Sahibkarlar yetərincə məsuliyyət hissi nümayiş etdirəcək

Azərbaycan dövləti bütün situasiyalarda iş adamları, sahibkarlara dəstək olub, onların problemlərinin həlli istiqamətində zəruri addımlar atıb. Bütün dünyanı bürüyən koronavirus pandemiyası ərəfəsində də biz bunun şahidi olduq. Bu gün də dövlətin bu sahəyə dəstəyi davam edir. Ancaq sahibkarlar, iş adamları da gərək öz fəaliyyətlərini sağlam mühitdə qursun və dövlətə dəstək olsunlar. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti Ilham Əliyev də avqustun 24 - də yeni təyin etdiyi icra başçıları ilə keçirdiyi videoqəbulda bu məsələyə diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır:" Sahibkarlar da, öz növbəsində, dövlətin vergisini qəpiyinə qədər ödəməlidirlər. Burada kölgə iqtisadiyyatına yol verilməməlidir, ikili mühasibat olmamalıdır. Əgər olarsa bu sahibkarlar məsuliyyətə cəlb edilməlidir və eyni zamanda, bu gün hələ də ağır vəziyyətdə yaşayan insanlara kömək göstərməlidirlər". Prezident bəzi rayonlarda sahibkarların incidilməsini də mənfi hal kimi qiymətləndirib: "Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onlar qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət tələb olunur, pay tələb olunur".

Məsələ ilə bağlı fikirlərini ifadə edən Milli Məclisin deputatı Anar Məmmədov deyib ki, sahibkarların yeni davranış qaydalarına əməl etməsi zəruridit: "Müasir dünyanın təşvişinə səbəb olan qlobal problemlər silsiləsində bu gün ön sırada koronavirus pandemiyası dayanır. Bu prosesin ən təhlükəli cəhəti həm də ondadır ki, o, qlobal səciyyə daşıyaraq, bütün bəşəriyyəti təhdid altına almışdır. Dünyanı bürüyən pandemiya, eyni zamanda, bütün dövlətləri, cəmiyyətləri dalğavari dəyişikliklər və iqtisadiyyatların zəifləməsi, işsizliyin artması, istehlak prosesinin zəifləməsi prosesləri ilə üz-üzə qoydu. Ölkəmizdə isə Azərbaycan Respublikası Prezidentinin operativ tədbirləri, istər tikinti sektorunda, istər sosial sahədə, istərsə də kənd təsərrüfatı, eləcə də işsizlərlə bağlı müavinətlərin artırılması və digər məsələlərlə sürətli, olduqca sistemli qərar və tapşırıqları karantin rejiminin gücləndirilməsi, infeksiyanın qarşısının alınması istiqamətində görülən tədbirlər bütünlükdə əhəmiyyətli və sistemli dinamikaya malik oldu".

Deputat bildirib ki, pandemiya ilə mübarizədə əsas amil olan iqtisadiyyatın dayanıqlılığının təmini və müvafiq səmərəli sosial addımların atılması həyati önəm daşıyır:"Azərbaycan dövləti bu istiqamətdə çox təsirli tədbirlər görmüşdür. 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib. Dövlət sektorunda çalışan məcburən işləməyən 900 min insan dövlət tərəfindən əməkhaqqı almışdır. 760 min insana lazımi maliyyə dəstəyi göstərilməsi nəticəsində onların iş yerləri qorunub. Altı yüz min işsiz, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olanlara dövlət qayğısı sayəsində artıq bir neçə ay ərzində 190 manat müavinət verilib. Reallaşan sosial dəstək davam etdirilir və avqust ayında da bu müavinət ayrılır. Bu dövrə diqqət etdikdə aydın görünür ki, sadalananlar görülmüş işlərin yalnız bir hissəsidir. COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə hökumətin fərqli istiqamətlərdəki addımları daha da intensivləşib. Cəmiyyətdə bu məsələ ilə bağlı vətəndaşların, iş adamlarının prosesdə fəal iştirak etməsinə səsləyən çağırışlar üstünlük təşkil edir. Bütün bunlara baxmayaraq, pandemiyanın nə zaman azalacağı və ya bitəcəyi barədə məlumatların verilməsi hələ də mümkün deyil. Xəstəliyin qarşısının alınmasında hələlik yeganə vasitə olan özünütəcrid prosesi nə qədər sürətlənərsə, onun qarşısının alınması da asanlaşar. Bu işdə sahibkarların, iş adamlarının rolu isə xüsusilə qeyd edilməlidir. Bütün bunların fonunda onu qeyd etməliyəm ki, bu gün əhalinin sağlamlığı həm iqtisadi dayanıqlığın, həm də sosial rifahın təməli olduğu üçün ən böyük zərbəni dövlət öz üzərinə çəkib və nəticədə əhalinin sağlamlığının təhlükəsizliyi ciddi şəkildə qorunur. Hazırda pandemiya aradan qalxanadək əhalinin sağlamlığının qorunması dövlət siyasətində prioritetdir. Əfsuslar olsun ki, karantin rejiminin nisbətən yumşaldılmasından sonra vətəndaşlarımızın əksəriyyəti ictimai iaşə obyektlərində qoyulan qaydalara riayət etmək istəmirlər. Bununla əlaqədar, xüsusi karantin rejimi qaydalarına əməl olunmasına nəzarət məqsədilə Azərbaycan İqtisadiyyat Nazirliyi və onun tabeliyindəki qurumların işçiləri tərəfindən xüsusi monitorinq qruplarının iş və xidmət sahələrində, obyektlərdə və istehsal müəssisələrində sanitar-epidemioloji tələblərə uyğunluğu yoxlaması öz sosial məsuliyyətini aydın dərk edən Azərbaycan sahibkarlarına nəzarət mexanizminin gücləndirilməsi baxımından effektiv yoldur. Düşünürəm ki, bu məsələdə sahibkarlarımız həm yetərincə məsuliyyət hissi, həm də iqtisadiyyata dayaq durmaq əzmi nümayiş etdirir etdirəcəkıər".

Süleyman Ismayılbəyli

2

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31