmələri sıx müvəqqəti məskunlaşma yerlərində məcburi köçkünlərlə müvafiq izahat işləri aparırlar. Mövcud şəraitlə əlaqədar olaraq, komitədə vətəndaşların fiziki qəbulu, müvəqqəti olaraq, dayandırılıb, bütün müraciətlər müasir rabitə-kommunikasiya vasitələrindən istifadə etməklə onlayn şəkildə qəbul edilir. Dövlət Komitəsinin rəhbər şəxsləri tərəfindən müntəzəm videoqəbullar təşkil olunur.

Karantin rejiminin tətbiqindən sonrakı müddət ərzindən Dövlət Komitəsinin sədri hər həftənin çərşənbə axşamı videoqəbul keçirərək əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyir, suallarını cavablandırır. Bu günə kimi komitə sədri hər həftənin çərşənbə axşamı videoqəbullar keçirib, əksəriyyəti məcburi köçkün olan vətəndaşlar görüntülü söhbət edib, onların müraciətlərini dinləyib, qaldırdıqları məsələlərə münasibət bildirib.

Komitə sədrinin müavinləri, aparat rəhbəri, şöbə müdirləri də qəbul cədvəli əsasında videoqəbullar keçiriblər. Bu videoqəbullar zaman vətəndaşlarla görüntülü telefon əlaqəsi yaradılıb, onların müraciətləri dinlənilib. Vətəndaşların bütün müraciətləri müvafiq qaydada rəsmiləşdirilib. Vətəndaşların müraciətlərinə diqqətlə və həssaslıqla baxılır, müraciətlərdə göstərilən məsələlərin həlli üçün zəruri tədbirlər görülür.

Xüsusi karantin rejiminin tətbiqi, insanlar arasında fiziki təmasın məhdudlaşdırılması ilə əlaqədar olaraq Dövlət Komitəsinin rəsmi "Facebook" səhifəsində "Virtual qəbul otağı" layihəsi keçirilib. "Virtual qəbul otağı"nda ilk canlı yayım martın 19-da təşkil edilib. Komitə tərəfindən atılmış bu addım məcburi köçkünlər tərəfindən rəğbətlə qarşılanıb. Belə ki, "Virtual qəbul otağı"nda keçirilən hər canlı yayımda məcburi köçkün onları maraqlandıran məsələlərlə bağlı Dövlət Komitəsinin məsul əməkdaşlarına suallarını ünvanlayıb. Bundan başqa, vətəndaşlardan bir çoxu səhifənin rəy bölməsinə müraciət yazıb. Müraciətlərin bir qismi canlı yayımda səsləndirilib və cavablandırılıb. Müraciətləri araşdırma tələb edən vətəndaşlara isə araşdırmadan sonra məlumat verilib.

Koronavirus pandemiyası ilə əlaqədar yaranmış fövqəladə şəraitdə, karantin rejiminin davam etdiyi, iş yerlərinin müvəqqəti bağlandığı, sosial təcridin vacibliyi ilə əlaqədar əhalinin böyük əksəriyyətinin evdə qaldığı bir vaxtda Dövlət Komitəsi xüsusi sosial qayğıya ehtiyacı olan məcburi köçkünləri müəyyənləşdirib və onlara maddi yardım göstərilməsini təmin edib. Karantin rejimi müddətində komitə tərəfindən məcburi köçkün ailələlərinə ərzaq payı verilib. Həmçinin Nazirlə Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq, 65 yaşdan yuxarı vətəndaşları küçəyə çıxmasına qadağa qoyulması ilə əlaqədar, Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən məcburi köçkün qəsəbələrində yaşı 65 yuxarı olan və tənha yaşayan şəxslər, həmçinin aztəminatlı ailələr müəyyənləşdirilib və onlara yardım edilib. Onu da qeyd edək ki, komitəyə sosial şəbəkə və elektron poçt vasitəsi yardım üçün edilən müraciətlər də dərhal nəzarətə alınıb və müvafiq tədbirlər görülüb.

Eyni zamanda, koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə paytaxtda və bölgələrdə məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində dezinfeksiya işləri həyata keçirilir.

Dövlət başçısının göstərişlərinin, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tələblərinin icrası komitə rəhbərliyi tərəfindən şəxsən nəzarətdə saxlanılır.

Dövlət Komitəsindən qeyd edilib ki, amansız bəşəri təhlükəyə çevrilmiş koronavirus pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən mübarizə tədbirlərini məcburi köçkünlər də dəstəkləyir və xalqımızın sağlanmlığının qorunmasına, təhlükəsizliyinin təmin olunmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıq bildirirlər. Dövlət başçısının tövsiyəsi ilə məcburi köçkünlər mənzillərdə qalmaqla sosial təcrid və karantin rejimi qaydalarına əməl edirlər.  Bu çərçivədə məcburi köçkünlər üçün Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində salınmış yeni yaşayış kompleksində Azərbaycan Televiziyasının təşkilatçılığı ilə "Eyvana çıx" konsert proqramı reallaşdırılıb. Aprelin 29-dan etibarən günorta vaxtı qəsəbədəki binalardan birinin eyvanından ətrafa  xoş musiqi sədaları yayılıb. Karantin rejimi dövründə həftədə üç dəfə canlı yayımlanan və geniş tamaşaçı rəğbəti qazanmış "Eyvana çıx" layihəsi geniş ilgi görüb. Konsert proqramında "Qarabağ" mahnısı tamaşaçıları xəyalən doğma torpaqlara aparıb. Konsert onu öz eyvanlarından izləyən məcburi köçkünlərdə sevinc hissi, xoş təəssürat yaradıb. Onlar xalqımızın mədəni-mənəvi dəyərlərindən olan muğamlarımızın bir gün işğaldan azad edilmiş yurd yerlərimizdən bütün dünyaya yayılacağına əminliklərini ifadə ediblər.

Dövlət Komitəsi, ölkədə tətbiq olunan xüsusi karantin rejimində geniş populyarlıq qazanmış "Eyvana çıx" konsert proqramının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksində təşkil etdiyinə görə, Azərbaycan Televiziyasına minnətdarlıq bildirib.

Xatırladaq ki, Kürdəxanıda məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksi ötən ilin aprelində istifadəyə verilib. Buradakı doqquzmərtəbəli 15 binada 810 məcburi köçkün ailəsi yerləşdirilib. Kompleksdə məktəb və uşaq bağçası, o cümlədən digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları var.

Bundan başqa Dövlət Komitəsi ötən müddət ərzində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərdə də dezinfeksiya işləri həyata keçirib. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə paytaxtda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində dezinfeksiya tədbirləri davam etdirilib.

Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi paytaxt ərazisində məcburi köçkünlərin sıx məskunlaşdığı bütün bina və tikililərdə dezinfeksiya işlərinin aparılması üçün  Səhiyyə Nazirliyinə, "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi"nə, şəhər və rayon icra hakimiyyətinə müraciət edib.

Komitə aparatının müvafiq şöbəsi və yerli sektorlar dezinfeksiya işlərinin gedişini diqqətə saxlayır, məcburi köçkünlərin bu məsələ ilə bağlı hər bir müraciətinə həssaslıqla yanaşır, zəruri tədbirlər həyata keçirirlər. İndiyədək Bakı şəhərinin bütün rayonlarında məcburi köçkünlərin sıx məskunlaşdığı bina və tikililərdə dezinfeksiya işlərinin aparıldığı bildirilir. Dezinfeksiya işləri  ümumi istifadə yerlərində, girişlərdə və onların ətrafında, məişət tullantılarının atıldığı konteyner meydançalarında aparılıb.

Bundan başqa, xəstəliyə yoluxma hallarına yol verilməməsi və infeksiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məcburi köçkünlərdən Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə və özünütəcridə əməl etmək, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək vermək tövsiyə edilir.

Onu da xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr  tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası"nın 6-cı bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdırıldığı binaların saxlanılması, təmiri, bərpası ilə əlaqədar məsələlər həmin binaların balansında olduğu idarə, müəssisə, təşkilatlar, habelə yerli şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31