İlham İsmayılov: “Ölkə qanunları hamı üçündür və onu pozanlar da layiqli cəzalarını almalıdırlar”

“Neçə gündür ölkə gündəmini Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin karantin dövründə olan toy mərasimi tutub.

"Neçə gündür ölkə gündəmini Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin karantin dövründə olan toy mərasimi tutub. Bu toyda iştirak edən şəxslərin bəziləri bir neçə il əvvələdək hökumətdə yüksək vəzifə tutmuş şəxslərdir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayllov səsləndirib. O, qeyd edib ki,  dünyanın pandemiya ilə mübarizə apardığı bir dönəmdə mart ayından başlayaraq ölkəmizdə də bu istiqamətdə ciddi tədbirlər görülür, sərt karantin tədbirləri nəticəsində yoluxmanın qarşısı alınır: "Məsuliyyətsiz davrananlar olsa da, ümumilikdə xalqımız Operativ Qərargahın təlimatlarına əməl edir, ağır durumda olsa belə buna dözməyə çalışır. Lakin təəssüf doğuran haldır ki, toplantıların, bütün tədbirlərin, toy və yas mərasimlərinin qadağan olunduğu bu karantin günlərində ölkə başçısının apardığı siyasətə zidd olaraq, qanunları heçə saymağa çaıışan, özünü qanun qarşısında məsulliyətdən kənar düşünən şəxslərə də rast gəlinir".

ATXƏM sədri hesab edir ki, bu şəxslərin isə dövlətdə yüksək vəzifə tutması, elmi titullarının olması onların mənəvi məsuliyyətini daha da artırır: "Cəmiyyəti isə mənəvi məsuliyyətlə yanaşı, yaşadığımız hüquqi dövlətdə həm də, inzibati və hüquqi məsuliyyət düşündürür. Həmin toyda iştirak edən şəxslərin bir çoxunun cərimə olunması, toy sahiblərinin 15 günlük həbs olunmaları göstərir ki, hamı kimliyindən asılı olmayaraq qanun qarşısında bərabərdir və məsuliyyətdən yaxa qurtara bilməz. Ölkə qanunları hamı üçündür və onu pozanlar da layiqli cəzalarını almalıdırlar".

--

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31