Postmodernizm cərəyanı: yeni dünya duyumu
29 İyul 2020 18:11 SosialQaragözova Elnarə
Fil.f.d.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Postmodernizm (fr. postmodernisme) termini ilk dəfə birinci dünya müharibəsi illərində R. Panviçin "Avropa mədəniyyətinin böhranı" (1914) əsərində işlədilmişdir. 1934 -cü ildə ədəbiyyatşünas F.de Onis "İspan və Latın Amerikası poeziyası antologiyası" kitabından bu termindən modernizmə əks reaksiyanı ifadə etmək üçün istifadə etmişdir. Qeyd etməliyik ki, postmodernizm fənlərarası statusa malik termindir. Belə ki, A. Toynbi onu kulturoloji anlamda işlətmiş, teoloq X. Koks dini, Y. Xabermas, Z. Bauman və b. politoloqlar isə siyasi termin kimi istifadə etmişlər. Postmodernizmin fəlsəfi-estetik əsasını poststruktalizm, postfreydizm, dekonstruktivizm, semiotika, neopraqmatika təşkil edir.
Postmodernizm tarix səhnəsinə çıxdığı gündən böyük səs-küyə, müzakirələrə səbəb olmuşdur. Hər bir tənqidçi, nəzəriyyəçi, yazıçı, oxucu onu öz başa düşdüyü kimi izah etməyə səy göstərmişdir. Bu bəlkə də postmodernizmin öz mahiyyətindən doğan bir haldır. Ümumiyyətlə, bu cərəyana baxış birmənalı deyil. Çox zaman bu fikirlər bir-birinə ziddiyyət təşkil edir. Bəzi ədəbiyyatşünaslar bu cərəyanı müsbət hal kimi qəbul edir, bəziləri isə bu cərəyanı mənfi baxımdan qiymətləndirir, ümumi dəyərlərə yönəlmiş bir meyl kimi qiymətləndirir. Azərbaycan ədəbiyyatında və ədəbiyyatşünaslığında da postmodernizmin əksi məsələsinə həm tənqidçilər, həm də yazıçılar müxtəlif cür yanaşırlar. Bir sıra ədəbiyyatşünaslarımız bu cərəyanı ədəbiyyatda yeni və mütərəqqi bir meyl kimi qiymətləndirirsə, bir qismi postmodernizmi ümumiyyətlə qəbul etmirlər. Eləcə də bəzi yazıçılar bu cərəyandan həvəslə istifadə edir, digərləri bu cərəyanı əks etdirməkdən qətiyyətlə imtina edir. Üçüncü bir qrup yazıçılar isə postmodernizmi tam yanlış şəkildə izah edir və istifadə edirlər. Onların fikrincə, postmodernizm çılpaqlığın, eybəcərliyin, açıq-saçıqlığın əksidir. Əslində isə postmodernizmin estetikası bunları rədd edir. O sadəcə ədəbiyyatda dekostruksiyanı, mətnin hakim mövqeyini, əvvəlki dəyərlərin yenidən dəyərləndirilməsini, arxetipik obrazların yeni baxışla əksini özündə ehtiva edir.
Postmodernizm və modernizm. Postmodernizm sözünün özünü çox zaman "moderndən sonrakı" kimi izah edirlər. Elmi ədəbiyyatda postmodernizmlə modernizmin əlaqəsi müxtəlif yönümdə izah olunur.
1. Postmodernizm Modernizmin əsas prinsiplərini tam ifadə edən son mərhələsidir.
2. Postmodernizm dünyanı dərketmə prinsipinə və reallığın bədii şəkildə qavranılıb əks etdirilməsi üsullarına görə Modernizmə əks olan cərəyandır.
3. Postmodernizm Modernizmlə heç bir əlaqəsi olmayan, özünəməxsus xarakterə, estetikaya və fəlsəfi bazaya malik müstəqil cərəyandır.
Postmodernizmlə Modernizmin fərqli cəhətlərindən bəhs edən Amerikalı alim İxaba Xassan məşhur müqayisə cədvəli ilə bunu əyaniləşdirmişdir.
Bir çox tədqiqatçıların fikrincə, postmodernizm bəşəriyyət tarixində tam yeni bir mərhələdir. Bu yeni mərhələdə yazı, kitab, müəllif ikinci plana keçir, elektron dünya, internet üstünlük təşkil etməyə başlayır. Bir zamanlar şifahi nitq yazıya məğlub olduğu kimi indi də yazı elektron dünyaya təslim olur. Postmodernizm nəzəriyyəsinin əsaslarına görə, insan hər an inkişafdadır. O daima ətrafını dəyişdirir və nəticədə özü də dəyişir.
N.V. Kireyevanın "Xarici ədəbiyyatda postmodernizm" əsərində postmodernizmin poetikasının əsas xüsusiyyətləri aşağıdakı kimi göstərilir:
- Yeni, hibrid ədəbi formaların meydana çıxması
- Sitatvari-parodik iki və daha çoxmənalılıq, paştizasiya
- Fraqmentallıq, montaj, kollaj, hazır ədəbi mətnin istifadəsi
- Rizomatika
- İstifadə olunan diskurslarda müəllifin səsinin qarışması
- Mədəni işarələr və simvollarla oyun
- Klassik obrazların parodiyası və onlara ironik münasibət
- Poststukturalizmin "dünya-mətn-kitab-lüğət-ensiklopediya-kitabxana-labirint" mədəni-fəlsəfi simvolikasından və onun variantlarından istifadə
- "ikiünvanlı" mətnin iki və çoxmərhələli təşkili.
Postmodernizm və manyerizm. XVI əsr Qərb ədəbiyyatının istiqamətlərindən biri olan manyerizm təbiət və insan, daxili və zahiri, maddi və mənəvi arasındakı harmoniyanın itirilməsi ilə və birləşə bilməsi qeyri-mümkün olanların birləşdirilməsi ilə xarakterizə olunur. Postmodernist poeziya ilə bağlı maraqlı faktlardan biri, Rus ədəbiyyatının postmodernist fenomeni də adlandırılan "Cəngavər manyerizm ordeni" poetik məclisi öz postmodernist fəaliyyətini manyerizm adlandırır. Bu orden XX əsrin 80-ci illərində meydana çıxaraq bu günümüzə qədər fəaliyyət göstərməkdədir. "Bu qızğın fəaliyyətin müvəffəqiyyətinin sirri müasir manyeristlərin öz oxucularına Rusiyada çoxdan unudulmuş təmiz incəsənət estetikasına əsaslanan ədəbiyyatın parodik versiyasını "ədəbiyyatı anlama"nın postmodernist tendensiyaları kontekstində təqdim etmələri ilə bağlıdır" (4). Qeyd edək ki, postmodernist şeir birliyinin bu termindən istifadə etmələri oxucuya qəribə görünə bilər. XVI-XVII əsrə aid olan bir cərəyanla postmodernizmin nə əlaqəsi ola bilər? U. Eko da manyerizmlə postmodernizmi paralelləşdirir: "Ümumən mənim fikrim budur ki, postmodernizm - heç bir ayrıca, müəyyən zaman kəsiyinə aid edilə bilməyən bir təmayüldür. Bu, necə deyim, daha çox mənəvi-ruhi bir kateqoriyadır, daha doğrusu, sənətə cəhd etmə, onun yolunda özünü fəda etmə üsuludur. Demək mümkündür ki, hər bir dövrün özünəməxsus postmodernist ovqatı olur, necə ki, hər bir dövrün özünün manyerizmi mövcuddur (belə deyək, məncə postmodernizm manyerizmin bir metatarixi kateqoriya kimi sadəcə addəyişməsidir) " (1). D. Zatonski "Postmodernizm tarixi interyerdə" adlı məqaləsində postmodernizmin qlobal və tarixüstü anlayış olması fikrini araşdırır və bu fikri əsaslandırmağa çalışır. Lakin D. Zatonski adı çəkilən məqaləsində bir məqamı da xüsusi qeyd etməyi vacib sayır: "Beləliklə, Ekonun "hər epoxanın öz postmodernizmi var" - sözlərinə ehtiyatla yanaşaraq onları bu və ya digər dərəcədə təxmini, məcazi anlamda qəbul etmək lazımdır. Hər şeydən öncə ona görə ki, öncəki "postmodernizmlər" həmişə yetərincə lokal hadisə olmuşlar. Yeni postmodernizm isə ilk dəfədir ki, öz qloballığı ilə seçilir və buna görə də bu anlayışı dırnaqda yazmağa ehtiyac yoxdur (3) Y. A. Yemelin isə Postmodernizmə belə qlobal bir fenomen kimi yanaşılmasının səbəbini izah edərək yazır: "Bu cür qənaət əsasən postmodernizmə yaradıcılığı zamanlarının hakim qaydalarına münasibətdə "marginal" xarakter daşıyan yazarların aid edilməsindən doğur" (2).
Məsələ burasındadır ki, tədqiqatçıların bir çoxu tərəfindən manyerizm sabit bir dövrə aid ədəbi istiqamət və ya cərəyan kimi deyil, tarixin müxtəlif dövrlərində meydana çıxan dünyagörüşü kimi xarakterizə edilir. Qeyd edək ki, postmodernizmlə bağlı da belə bir fikir mövcuddur ki, postmodernizm qlobal bir anlayışdır və hər tarixi dövrün öz postmodernizmi var.
Postmodernizm və manyerizmin ortaq cəhətləri
- Manyerizm klassik irsi imitasiya edir və onun təhrif edilmiş, istehza effektli yeni variantını təqdim edir.
- Postmodernizm də özündən öncəki irsə istinad edir, dekonstruksiya, oyun effektləri və ironiya ilə yanaşır.
- Hər iki cərəyan oxucunu qeyri-adi yanaşma, fərqli baxışla cəlb etməyə çalışır.
- Hər iki cərəyan özündən öncəki irsə istinad etməklə individual əsərlər təqdim edir.
Qeyd etdiyimiz kimi müasir dünya və Azərbaycan ədəbi nəzəri fikrində postmodernizmə münasibət birmənalı deyil. Bəzi mütəxəssislər və yazarlar bu cərəyanın müsbət yönümlü olmasını qeyd edərkən, digər bir qrup isə bunun anlaşılmaz, sənətdən uzaq "əllaməlikdən" ibarət, xalqın milli-mənəvi dəyərlərinə qarşı yönəlmiş təxribat xarakterli nəzəriyyə olduğunu qeyd edirlər. Postmodernizmə belə münasibət onun öz xarakterindən irəli gəlir. Çünki bu cərəyan açıq tələblər və formalar, qəliblər çərçivəsində fəaliyyət göstərmədiyindən onu hər kəs öz başa düşdüyü şəkildə, fərdi anlayış və qavrayış səviyyəsinə uyğun başa düşür.
Postmodernizmin məşhur tədqiqatçıları Bodriyar (Fransa), C. Vattino (İtaliya), C. Bart, İ. Xassan (ABŞ), M. Roz (Avstraliya), B.Qroys, V. Velş (Almaniya), V.V.Bıçkov, B.Yampolski, İ.P.İlyin (Rusiya) hesab edilir. Qeyd edək ki, bu cərəyanın tədqiqinə Azərbaycan alimləri də dəyərli töhfələr vermişlər. Bu sahədə Q.Quliyevin, E. Tahanın, N. Mehdinin və b. tədqiqatlarını qeyd edə bilərik. Postmodernizm dünya və eləcə də Azərbaycan ədəbi-bədii düşüncəsinə bir sıra yeni əsərlər və obrazlar gətirdi. Bu sırada C. Faulzun, C. Barnsın, U. Ekonun, C. Bartın, T. Pinçonun, K. Abdullanın, İ. Fəhminin, N. Kamalın, E. Hüseynbəylinin, S. Səxavətin, O. Fikrətoğlunun və b. yaradıcılığını qeyd etmək olar.
ƏDƏBİYYAT:
Eko U. Postmodernizm, ironiya və ləzzət//Yusifli C. Bədii mətnin sirləri. Bakı, Mütərcim, 1998.106 s. səh. 99 Емелин В. А. Лабиринты постмодернизма: идентификация ускользающего смысла// Научный информационно-аналитический, культурно-просветительный журнал Государство, религия, Церков в России и за рубежом. 2010 №3 стр. 65-75 Затонский Д. Постмодернизм в историческом интерьере.//Вопросы литературы №3, 1996, стр. 197 Ковалев П.А. Куртуазный маньеризм как постмодернистский феномен новой классики // Ученые записки Орловского государственного университета.№1 (64), 2015, стр. 147. Quliyev Q. Postmodernizm. Tənqid.net jurnalı 2008, № 5. səh. 7. Həbibbəyli İ. Elmilik və bədiilik: paralelliklərin vəhdəti. Ədəbiyyat qəzeti. 2010, 3 dekabr. s.4. Taha E. Postmodernizm və arxadan atılan daş. http://www.eyvaz.org/?p=421 Киреева Н. В. Постмодернизм в зарубежной литературе. М.; Флинта: Наука.2004. Философия: Энциклопедический словарь. - М.: Гардарики. Под редакцией А. А. Ивина, 2004.