Kafelərimizdə niyə qəbzlər rusca, qiymətlər “Dubayca” dır?.. Tural İrfan etiraz etdi
25 Avqust 2020 19:03 Sosial
Ölkədə bəzi kafe, restoran və müəssisələrdə ödəniş qəbzlərinin rus dilində yazılması cəmiyyətdə etiraza səbəb olub. Bir neçə gün əvvəl Milli Məclisin üzvü Sabir Rüstəmxanlı da bir şəkil yayımlayaraq poçtda rus dilində yazılmış qəbz haqda tənqidi fikirlər səsləndirmişdi. Anoloji hadisə ilə qarşılaşan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Ziyalılar Mərkəzinin sədri Tural İrfan bu haqda nəvbəti tənqidi fikirlərini səsləndirib. O qeyd edib:
"Bir neçə gün öncə iki ziyalı dostumla şəhərdə görüşdük və çay içmək qərarına gəldik. 28 May metrosu ətrafında olduğumuz üçün Dəmir Yolu stansiyasının ətrafında tikilmiş kompleksin daxilindəki təmiz havada çayxanada əyləşdik, bir çaynik sadə çay içdik. Qalxarkən 5 manat tələb etdilər və qəbz vermək istəmədilər. Böyük təkidlə qəbz aldıq. Baxdıq ki, qəbz yarı rusca yazılıb. Habelə belə bir yerdə bir çaynik çay 5 manat! Bu, xalqı talamaqdır, soymaqdır, cəmiyyəti təbəqələrə bölməkdir. Adətən vağzal kimi yerlərdə əksinə, qiymətlər ucuz olmalıdır. Bütün məkanların əksəriyyətində çay 1 manatdır. Bu nə Allahsızlıqdır. Etiraz edəndə də adamı təhqir edirlər ki, pulun yoxdusa içmə... Buna kim nəzarət edir, ora kimin ata-baba mülküdür? Kimə babasından qalıb ki, dədəsinin qiymətini qoyur çaya? Belə özbaşınalıq olar?
Azərbaycan Respublikasının dövlət dili ruscadırmı ki, qəbzi rusca verirlər, etiraz edəndə də adamı təhqir edirlər ki, "çuşkadır, rusca bilmir". Yoxsa rus dili ölkədə gizli şəkildə müstəsna hüquq qazanıb bizim xəbərimiz yoxdur? Hansı gizli qruplar, hansı oliqarx məmurlardır xalqa belə maddi, mənəvi divan tutan? Onun dilini tikə-tikə edən, 1 manatlıq çayı 5 manata sırıyıb, özünü də təhqir edib alçaldan?
Belə zülmlərə haçan son qoyulacaq? Heç dünyanın ən bahalı restoranlarında, ən bahalı ölkələrində, Dubayda, Amerikada, İngiltərədə belə şey yoxdur. Mən bilmirəm o obyektlərə nəzarəti və mülkədarlığı kim, hansı feodal həyata keçirir, amma aidiyyatı qurumlara səslənirəm ki, bu zülmü dayandırın, lütfən."